Niderland nümunəsi: Avropa simasını radikal millətçilik və faşizm yönünə dəyişir  - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 16:20 09 Dekabr 2020

Niderland nümunəsi: Avropa simasını radikal millətçilik və faşizm yönünə dəyişir - TƏHLİL

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə ilə Dağlıq Qarabağ münaqişəsi başa çatdı.

Ermənistan təslim olduğunu etiraf edərək, kapitulyasiya aktına imza atdı. Bu, 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış Üçtərəfli Bəyanatda da əksini tapıb. Lakin münaqişənin Azərbaycanın qələbəsi ilə həlli erməni lobbisini narahat edir, onlar hələ də reallığı qəbul etmək istəmirlər. Erməni lobbisi və diasporu müxtəlif ölkələrdə Azərbaycan əleyhinə fəaliyyətini gücləndirib.

Avropanın bəzi ölkələrində olduğu kimi, erməni diasporu və lobbisinin təsiri altında olan Niderland Parlamentində də anti-Azərbaycan, anti-Türkiyə, islamofob qərarlar qəbul edilir. Bu ölkənin parlamentində ultra-sağçı və ultra-millətçi qüvvələrin fəallığı açıq şəkildə özünü göstərir.

Xatırlatmaq yerinə düşər ki, Niderland parlamentində dəfələrlə anti-türk və anti-islam xarakterli qərarlar qəbul edilib. Təsadüfü deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan niderlandlı deputatları "nasistlərdən qalmışlar və faşistlər" adlandırmışdı.

44 günlük savaşın başa çatmasından sonrakı ilk günlərdə də Niderland parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülməyə başlanıldı. Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma və artıq mövcud olmayan separatçı rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. cəfəng çağırışlar eşidilməyə başlanıldı. Bu layihələrin müəllifləri Martin van Helvert (Xristian Demokratik Çağırış partiyası), Joel Voordevind (Xristian İttifaqı partiyası), Sven Koopmans (Azadlıq naminə Xalq Partiyası) və digər ultra-sağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır.

Öz də adı çəkilən siyasətçilər yalnız anti-Türkiyə və anti-Azərbaycan mövqeyi ilə tanınmırlar. Onlar Afrika və Yaxın Şərqdən gələn immiqrantları ölkədən qovmağı təklif edərək, onları açıq şəkildə  ölkələri üçün - “mədəniyyətimiz, dəyərlərimiz, həyat tərzimiz, qadınlara olan sevgimizə və s. tamamilə zidd insanlar” adlandırıblar.

Avropanın bəzi ölkələri kimi Niderland da reallıqla heç cür barışmaq, Azərbaycanın öz ərazi bütövlüyünü artıq bərpa etdiyini anlamaq istəmir. Bu qüvvələr parlamentdə mütəmadi olaraq müxtəlif təxribat xarakterli layihələrlə çıxış edirlər. Ədalət naminə demək lazımdır ki, Niderland hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışır. Amma aydındır ki, hökumətin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açır. Unutmaq lazım deyil ki, bu gün Azərbaycan Avropa üçün, o cümlədən Niderland üçün cəlbedici ölkədir. Lakin bəzi millətçi dairələrin ermənipərəst mövqeyi münasibətlərə xələl gətirir. Xatırladaq ki, noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland Parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdırdı. Dövlət başçısı parlamentdəki müzakirələr zamanı Niderland XİN başçısının balanslaşdırılmış yanaşma ilə çıxış etməsini təqdir etsə də, ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusilə vurğuladı. Xanım səfir də Niderland hökumətinin parlamentin yanaşması ilə razılaşmadığını bildirdi.

Maraqlıdır ki, Azərbaycana, Türkiyəyə qarşı əsassız ittihamlarla çıxış edən, anti-türk və islamafob siyasət yolu tutan ölkələrin əksəriyyətinin keçmişi törətdikləri soyqırımları, digər qara ləkələrlə zəngindir. Bu baxımdan Niderland da istisna deyil. Bu gün anti-türk və islamafob siyasət yürüdən Niderland özünün yaxın tarixinə nəzər saldıqda, əslində, utanmalıdır. Çox uzağa getmək lazım deyil. Ötən əsrin 70-ci illərinə qədər müstəmləkəçi siyasətin əsas müəlliflərindən olan Niderland Asiya və Afrika qitələrində xalqları siyasi və iqtisadi əsarətdə saxlayırdı. Niderland həmişə anti-islam mövqeyi ilə tanınıb. Belə ki, dünyada ən çox sayda müsəlmanın yaşadığı İndoneziya kimi nəhəng ölkə əsrlər boyu niderlandlıların əsarətinə, müstəmləkəçi siyasətinə qarşı mübarizə aparıb və yalnız 1945-ci ildə öz müstəqilliyini elan edib. Buna baxmayaraq, illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda İndoneziyanın suverenliyini tanımağa məcbur oldu. Həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllər törədildi və tarix bütün bu hadisələri unutmayıb. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində 431 dinc sakinin güllələnməsini də tarix unutmayıb. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır.

Bu, Niderlandın anti-insani əməllərinin yeganə göstəricisi deyil. Niderlandın Srebrenitsa soyqırımının baş verməsindəki rolu yaşayan nəslin yaxşı yadındadır. Ötən əsrin 90-cı illərində Balkan müharibələrinin ən acı səhifəsi olan Srebrenitsa soyqırımının əsas müqəssirlərindən biri məhz Niderlanddır. Belə ki, 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırıma məruz qalmasının məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verdiyini bütün dünya gördü və etiraf etdi.

Niderland siyasi dairələrinin anti-Türkiyə mövqeyi özünü ən bariz şəkildə 2017-ci ilin martın ortalarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyulması, ailə və sosial siyasət naziri, xanım Betül Sayan Kayanın isə polis tərəfindən güc tətbiq edilməklə Niderlanddan zorla çıxarılmasında göstərdi. Beynəlxalq hüquqa və diplomatik qaydalara zidd olan bu addımdan sonra niderlandlı deputatlardan Türkiyə və Azərbaycana münasibətdə hər hansı ədalətli qərar qəbul edəcəyinə inanmaq sadəlövhlük olardı.

Bu gün Niderland cəmiyyətində ultra-sağ, ultra-xristian və radikal-şovinist meyllər artmaqda davam edir. Türklərə və digər müsəlman əsilli vətəndaşlara qarşı təhqir və hücumlar, ölkə mediasında açıq islamofob təzahürlər, siyasətçilərin İslam dininin dəyərlərini təhqir etməsi, Avropa İttifaqı daxilində sonradan birliyə qoşulmuş ölkələrə qarşı ayrı-seçkilik Niderlandın dövlət siyasətinin bir hissəsinə çevrilib. Təəssüf doğuran haldır ki, özünü Avropanın aparıcı ölkəsi hesab edən bir dövlətin siyasətini ultra-sağçı ekstremist siyasətçi, Azadlıq naminə Xalq Partiyasının rəhbəri Qert Vilders, o cümlədən Martin van Helvert, Joel Voordevind və Sven Koopmans kimi radikal elementlərin təbliğ etdiyi ideologiya müəyyən edir. Görəsən, Niderland deputatları belə təxribatlara yol verərkən ölkələrinin Azərbaycanda və dünyadakı nüfuzuna, beynəlxalq münasibətlərdə ədalət və hüquq bərabərliyinə çağırışlar edən ölkə kimi imicinə xələl yetirdiklərini düşünmürlərmi? Belə addımları ilə onlar həm də Azərbaycanda Niderland biznesinin mövcudluğunu, Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını sual altına alırlar.

Qeyd olunduğu kimi, sadalanan faktlar yalnız Niderlanda xas xüsusiyyətlər deyil. Son vaxtlar bir çox Avropa ölkəsi faşizm ideyalarının yayıldığı məkana çevrilib. Artıq Avropa ölkələrinin bəziləri demokratik cəmiyyətlə assosiasiya edilmir. Avropa ölkələrində insanları milli, dini mənsubluğuna görə müxtəlif sortlara bölən millətçi hökumətlər qurulur. Bəzi Avropa ölkələrində insanlıq ləyaqəti tapdalanır, rasizm, separatizm və şovinizm kimi meyllər güclənir. Bu vəziyyət, xüsusilə yeni yetişməkdə olan gənclərin qeyri-millətlərə baxışlarında bariz şəkildə özünü büruzə verir. Qitə ölkələrinin əksəriyyətində milli mənsubiyyət əhval-ruhiyyəsinin açıq formada təzahürü Avropanın gələcəyini təhlükə altına alır. Avropanın daha inkişaf etmiş İngiltərə, Fransa, Belçika, Niderland, Danimarka, İsveç kimi ölkələrində baş qaldıran millətçilik meylləri, xristianlığın İslama qarşı qoyulması, qeyri-avropalıların təhqir edilməsi, insanların ləyaqətinin alçaldılması, hüquqlarının tapdalanması adı hala çevrilib. Faşizmin, irqi ayrı-seçkilik meyllərinin güclənməsi bu gedişlə Avropa demokratiyasının sonunu gətirəcək.

Sağ ekstremistlər "Fransa fransızlar üçündür!", "Hollandiya hollandlar üçündür”, “Almaniya almanlar üçündür” kimi şüarlar səsləndirərək hakimiyyətə gəlirlər. İndiyə qədər demokratiyaya sadiqliyi ilə tanınan Belçikada da getdikcə millətçilik əhval-ruhiyyəsi baş qaldırır. Bu ölkədə qeyri-avropalılara münasibət yalnız yuxarı təbəqələrdə deyil, əhalinin ayrı-ayrı təbəqələri arasında da özünü büruzə verir. Son illər Fransada müsəlmanlara və yəhudilərə məxsus qəbiristanlıqlar dəfələrlə dağıdılıb, məscidlər və sinaqoqlar yandırılıb. Bütün bunlar ölkədə rasizm, separatizm və şovinizm meyllərinin güclənməsindən xəbər verir. Artıq Fransanın bəzi siyasi dairələri bunu etiraf etməyə məcbur olublar. Danimarka və İsveç mətbuatı müsəlmanların hisslərinə toxunan materiallar dərc etməkdən belə çəkinmir, Məhəmməd Peyğəmbərin karikaturasını verməklə onları təhqir edir. Bəzi siyasətçilər Avropada qeyri-avropalılara qarşı belə meyllərin meydana gəlməsinin əsas səbəbi kimi qlobal problemlərlə - dünyanı təhdid edən iqtisadi böhran, həyat səviyyəsinin getdikcə düşməsi və işsizliyin durmadan artması ilə əlaqələndirirlər.

Lakin onların fikirləri Avropada rasizm, separatizm və şovinizm meyllərinin "çiçəklənməsi" üçün heç də əsas vermir. Vaxtilə Avropa dəfələrlə iqtisadi böhranla, işsizliklə üzləşib. Amma həmin dövrlərdə qeyri-millətlərə hörmət və ehtiramla yanaşılıb, onların ləyaqəti, hissləri tapdalanmamışdı. Başqa xalqlara münasibət Avropanın ictimai mühitindən irəli gəlir. Bir sözlə, Avropa öz simasını başqa istiqamətdə dəyişir. Bu isə özlüyündə bəşəriyyət üçün ciddi təhlükə yaradır. Bu baxımdan, Niderland parlamentinin radikal millətçi fəaliyyəti də Avropada dolaşan faşizm kabusunun tərkib hissəsi və bir elementi kimi dəyərləndirilə bilər.

APA Analytics

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR