Ağdam məscidinin qarşısından dünyaya göndərilən mesajlar - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 11:29 25 Noyabr 2020

Ağdam məscidinin qarşısından dünyaya göndərilən mesajlar - TƏHLİL

Noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam şəhərinə səfər edib. İşğaldan azad edilmiş digər torpaqlarda olduğu kimi, Ağdamın da işğaldan azad edilməsindən sonra Prezident şəxsən Azərbaycan bayrağını yüksəldərək bu torpaqların Azərbaycan olduğunu göstərmiş oldu.

On illər idi ki, biz bu torpaqların qaytarılması ilə bağlı tələbimizi Ermənistan rəhbərliyi qarşısında qoymuşduq. Təəssüflər olsun ki, Ermənistan, onun arxasında olan ümumdünya erməni diasporu, eyni zamanda bu dövlətin havadarları rəsmi Bakının xəbərdarlıqlarını qulaqardına vurdular. Bu azmış kimi, beynəlxalq təşkilatlar və Minsk qrupunun üzvləri “münaqişənin müharibə yolu ilə həlli yoxdur” kimi bəyanatlar  verməklə Ermənistana himayədarlıq edirdi. Nəticədə, ordumuzun dəmir yumruğu düşməni və onun arxasında olanları reallığa qaytardı, dəmir yumruğun sayəsində Paşinyan kapitulyasiyaya getmək məcburiyyətində qaldı. Ali Baş Komandanımız Azərbaycan dövlət maraqlarının və xalqın iradəsini üstün tutaraq dediyini etdi. O, “Qarabağ Azərbaycandır!” dedi və işğal altındakı ərazilərimizi bir-bir geri qaytardı.

İndi Ağdam da azaddır. Ağdam həmişə Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından olub. Təsadüfi deyil ki, Pənahəli xan tərəfindən hələ 1738-ci ildən inşasına başlanılmış “Pənahəli xanın imarəti” adlanan tikili məhz bu şəhərdə yerləşir.

 

Ağdam ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar da bunu təsdiq edir. Üzərliktəpə Qafqazda ilk şəhər tipli yaşayış məskəni də hesab edilir. Qədim alban tayfalarından olan qarqarlar da Ağdam ərazisindəki Qarqar çayı boyunca yaşayıblar. Ağdam rayonunun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çıx əlverişlidir. Rayon, əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir.

Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Qarqarçay Xocalı şəhəri, Ağdam və Ağcabədi rayonlarının ərazisindən axaraq Kür çayına tökülür. İllik axımın 27%-i qar, 45%-i yağış, 28%-i isə yeraltı sular hesabına əmələ gəlir.

Xaçınçay Kəlbəcər, Ağdam Ağdərə və Bərdə rayonlarının ərazisindən axaraq Kür çayına tökülür. Qar, yağış və yeraltı sular hesabına qidalanır. Xaçınçay üzərində ümumi tutumu 23 mln.m3 olan su anbarı tikilib.

Ağdamda 15 mineral xammal yatağı mövcud idi ki, bunlar əsasən yeraltı içməli su, qeyri-filiz və inşaat materialları yataqları idi. Burada Qarqar çayının şirin su yataqları, Gülablı üzlük daşı, Boyəhmədli sement xammalı yatağı, Çəmənli gil, Qarqarçay və Xaçınçay qum-çınqıl yataqları böyük əhəmiyyət daşıyırdı.

Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Xındırıstan kəndində yerləşən Üzərliktəpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu kümbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. tarixi memarlıq abidələrindəndir.

Təəssüflər olsun ki, istər müasir Ermənistan Respublikasındakı qədim tikililərin, istərsə də Qarabağ bölgəsindəki müxtəlif abidələrin hər biri ermənilər tərəfindən talana məruz qalıb.

Çox sevindirici haldır ki, 44 gün davam edən, hərbçilərimizin dəmir yumruğunun yekunu olan diplomatik danışıqlar nəticəsində Ağdam bu il noyabrın 20-də erməni işğalından azad oldu.

Cənab Prezident Ağdama səfəri çərçivəsində həm erməni, həm də dünya ictimaiyyətinə bir sıra maraqlı ismarıclar göndərdi. “Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandır bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır”.

Bəli, 44 günlük müharibə dövründə Azərbaycan Ordusu Koçaryan, Sarkisyan ordusunu məhv etdi. Azərbaycan Ordusu məhz Koçaryan və Sarkisyanı diz çökdürdü. İndi onlar qalan miskin həyatlarını məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqlar.

44 günlük müharibə bütün dünyadakı ermənilərə, eləcə də uzun illər ərzində ədalətsiz mövqe tutan, Azərbaycan torpaqlarının işğalına göz yuman, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri heçə sayan dairələrə bir dərs oldu. Dövlət başçısı Ağdam məscidinin qarşısındakı çıxışında verdiyi bəyanatında onların hamısını ifşa etdi, kimin kim olduğunu söylədi.

Bəli, indi hamı bilməlidir ki, artıq XX əsr deyil. 1828-ci ildən Rusiya imperiyasının və sovetlərin köməyi ilə hər onilliklərdən, iyirmiilliklərdən bir Azərbaycan torpaqlarını zəbt edən erməni işğalçıları artıq heç vaxt öz məkrli məqsədlərinə çata bilməyəcəklər. Azərbaycan Ordusunun dəmir yumruğu onlara dərs oldu. Ermənistanda unutmamalıdırlar ki, indi üzərində gəzdikləri bütün torpaqlar tarixi Azərbaycan əraziləridir.  

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR