ABŞ və Britaniyanın “Rusiya-Çin strategiyası”: Üçüncü dünya müharibəsinə doğru? - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 15:37 18 Mart 2021

ABŞ və Britaniyanın “Rusiya-Çin strategiyası”: Üçüncü dünya müharibəsinə doğru? - TƏHLİL

Birqütblü dünyanın dağılmasına yol vermək istəməyən Vaşinqton

2021-ci il başlar-başlamaz beynəlxalq aləmdə intensiv siyasi proseslərin şahidi olmaqdayıq. Britaniya və ABŞ-ın xarici siyasətlə bağlı yeni konsepsiyalarını ortaya qoymaları, Ukraynanın şərqində vəziyyətin gərginləşməsi, Rusiya və Çinin anqlosakson dünyası ilə intensivləşən münaqişəsi onu deməyə əsas verir ki, qarşıdakı illər heç də sakit keçməyəcək. Əksinə, dünyada yeni nizamın və yeni beynəlxalq əlaqələr sisteminin qurulması, 1945-1990-cı illərdəki ikiqütblü, 1990-1991-cı illərdən bir neçə il bundan əvvələ qədər davam edən birqütblü sistemlərdən sonra hazırda beynəlxalq münasibətlər sistemində regional lider dövlətlərdən ibarət çoxqütblü sistemin formalaşması hegemon planetar aktorlar arasında gələcək münaqişələrin labüdlüyündən xəbər verir.

ABŞ tarixində Rusiya liderinə qarşı sərt ifadə işlədən ilk prezident

 

Artıq iki gündür, bütün dünya mətbuatının və ekspertlərinin müzakirə etdiyi bir nömrəli mövzu Baydenin ABC telekanalına müsahibəsi zamanı Rusiya prezidenti haqqında dedikləridir. Müsahibədə jurnalistin sualını cavablandıran ABŞ-ın yeni prezidenti diplomatiyadan kənara çıxaraq, “soyuq müharibə” dövründə belə Kreml və Ağ evdə oturan liderlərin özlərinə rəva vermədikləri ifadədən istifadə edib:

Müxbir:

- Yəni, Vladimir Putini tanıyırsınız. Sizcə o qatildir?

Bayden:

- Hmm. Bəli.

Eyni zamanda ABŞ lideri Rusiyanın 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə cəhdlərinə görə cavab verəcəyini qeyd edib. C. Bayden jurnalistin Rusiya prezidentinin hansı nəticələrlə üzləşəcəyinə dair sualına "Siz tezliklə bunu görəcəksiniz" cavabını verib.

Müsahibədən dərhal sonra Rusiya Vaşinqtondakı səfirini məsləhətləşmələr üçün geri çağırıb və Moskvadakı ABŞ diplomatını Smolensk meydanındakı XİN binasına dəvət edib. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə ABŞ prezidenti Cozef Baydenin Putin barədə sözlərinə münasibət bildirərək, Baydenin sözlərini təhqiredici adlandırıb: “Baydenin Rusiya prezidenti Vladimir Putin haqqında söylədikləri Rusiya vətəndaşları üçün də təhqirdir. Bu, iqtidarsızlıqdan doğan isteriyadır. Putin bizim prezidentimizdir, ona edilən hücum ölkəmizə edilən hücumdur”.

Ümumilikdə, Bayden hakimiyyətə gələr-gəlməz Rusiyaya qarşı sanksiyaların sayı artmaqda davam edir. Dünən ABŞ-ın Ticarət Nazirliyi müxalif siyasətçi Aleksey Navalnını və Sergey və Yulia Skripalları zəhərləmə faktlarına görə Rusiyaya qarşı yeni ixrac məhdudiyyətləri tətbiq olunacağını bəyan edib. Bu barədə nazirliyin saytında bildirilir. Sanksiyalar 18 mart tarixindən - bu gündən etibarən qüvvəyə minir. Məhdudiyyətlər milli təhlükəsizliklə əlaqəli malların, habelə avadanlıqların, texnologiyaların və proqram təminatlarının ixracına tətbiq ediləcək.

ABŞ-Britaniya tandeminin  Rusiya və Çin planı

Bu gün hamını düşündürən bir sual var: Baydenin açıqlamasının qarşılığında Kreml hansı yollara əl atacaq və doğrudanmı, Ağ ev Rusiyaya qarşı “müharibə” elan edib. Eyni zamanda Britaniya və ABŞ-ın eyni anda Çin və Rusiyaya qarşı hazırladığı planlar gələcək dünya nizamı üçün nələr vəd edir?

Hazırda dünyanı maraqlandıran bu suallara cavab vermək üçün bu yaxınlarda elan olunan Britaniya və ABŞ-ın dünyaya baxışını ehtiva edən yeni konsepsiyaya nəzər salmaq lazımdır.

ABŞ  və Britaniyanın yeni xarici siyasət doktrinalarındakı vacib məqamlar

Martın əvvəllərində ABŞ milli təhlükəsizliyə dair illik strateji baxışını açıqlayıb. Sənəddə Çin yeganə rəqib adlandırılır, Rusiyaya isə dünyada destruktiv rol oynayan və qlobal təsirini artırmağa çalışan regional aktor kimi baxılır. Beləliklə, okeanın o tayının siyasi-hərbi-iqtisadi elitası yaxşı başa düşür ki, Rusiya ABŞ üçün başlıca təhlükədən daha çox, Şərqi Avropa və bir sıra digər bölgələrdə Vaşinqtonun maraqlarına qarşı təhdid yaradan aktor kimi çıxış edir. Əvəzində, Çin kifayət qədər ciddi iqtisadi potensiala malik olan və bəzi göstəricilərinə görə bütün dünyanı geridə qoyan beynəlxalq iqtisadi aktor kimi Vaşinqtonun əsl başağrısına çevrilib.

ABŞ-ın müttəfiqi Britaniya da gələcək illər üçün planlaşdırılan yeni hərbi-siyasi doktrinasını açıqlayıb. Bu yaxınlarda Britaniya parlamentində çıxış edən Baş nazir Boris Conson xarici və daxili siyasətlə bağlı ölkəsinin yeni doktrinasını elan edib. Sənəddə Boris Conson Çini Britaniya üçün sistem çağırışı, Rusiyanı isə, təhdid adlandırıb. Doktrinada Britaniyanın 2030-cu ilədək dövr üçün nəzərdə tutulmuş təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərini hərtərəfli nəzərdən keçirərək Rusiyanı öz təhlükəsizliyi üçün ən kəskin və təcili təhdid kimi qiymətləndirilib. Sənəddə qeyd edilir ki, Moskva Böyük Britaniya üçün kəskin və birbaşa təhdid olaraq qalmaqda davam edir və çox güman ki, Avropadakı fəaliyyətinin qısa müddətdə artması ehtimalı var. Doktrina müəllifləri Rusiyanın təsirlərinin azaldılması üçün Şərqi Avropa dövlətlərinə, ələlxüsus Ukraynaya Londonun dəstəyinin artırılmasının vacibliyini qeyd edirlər. Bundan başqa, sənəddə Britaniyanın xüsusən də Rusiyanın qonşuluğundakı ölkələrdə müstəqil mediaya “xəbər saxtakarlığı və dezinformasiya” ilə mübarizə çərçivəsində dəstək verməyə hazır olduğu bildirilir. Müəlliflər əmindirlər ki, böyük dövlətlər və "Rusiya, İran və Şimali Koreya kimi dövlətlərin fürsətcilliyi" arasındakı rəqabət beynəlxalq hüquq nizamının zəifləməsinə və ümumiyyətlə, dünyadakı təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsinə səbəb oldu.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İngiltərənin Rusiyanı özünün “ən böyük təhdid ünsürü” olaraq görməsini şərh edərkən “Qərb ölkələri liderlərinin Rusiya əleyhinə qarşıdurma meyllərinə görə təəssüflənirik, Moskva kiminsə düşməni olmayıb və deyil. Bütün ölkələrlə yaxşı əlaqələrin inkişafına tərəfdarıq”, - deyə bildirib. Keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Peskov deyib ki, İngiltərənin yeni müdafiə strategiyası yalnız təəssüf və narahatlıq doğura bilər: “İngilis mediasının yazdığına görə, prezident Vladimir Putinin rəhbərliyi altında Rusiya bu yeni sənəddə Böyük Britaniyanın təhlükəsizliyi üçün əsas təhdidlərdən biri kimi göstərilir. Bundan əlavə, İngiltərə nüvə başlıqlarının sayını 40% artırmağı planlaşdırdığını açıqlayıb. Bu tendensiya onu göstərir ki, Qərb ölkələrinin bir çox liderləri, təəssüf ki, ölkəmizi aktiv təhlükə, düşmən və s. kimi görürlər. Əlbəttə ki, belə münasibət həqiqətən yalnız təəssüf və hətta narahatlıq yarada bilər”.

Britaniyanın yeni doktrinası əgər Rusiyanı daha çox siyasi və hərbi təhdid təşkil edən tərəf kimi görürsə, Çini beynəlxalq iqtisadi nizama qarşı olan yeni çağırış kimi qələmə verir. Doktrinada Pekinə daha çox intellektual mülkiyyəti oğurlayan və iqtisadi təhlükəsizliyi təhdid etməyə çalışan rəqib kimi yanaşılır. Belə ki, London Çinin təsirinin artmasını müasir dünyada əsas geosiyasi çağırış adlandırır: “Şübhəsiz ki, Çin bizim kimi açıq cəmiyyət üçün böyük problemlər yaradacaqdır”. Bununla belə, Conson parlamentdəki çıxışında qeyd edib ki, Çinlə iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, iqlim dəyişikliyinə dair problemlərin həlli istiqamətində işbirliyi qurulacaq.

Maraqlı məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Britaniya Çinlə münasibətlərində uyğur probleminə toxunur. Britaniya Çindəki insan haqları məsələsini qabardacaqlarını və uyğurlara qarşı addımları soyqırımı kimi tanıyacaqlarının mümkünlüyünü qeyd edir.

Öz növbəsində, Leyboristlər tərəfindən təmsil olunan müxalifəti təmsil edən millət vəkilləri parlamentdə Boris Consonun Çinlə bağlı açıqlamasına şübhə ilə yanaşaraq, hökumətin Devid Kemeronun (David Cameron) baş nazirliyi dövründən bəri "inadkar sadəlövhlüyü" hələ də qoruduğunu qeyd etdilər. Ancaq hökumətin hazırkı rəhbəri bununla razılaşmayaraq, “Çinlə yeni “soyuq müharibə”yə və ya iqtisadiyyatımızı Çindən tamamilə təcrid etməyimizə çağıranlar düşünürəm ki, yanılırlar. Bir tarazlıq tapmalıyıq. Çinlə açıq əlaqəmiz olmalıdır” söylədi.

Sənəddə hərbi məsələlərə də xüsusilə yer verilir və nüvə başlıqlı raketlərin sayının artırılması əsas hədəf kimi qarşıya qoyulur. 114 səhifəlik  doktrinada açıq qeyd olunmasa da, Azərbaycan Ordusunun apardığı 44 günlük müharibənin nəticələri də əksini tapıb. Sənəddə yeni texnologiyaların inkişafına üstünlük veriləcəyinə, ənənəvi və bahalı hərbi texnikadan uzaqlaşacağına işarə edilərək vurğulanıb, yüksək texnoloji imkanların yaratdığı üstünlüklərlə pilotsuz təyyarələrdən (dron) və digər texnoloji imkanlardan yararlanmanın vacibliyi qeyd olunub.

Beləliklə, Cozef Baydenin Rusiya və Çinlə bağlı açıqlamaları, London və Vaşinqtonda qəbul edilən yeni xarici siyasət strategiyaları onu göstərir ki, indiki halda ABŞ-Britaniya tandemi üçün əsas iqtisadi rəqib olan Çin yaxın illər ərzində sıradan çıxarılmalı, ikili üçün geosiyasi problem yaradan Putin hakimiyyətinə qarşı isə hərtərəfli pressinqlərdən istifadə edilməlidir. Bu qarşıdurmanın üçüncü dünya müharibəsinə qədər gedib çıxa biləcəyini proqnozlaşdıranlar da yox deyil.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR