Ermənistan informasiya müharibəsində də Azərbaycana uduzdu  - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 15:45 17 Noyabr 2020

Ermənistan informasiya müharibəsində də Azərbaycana uduzdu - TƏHLİL

44 günlük müharibədə məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxış yolunu öz xalqını yalan məlumatlarla aldatmaqda görür. 44 gün ərzində erməni və dünya ictimaiyyətinə feyk məlumatlar verən terrorçu ölkə informasiya savaşında da Azərbaycana məğlub oldu. Əslində, Paşinyan iqtidarı ilk gündən anlayırdı ki, onu ağır və rüsvayçı məğlubiyyət gözləyir, odur ki, Azərbaycana qarşı başladığı savaşın və Bakının əks-hücum əməliyyatının ilk günlərindən sosial şəbəkələrin fəaliyyətini qadağan elədi, müharibənin gedişi ilə bağlı düzgün məlumat yayan yerli və xarici media nümayəndələrinə qarşı sözün əsl mənasında repressiya və təhdidlərə başladı. Yüzlərə erməni ictimai fəalı həbs edildi, xarici jurnalistlər ölümlə hədələndi. Paşinyanın media ruporu tərəfindən aldadıldığını dərk edən erməni gəncləri savaşa getməkdən imtina edirdi. Paşinyanın repressiyaları da bunun qarşısını ala bilmirdi.

Erməni media-maqnat Aram Qabrelyanovun nəzarətində olan teleqram kanalları, media və telekanallar, o cümlədən “Baqramyan-26”, Semen Peqovun “Wargonzo” layihələri yalnız Azərbaycana qarşı yalan savaşı aparmadı, eyni zamanda erməni ictimaiyyətini aldadaraq, onları belə acınacaqlı sonluğa gətirdilər. Ermənistan lobbisi də heç nə edə bilmədi.

Azərbaycanın apardığı düzgün və ağıllı informasiya siyasəti Qarabağda baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi. Azərbaycan Prezidenti İlham Əliyev 44 gün ərzində dünyanın bütün aparıcı mediasına çoxsaylı müsahibələr verdi. Düşmən tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən jurnalistlərin ən qərəzli suallarına belə cavab verməkdən yayınmayan Prezident Əliyev nə dərəcədə hazırlıqlı olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın haqlı olduğunu, işğala məruz qaldığını, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut edə bildi. Azərbaycanın Ali Baş Komandanının intellektual cavabları ilə müqayisədə isə Paşinyan olduqca miskin durumda görünürdü. Bunu dünyanın aparıcı media nümayəndələri və ekspertlər də etiraf edirlər.

44 günlük savaş nəticəsində Ermənistan hərbi, siyasi və iqtisadi baxımdan darmadağın oldu. Artıq Paşinyan və onun komandasına Ermənistanda heç bir etimad qalmayıb. Azərbaycan özünün hərbi və siyasi gücünü sübuta yetirməklə yanaşı, bölgənin əsas oyunçularından olduğunu göstərdi.

Bu gün Ermənistanda dərin hakimiyyət böhranı hökm sürür. Paşinyan komandasının ən yüksək nümayəndələri tutduqları postlardan istefa verir. Paşinyan orduya çağırışlar edir, öz hakimiyyətini qorumaq üçün hərbiçilərdən istifadə etmək istəyir. Lakin məğlub və darmadağın olmuş ordunun da ictimaiyyət arasında heç bir hörməti qalmayıb. Digər tərəfdən, ordu artıq Paşinyanın intriqalarına qurban olmaq istəmir. Hərbçilər Paşinyanı “küçədən gələn avara” adlandırır, belə bir tüfeylinin ali baş komandan olmasını rüsvayçılıq hesab edirlər.

Paşinyan isə hərbi çevrilişdən qorxur və orduda az-çox hörməti olan hərbçiləri həbs elətdirir. O, sərt idarəçiliyə keçmək istəyir. Lakin Ermənistanı etiraz aksiyaları bürüyüb. Az qala hər kəs “küçə uşağı” adlandırılan Paşinyanın cəzalandırılmasını arzulayır. Paşinyan özü də anlayır ki, artıq siyasi meyitdir. Odur ki, ölkədən qaçmağa fürsət axtarır. Lakin Azərbaycandan aldığı zərbə onun gələcəyini də məhv edib.

Paşinyan erası bitir. O və Ermənistanın əvvəlki rəhbərliyi ölkəni elə bir uçuruma sürükləyib ki, yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Buna görə isə İrəvan elədiklərinə görə üzr istəməli və Azərbaycana vurduğu ziyanlara görə maddi təzminat ödəməlidir.

APA Analytics

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR