Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq tribunal qarşısına çıxarılmalıdır  - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 11:31 05 Noyabr 2020

Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq tribunal qarşısına çıxarılmalıdır - TƏHLİL

Ermənistan hakimiyyətinin dezinformasiyaları və yalanları getdikcə daha çox dövlət və təşkilat tərəfindən ifşa olunmaqdadır. Müharibənin başladığı ilk günlərdən Azərbaycanın guya Qarabağda mülki əhalini “bombalaması” kimi dezinformasiyalar yayan və dünya birliyində ölkəmizə qarşı mənfi rəy formalaşdırmağa çalışan Ermənistan rəhbərliyi qarayaxma kampaniyası aparmaqdansa, regionda sülhün təmin olunması üçün səylər göstərsəydi, onun özü üçün də yaxşı olardı. Əfsuslar olsun ki, sülhdən sonra erməni cəmiyyətinin onu siyasi hakimiyyətdən qovacağını çox yaxşı bilən Paşinyan münaqişənin daha da alovlandırılmasında maraqlı olduğunu hər vəchlə sübut etməkdədir. Müharibənin də öz qanunlarının olduğunu bilməli olan Ermənistanın hərbi-siyasi rəhbərliyi döyüşlərin başladığı sentyabrın 27-dən bu yana mütəmadi olaraq hərbi əməliyyatlardan uzaqda yerləşən Azərbaycan şəhərlərinə raket zərbələri endirmiş, mülki əhalini qətlə yetirmişlər.

Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc azərbaycanlı mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir.

Ümumiyyətlə, sentyabrın 27-dən - 3 noyabr tarixinədək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində 91 mülki şəxs həlak olub, 400  nəfərdən çox insan xəsarət alıb.

 

Ermənistan ordusunun qadağa olunmuş silah vasitələrindən istifadəsinin coğrafiyasına nəzər salsaq görərik ki, bilərəkdən Qarabağdan uzaqda yerləşən şəhərləri bombalayan Paşinyan siyasi-hərbi rejimi bununla Azərbaycan xalqını qorxutmaq, onun əzmini sındırmaq, Azərbaycanı isə Ermənistana cavab zərbəsi endirməyə təhrik etməklə, Rusiya başda olmaqla KTMT-ni müharibəyə cəlb etmək məqsədi güdür. 

Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından xeyli kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində beşi qadın olmaqla 10 nəfər həlak olub, on altı qadın, altısı azyaşlı olmaqla 34 nəfər yaralanıb (onlardan 10 nəfəri məktəblidir). Oktyabrın 15-də  Ermənistanın silahlı qüvvələrinin Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığı atəşə tutması nəticəsində 4 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Oktyabrın 17-də gecə saat 1-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 52 dinc sakin xəsarət alıb, 13 nəfər həlak olub ki, onların arasında 4-ü qadın, 3-ü azyaşlı uşaqdır.

Oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdəyə Ermənistan silahlı qüvvələrinin kasetli raketlər atması nəticəsində isə  ilk gün  4 dinc sakin həlak olub, 13-ə yaxın insan yaralanıb, növbəti gün isə 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. Döyüş zonasından 40 kilometr məsafədə yerləşən Bərdə şəhərinə iki gün ard-arda raket zərbələrinin endirilməsi və mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni faşizminin növbəti təzahürüdür.

Dinc əhaliyə qarşı törədilən bu terror aktları bir daha göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüquq normalarını, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq sənədlərini kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən əl çəkmir, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirir.

Bundan başqa Ermənistan Səddam Hüseynin yolunu gedərək dinc sakinlərə qarşı “fosfor silahları”, “Smerç”, “Skad”, 300 km-lik ortamənzilli raketlərdən də hərbi əməliyyatlardan uzaq olan dinc şəhərlərə hücum etməklə hərbi cinayətlər törətməkdə davam edir. Qafqazın ən böyük su anbarı sayılan Mingəçevir su anbarı və elektrik stansiyasına mütəmadi olaraq raket zərbələrinin endirilməsi, Azərbaycanı Avropa ilə birləşdirən enerji xətlərini son 1 ayda bir neçə dəfə bombalamaq cəhdləri Ermənistanın əslində hansı məqsədlər daşıdığının bariz nümunəsidir.

Təsadüfi deyil ki, artıq bir sıra beynəlxalq təşkilatlar, dövlətlər və KİV Ermənistanın dinc əhaliyə qarşı raket hücumunu, ağır silahlardan və kasetli raketlərindən istifadəsini ciddi tənqid etməkdədir. Diqqətdən qaçmamalıdır ki, bu raket növlərinin təhlükəsini və miqyasını nəzərə alan beynəlxalq birlik 2008-ci ilin mayında Dublində “Kaset tipli silah-sursatlar haqqında” Konvensiyanı qəbul edib.

Bütün bu cinayətlər fonunda Azərbaycan beynəlxalq təşkilatlardan və məsul institutlardan adekvat addımlar və reaksiyalar gözləyirdi. Bərdəyə atılmış kaset raketləri və onlarla dinc insanın qətlindən sonra nəhayət, “Human Right Watch” , “Amnesty İnternational” kimi təşkilatlar başda olmaqla bir çoxu Bərdə şəhərinin istifadəsi beynəlxalq səviyyədə qadağan edilmiş kasstli raketlərlə vurulduğunu bəyan edib. “Amnesty International”ın böhrana cavab mütəxəssisləri erməni qüvvələri tərəfindən Azərbaycan şəhərlərinə atılan raketlərin qalıqlarının Rusiya istehsalı olan 9M55 “Smerç” raketlərindən 9N235 sursat parçalarının olduğunu təsdiqləyiblər.

"Amnesty International" təşkilatı bəyanatında qeyd edib ki, "Kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur". Təşkilat qeyd edib ki, kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır.

“Amnesty International”ın hərbi mütəxəssisi Brian Kastner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerch” raket qalıqlarını və onun təsir dairəsini aşkar ediblər. Qeyd edilir ki, xəstəxana və mülki yaşayış evləri daxil olmaqla atəşə məruz qalmış ərazilər araşdırılıb və yerdəki kiçik dairəvi kraterlər həmin raketdən istifadə olunduğunu göstərir. Həmçinin vurğulanır ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər meyitlərin üzərində dəridə yanıqlar, əzaların qopması faktını aşkarlayıblar ki, bu da partlayış xəsarətlərinə uyğundur.

“Human Right Watch” beynəlxalq insan haqları təşkilatı isə işğalçı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə zərbələr endirdiyinə dair açıqlamasında həm də onu bildirir ki, onlarda olan məlumata görə, erməni silahlı qüvvələri “Smerç” yaylım atəş raket sisteminə malikdir, lakin qondarma “Dağlıq Qarabağ qüvvələri”ndə bu silah yoxdur.  Bununla da, “Human Rights Watch” hücumu Ermənistanın həyata keçirdiyini təsdiqləyib.

Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə qarşı etmiş olduğu cinayətləri Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet də təsdiqləyib. O, "bir gün içərisində ən böyük həyat itkisi 28 oktyabrda Bərdədə baş verib” bildirib. Ali Komissarın sözlərinə görə, “Dağlıq Qarabağdakı erməni hərbi qüvvələrinin tətbiq etdiyi kasetli bombalar nəticəsində münaqişə zonasından 40 kilometr uzaqda yerləşən Bərdədə azı 21 adam həlak olub, 70 adam yaralanıb”. O, eyni zamanda qeyd edib ki, “Ermənistan ordusu tərəfindən atılan raketlərin içərisində çoxlu kaset sursatları olub. Yaşayış yerlərinə kasetli döyüş sursatlarının atılması beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir”. “Kasetli sursatların istifadəsi ilə bağlı həyəcanverici xəbərlərin fonunda, bir daha istifadə edilməsinə son qoyulmasını və istifadəsini tamamilə qadağan edən Kaset Sursat Konvensiyasını təsdiq etmiş 100-dən çox dövlətə qoşulmağa çağırıram” deyə Ali Komissar bildirib.

Dünya ictimaiyyəti artıq erməni faşizmini və vandalizmini fakt olaraq təsdiqləyir. 30 ildən çoxdur ki, ərazilərin itkisi, öz evlərindən qovulmaları ilə qarşılaşan azərbaycanlılar beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgə yaşayışın bərpa edilməsi məqsədilə konkret tədbirlər görməyə çağırır.

I Qarabağ müharibəsi zamanı da düşmən ölkə eyni rəftara yol verirdi. Ermənistanın Xocalı başda olmaqla, azərbaycanlılara qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər, soyqırımları bütün dünyaya məlumdur. Düşmən ölkənin bu dəfə də eyni ssenari ilə hərəkət etməsi - günahsız azərbaycanlıları - qocaları, uşaqları, qadınları, evləri, yaşayış binalarını, məktəbləri, xəstəxanaları, təcili yardım maşınlarını, jurnalistləri, mülki infrastrukturu hədəfə alması onun faşist mahiyyətinin dəyişmədiyini bir daha göstərir.

Ermənistanın Cenevrə Konvensiyasını və beynəlxalq hüquq normalarını pozmasını təsdiqləyən saysız faktlar var. Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilmiş cinayətlər əsasında dünya ictimaiyyəti, aidiyyəti qurumlar qadağan olunmuş silahlardan istifadə və onun nəticəsində onlarla uşaq və qadının, dinc sakinlərinin həlak olmasına görə günahkar olan Ermənistanın Ali Baş Komandanı başda olmaqla, bu dövlətin silahlı qüvvələrinin hərbi rəhbərliyinin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılması məsələsinə məsuliyyətlə yanaşmalıdır.

Beynəlxalq hüququn norma və prinsipləri sentyabrın 27-dən indiyə qədər Azərbaycan Silahlı Qüvvələrinin ölkənin ərazi bütövlüyünü bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatların tam legitimliyini göstərir. Azərbaycan ordusu öz ərazisində müdafiə olunur və yalnız hərbi obyektlərə beynəlxalq Konvensiya ilə icazə verilən sursatlarla atəş açır. Mülki obyektlərə atəş açılmır.

Ermənistan isə insanlığa qarşı cinayət törətməkdə davam edir. Azərbaycan ordusu ilə üz-üzə döyüşməkdənsə, erməni ordusu mülki əhalini, uşaqları, qadınları, yaşlı insanları hədəf seçir, bununla da beynəlxalq humanitar hüququn tələblərini və insan hüquqlarını kobudcasına pozur. Ermənistan ordusu həm də “müharibə qanunları”nı tapdalayır. Ruandada, Yuqoslaviyada və bir sıra digər münaqişələrdə olduğu kimi, bu müharibədə də insanlığa qarşı cinayət törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Azərbaycan hüquq-mühafizə orqanlarının, beynəlxalq təşkilatların  tədqiqatlarının nəticəsi olaraq toplanmış materiallar, mötəbər beynəlxalq təşkilatların və ekspertlərin Ermənistan ordusunun döyüşlərin getdiyi bölgədən uzaqda yerləşən yaşayış məntəqələrinin qadağan olunmuş silahlardan aşkar şəkildə istifadə etməsinə dair faktları bu əmri verən şəxslərdən tutmuş iştirakçılarına qədər hamısının - beynəlxalq məhkəməyə verilməsi, Ermənistan dövlətinə qarşı müxtəliftipli sanksiyaların tətbiqini (1966-cı ildən indiyə qədər 30 siyasi rejim törətdiyi cinayətlərə görə sanksiyaya məruz qalmışdır) aktual edir.

Mülki əhaliyə qarşı cinayət törədən Ermənistanın hərbi-siyasi rəhbərliyi dünyanın gözü qarşısında beynəlxalq tribunal qarşısında cavab verməlidir ki, digər rejimlər və rəhbərlər insanlığa qarşı cinayətlərdən gələcəkdə çəkinsinlər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, s.e.n., Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR