Azərbaycan BMT-nin və Təhlükəsizlik Şurası üzvlərinin üzərindəki ləkəni təmizləyir  - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 14:10 21 Oktyabr 2020

Azərbaycan BMT-nin və Təhlükəsizlik Şurası üzvlərinin üzərindəki ləkəni təmizləyir - TƏHLİL

Azərbaycan əks-hücum əməliyyatı həyata keçirərək işğal altında olan ərazilərini azad edir. Hərbi baxımdan məğlub olduğunu dərk edən Ermənistan və havadarları isə beynəlxalq hüquqdan, insan haqlarından, sülh danışıqlarının mühümlüyündən dən vurmağa başlayıblar.

Maraqlıdır, görəsən niyə beynəlxalq hüquq, sülh danışıqları indi bunların yadına düşdü? Niyə heç kəs təcavüzkar ölkənin beynəlxalq hüquqa hörmətsizliyinə və işğal etdiyi əraziləri azad etməkdən imtina etməsinə diqqət eləmək istəmir?

Niyə bu gün beynəlxalq hüququn aliliyi yadına düşənlər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin 27 ildir yerinə yetirilmədiyinə toxunmurlar? Sanki, ümumiyyətlə, yoxdur belə sənədlər, heç olmayıb da...

Beynəlxalq təşkilatların Qarabağ münaqişənin həllinə ikili standartla yanaşması göz önündədir. Yuqoslaviyada, Liviyada və digər bölgələrdə aksiyalar, böhranlar baş verən zaman BMT-nin qəbul etdiyi qətnamələrin hansı çevikliklə icra olunduğu bütün dünyaya bəllidir. Bəs, Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi niyə 30 ilə yaxındır, masa üzərində qalıb, icra olunmur?

BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 30 aprel 1993-cü il tarixində 822 saylı qətnamə qəbul edib. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verilməsini, Ermənistan qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb edir. 29 iyul 1993-cü ildə qəbul edilən 853 saylı qətnamə də bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının  Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edir. Qətnamədə, həmçinin, 822 saylı qətnaməyə də əməl edilməsi tələb olunur. 14 oktyabr 1993-cü ildə qəbul edilən 874 saylı qətnamə isə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr 1993) və digər ərazilərdən geri çəkilməsini tələb edir. Bu qətnamədə də əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi əksini tapıb.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü il noyabrın 12-də qəbul edilmiş 884 saylı dördüncü qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistandan ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilir. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilir. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb olunur.

Göründüyü kimi, BMT TŞ-nin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamə - hansılarda ki, erməni qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunur – 27 ildir, icra olunmur, son vaxtlar isə BMT özü belə artıq bu qətnamələrin adını çəkmirdi. Sanki bu qətnamələri hansı ölkənin hansısa rayonunun hansısa kəndinin icması qəbul edib, dünyanın yekə-yekə dövlətləri bu sənədin altına imza atmayıblar.

Bu gün Azərbaycanı ittiham edənlər “bu qətnamələr niyə yerinə yetirilmir” sualına cavab verə bilmirlər. Krım, Ukrayna ilə bağlı AB, AŞ, BMT, ABŞ Rusiyaya qarşı sanksiyaya qəbul edir, lakin Ermənistanın təcavüzünə göz yumulur. Böyük dövlətlərin Ermənistana təzyiq etməməkdə hansı maraqları olduğu başqa məsələdir, ancaq Azərbaycan öz maraqlarını kiməsə qurban verə bilməz. Görünən budur ki, BMT artıq daha çox könüllü birliyə çevrilib, təşkilatın əlində təsir mexanizmi də qalmayıb.

Onu da unutmaq olmaz ki, BMT Təhlükəsizlik Şurası monopoliyadadır. Təşkilatda qərarın qəbul olunması üçün 5 daimi üzv konsensusa gəlməsidir. Burada isə hər zaman ABŞ, Fransa və Böyük Britaniyanın maraqları üst-üstə düşür. Çinlə Rusiya isə bu və ya digər şəkildə bir çox məsələyə veto qoya bilirlər.

Onun üçün də həmin qətnamələrin yerinə yetirilməsində güc variantının tətbiq olunması kimi məsələlər gündəmdən çıxır. Bu baxımdan Dağlıq Qarabağla bağlı qəbul olunmuş dörd qətnamənin yerinə yetirilməməsi də məhz BMT-nin dişsiz qurum olması amilindən irəli gəlir. Elə buna görədir ki, zaman-zaman Almaniya, Rusiya, Türkiyə, İspaniya tərəfindən BMT-nin strukturunda dəyişiklik edilməsi məsələsi qaldırılıb.

Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələbi ilə əslində BMT həmin əraziləri Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu baxımdan qətnamələr əhəmiyyətlidir, amma yerinə yetirilməsi üçün Ermənistana təzyiq, güc tətbiqi lazımdır. Buna isə BMT getmək istəmir, odur ki, Azərbaycanın öz ərazisində terrora qarşı mübarizə aparmaq hüququnu özündə saxlayır.

Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin dinc variantlarla həlli yolları hələ tükənməyib, lakin qarşı tərəf işğalı davam etdirərək sülh danışıqlarını imkansız edir. 

Onu da qeyd edək ki, münaqişə ilə bağlı vasitəçilik edən ölkələrin mövqeyi birmənalı şəkildə bəllidir. Odur ki, əslində BMT və digər qurumlara inam da azalır. Məsələ ondadır ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni bu günə kimi yerinə yetirmədiyini Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal faktı mötəbər qurumların qəbul etdiyi sənədlərdə əksini tapıb, Ermənistan bu qurumlara da hörmətsizlik nümayiş etdirərək, Azərbaycanın mülkü əhalisini qətlə yetirməkdə davam edir.

Beləliklə, 30 ilə yaxındır ki, hər kəs Azərbaycan ərazilərinin işğalına göz yumurdu. Bakı öz gücünü nümayiş etdirəndən və əks-hücum əməliyyatına başlayandan sonra isə beynəlxalq hüququn olduğunu xatırlayanlar, “sülh göyərçinləri” peyda olmağa başladılar.  Etnik tərkibi dəyişmək məqsədi ilə müxtəlif ölkələrdən işğal ərazilərinə ermənilərin köçürülməsi, azərbaycanlıların orada yaşamasını sübut edən qəbirlərin, tarixi abidələrin, məscidlərin dağıdılması və bütün infrastrukturun məhv edilməsi barədə susanlar indi Bakının əks-hücum əməliyyatından narahat olmağa başlayıblar.

Əslində, atəşkəsin sonsuza qədər davam etməyəcəyini hər kəs bilirdi. Onu da qeyd edək ki, 1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu işğal etmişdilər. Atəşkəs hər zaman ermənilərə yeni əraziləri işğal etmək məqsədilə vaxt udmaq üçün lazım olub.

1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi. Mahiyyət  etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün  bunlarla yanaşı, yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı. 1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq  beynəlxalq birliyin münaqişəyə obyektiv qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi. Lakin heç kəs işğalçı Ermənistanı durdurmaq istəmədi.

Yuxarıda sadalananlar Dağlıq Qarabağ münaqişəsinin tarixində beynəlxalq hüquq, BMT və digər nüfuzlu təşkilatlar adına ayıb sayılmalıdır.

Bu gün Azərbaycan ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir. Heç bir qurum, heç bir ölkə Azərbaycanı bu hüquqdan məhrum edə bilməz. Azərbaycan, əslində, BMT-nin görməli olduğu işi görür, bu təşkilatın və məlum dörd qətnaməni qəbul edən Təhlükəsizlik Şurasına üzv ölkələrin üzərindəki ləkəni təmizləyir. Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən BMT aciz qalıb, bunu Azərbaycan ordusu reallaşdırır. Odur ki, Azərbaycanın terrorizmə qarşı mübarizəsi dəstəklənməlidir – həm BMT, həm digər beynəlxalq təşkilatlar, həm də tərəqqipərvər bəşəriyyət tərəfindən. Çünki Ermənistanın siyasi hakimiyyəti bütün bölgə, bütün dünya üçün təhlükə mənbəyidir. Azərbaycan bu gün bölgənin və dünyanın təhlükəsizliyi uğrunda mübarizə aparır və böyük uğurlar əldə edir.

APA Analitcs

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR