Daha bir nümunə: İqtidar-müxalifət münasibətlərinin Azərbaycan modeli  - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 11:55 12 Fevral 2021

Daha bir nümunə: İqtidar-müxalifət münasibətlərinin Azərbaycan modeli - TƏHLİL

Hər bir dövlətin və cəmiyyətin gələcəyi iqtidarın apardığı siyasətdən, daxili siyasi proseslərdən olduqca sıx şəkildə asılıdır. Təsadüfi deyil ki, liderin apardığı siyasət nəticəsində ölkə ya irəliyə gedə, inkişaf edə, ya da dövlətçiliyini itirərək, hətta süquta belə yuvarlana bilər. Bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edən mövzulardan biri dövlətin idarəetmə forması, cəmiyyət daxilində ideologiyalar arasında oturuşmalardır. Təbii ki, ölkədaxili siyasi proseslər haqqında danışarkən müxalifət-iqtidar münasibətlərinə xüsusi yer ayırmaq lazımdır. Uzağa getməyərək, qonşu Ermənistanda iqtidarla müxalifət arasında xaotik vəziyyət illərdir gözümüzün qabağındadır. Bunun da nəticəsində Ermənistanda ölkə daxilində tüğyan edən ideoloji vakuum, sosial-iqtisadi gərginlik, dövlətçilik elementlərinin getdikcə yox olmasının şahidiyik. Ermənistandan və qonşu bir çox dövlətlərdən fərqli olaraq, bu gün Azərbaycan MDB məkanında bəlkə də yeganə dövlətdir ki, cəmiyyətdəki müxtəlif qruplar pərakəndəliyə deyil, vahid ictimai-siyasi, ideoloji istiqamətə meyl edir.

Bu gün Azərbaycanda sosial qrupundan, statusundan, yaşından asılı olmayaraq, əksəriyyət dövlətin apardığı xarici və daxili siyasət ətrafında sıx birləşərək ölkə rəhbərliyinə etimad göstərməkdədir. Sözsüz ki, bu fonda dayanıqlığın qorunması üçün müxalifət və iqtidar arasında olan münasibətlər də xüsusi önəm daşıyır. 2018-ci ilin Prezident seçkilərindən sonra ölkədə bir sıra sahələrdə olduğu kimi, müxalifət-iqtidar arasında münasibətlərdə də yeni səhifə açıldı. Artıq bir müddətdir ki, ölkədəki siyasi partiyaların nümayəndələri ilə Prezident Administrasiyası rəsmiləri görüşlər keçirir. Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və başladılan dialoq  o deməkdir ki, Azərbaycan hakimiyyəti ayrı-ayrı qrupların, partiyaların, vətəndaş cəmiyyəti institutlarının siyasi proseslərdə fəal rol oynamasında maraqlıdır, onların fikir və istəklərinin nəzərə alınmasını qarşısına məqsəd qoyub. Müxalifətlə iqtidar arasında dialoq eyni zamanda daha funksional və nəticəyönümlü siyasətin formalaşmasına gətirib çıxaracaq.

Azərbaycanın çox mürəkkəb geosiyasi coğrafi mövqedə yerləşdiyini unutmamalıyıq. Dövlətin dayanıqlığının artırılması, ölkəmizin üzləşdiyi köhnə və yeni xarici çağırışlar qarşısında daxili birlik mütləqdir. Biz 44 günlük müharibə zamanı bu birliyin necə əhəmiyyətli olduğunu bir daha gördük. Bütün bunların fonunda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən dialoq formatı, qarşılıqlı müzakirələr bəzi radikal və xarici donorlardan asılı olan siyasi partiyalardan başqa hamı tərəfindən müsbət dəyərləndirilir, cəmiyyət tərəfindən rəğbət və sevinclə qarşılanır.

 

Dünən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Siyasi dialoqun Azərbaycan modeli” adlı ilk görüşün keçirilməsi də bunun bariz nümunəsidir. Ölkənin qabaqcıl ali təhsil müəssisələrinin, AMEA-nın müvafiq institutlarının rəhbər və mütəxəssislərinin iştirakı ilə keçirilmiş görüşdə siyasi dialoqun müxtəlif təzahür formaları müzakirə edilib. Tədbirdə çıxış edən Prezident Administrasiyanın şöbə müdiri Ədalət Vəliyev qeyd edib ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi.

Bu dialoq mühitində Prezident İlham Əliyevin roluna toxunan PA rəsmisi əlavə edib ki, məhz dövlət başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti inkişaf edib. Vətən müharibəsi dövründə dünya ictimaiyyətinin Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi olduğunu bildirən tədbir iştirakçıları siyasi proses və tendensiyaların tədqiqinə, eləcə də demokratik dəyərlərin təşviqinə xidmət edən təşəbbüslərin icrasında elmi potensialın cəlb olunmasını yüksək qiymətləndiriblər.

Doğrudan da, bu gün ölkədə siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqunun qurulması, yeni siyasi konfiqurasiyanın yaradılması danılmaz faktdır. Yeni siyasi konfiqurasiya dayanıqlı dövlət idarəçiliyinin vacib elementi kimi son aylarda artıq nəticəsini göstərməkdədir.

Beləliklə, ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində Azərbaycanda siyasi proseslərin mürəkkəb hal almasını hədəfləyən bəzi xarici qüvvələr öz məqsədlərinə çatmamış oldular.

Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazmağa davam edəcək.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR