Azərbaycan-Britaniya geosiyasi və geoiqtisadi tərəfdaşlığı - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 17:50 09 Fevral 2021

Azərbaycan-Britaniya geosiyasi və geoiqtisadi tərəfdaşlığı - TƏHLİL

Prezident İlham Əliyev bu gün Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri, xanım Vendi Mortonu qəbul edib. Prezident İlham Əliyev britaniyalı qonağı salamlayaraq bildirib ki, Azərbaycan və Britaniya arasında çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var.

“Enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir. Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır”, - deyə dövlət başçısı qeyd edib.

İki dövlət arasında siyasi və iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Prezident qeyri-neft sektoru və digər sahələrdə də əlaqələrin perspektivliyinə toxunub. Dövlət başçısı, həmçinin, Britaniya şirkətlərinin işğaldan azad edilmiş torpaqlarda gələcək layihələrdə iştirakda maraqlı olduğunu qeyd edib: “İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialımız var. Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir. Hər şey dağılıb. Bərpa olunan enerji sahəsində böyük potensial var. Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq”.

 

Öz növbəsində, Böyük Britaniyanın dövlət naziri Vendi Morton gələcəkdə ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu qeyd edərək, postmünaqişə dövründə Londonun ölkəmizdəki layihələrdə maraqlı olduğunu qeyd edib.

Burada xatırlatmaq yerinə düşər ki, Vendi Merton Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri qismində Azərbaycana ilk səfər edən britaniyalıdır. Təbii ki, Azərbaycan-Britaniya münasibətləri müasir xarici siyasət fəaliyyətimizdə kifayət qədər vacib istiqamətləri əhatə edir. Bu gün iki tərəf arasında münasibətlər dostluq və tərəfdaşlıq əlaqələrinin bariz nümunəsidir. Tərəflər arasında münasibətlərin yaşı 100 ildən artıq olsa da, məhz son illər Bakı və London arasında əlaqələr geoiqtisadi və geosiyasi tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Hələ müstəqillik illərinin ilk vaxtlarından başlayan əməkdaşlıq tədricən iki tərəf arasında əlaqələrin daha da genişlənməsinə gətirib çıxarıb. Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında əlaqələrin inkişafında Ümummilli lider Heydər Əliyevin apardığı siyasəti xüsusilə qeyd etmək lazımdır. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Britaniya ilə sıx təmasları, onun 1994-cü ildə Britaniyaya səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Səfər zamanı Azərbaycan və Britaniya arasında “Dostluq və əməkdaşlıq haqqında birgə Bəyannamə” imzalanıb. Nəticədə, 1994-cü ilin 20 sentyabr tarixində Bakıda Britaniya şirkətinin ən çox paya malik olduğu, ARDNŞ ilə xarici neft şirkətləri arasında “Əsrin müqaviləsi” imzalanıb.

Müasir beynəlxalq proseslərdə transmilli şirkətlərin rolunun təmsil etdikləri dövlətlər üçün olduqca vacib amil olmasını da nəzərə alsaq, bu gün əminliklə deyə bilərik ki, BP-nin bu illər ərzində Azərbaycandakı varlığı London və Bakı arasında da əlaqələrdə isidici rol oynamaqdadır. Ölkəmizə 30 milyard dollara yaxın sərmayə yatırmış Böyük Britaniya Azərbaycanda ən böyük investordur. Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 600-ə yaxın Britaniya şirkəti qeydiyyatdan keçib.

Digər tərəfdən, Azərbaycan və Britaniya arasında münasibətlərə nəzər saldıqda, ilk baxışda iqtisadi münasibətlər, enerji sahəsindəki strateji əməkdaşlıq diqqəti cəlb etsə də, əslində, iqtisadi sahədə münasibətlərin inkişafı tərəflər arasında siyasi dialoqun effektivliyinin və ortaq geosiyasi çağırışların nəticəsidir. Bu dövlətin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı olaraq son 30 il ərzində prinsipial mövqe tutması da ikitərəfli münasibətlər üçün çox vacib amildir. Hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 853-cü qətnamənin qəbul olunması birbaşa Böyük Britaniyanın təşəbbüsü ilə onun sədrliyi dövründə baş tutdu. Həmin vaxtdan sonrakı illər ərzində Azərbaycan Böyük Britaniya ilə siyasi-diplomatik münasibətlərin yeni, daha yüksək səviyyədə qurulması üçün aktiv, intensiv siyasi dialoq aparıb ki, biz 44 günlük müharibə dövründə də bunun əyani şahidi olduq. Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında müharibənin başlanmasından bir müddət  sonra BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqeni əks etdirən bəyanatın qəbul etməsinə nail olmaq istəyərkən, məhz Britaniya buna yol verməyib. O zaman Britaniyanın BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvordun çevik və prinsipial mövqeyi ədalətin bərqərar olmasına kömək etmişdi.

Təbii ki, bütün bu müsbət məqamlar Azərbaycanın apardığı rasional və strateji hədəflərə istiqamətlənən xarici siyasət nəticəsində mümkün olub. Prezident İlham Əliyev bu illər ərzində digər vektorlarla münasibətlərdə olduğu kimi, Bakı və London arasında da daim gələcəyə hədəflənən və dövlətimiz üçün həssas olan məqamların həllini hədəf götürən siyasət aparıb.

İlham Əliyev Prezident seçildikdən bir qədər sonra - 2004-cü ilin dekabrında Azərbaycanın lideri kimi Böyük Britaniyaya səfər edib. Londona səfəri zamanı Prezident İlham Əliyevin ölkənin Baş naziri Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış "Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə" yenidən təsdiqlənib. Bleyer və İlham Əliyev eyni zamanda ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike də qəbul ediblər. Prezident İlham Əliyev həmin səfərində Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) "Yeni Azərbaycan - regional və qlobal münasibətlərdə" mövzusunda çıxış edib.

12-13 iyul 2009-cu il tarixdə Prezident İlham Əliyev Böyük Britaniyaya növbəti səfəri çərçivəsində Baş nazir Qordon Braunla görüşüb. Azərbaycanın antiterror koalisiyasında iştirakına toxunan Qordon Braun ölkəmizin bu istiqamətdə fəaliyyətinin Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Prezident İlham Əliyevi demokratiya sahəsində əldə edilmiş uğurlar münasibətilə təbrik edən Baş nazir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsini müsbət hal kimi dəyərləndirib.

2012-ci il iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyük Britaniyaya işgüzar səfər edib. İyulun 28-də Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. 3-6 avqust tarixində isə Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronla görüşüb.

2014-cü il sentyabrın 4-də Prezident İlham Əliyev Böyük Britaniya krallığında - Uelsdə NATO sammitinin açılışında iştirak edib. Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər. NATO-nun Zirvə toplantısının Əfqanıstan üzrə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

2016-cı il 3-5 fevral tarixlərində Prezident İlham Əliyev BMT-nin Baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransında iştirak etmək üçün fevralın 3-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdə olub.

Növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti 2018-ci ilin 26 aprel tarixində Böyük Britaniya Baş nazirinin dəvəti əsasında bu ölkədə işgüzar səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev Britaniyanın Baş naziri Tereza Mey, Britaniya XİN-in Avropa və Amerika üzrə dövlət naziri Alan Dankan, Beynəlxalq Ticarət və İnvestisiyanın Təşviqi üzrə dövlət naziri Baroness Rona Feyrhed, Britaniya Parlamentinin Lordlar və İcmalar Palatasının çoxsaylı nümayəndələri, BP şirkətinin rəhbəri Bob Dadli, eləcə də Buckingam sarayında York hersoqu Şahzadə Endryü ilə görüşlər keçirib. Həmin gün Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

Beləliklə, son 30 ilə yaxın dövr ərzində Bakı və London ortaq və qarşılıqlı maraqlar əsasında tərəfdaşlığa əsaslanan münasibətləri qurmağı bacarıb. Son hadisələr və bəyanatlar onu göstərir ki, Azərbaycan və Böyük Britaniya iki ölkə arasında formalaşmış mühüm əməkdaşlığı və tərəfdaşlığı gələcəkdə daha da genişləndirmək əzmindədir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR