Paşinyan qədər onu hakimiyyətə gətirən Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyır - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 16:20 13 Noyabr 2020

Paşinyan qədər onu hakimiyyətə gətirən Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyır - TƏHLİL

Küçə intriqaları nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan Ermənistanda tam despotik rejim qurub.

Artıq onun rəhbərlik etdiyi rejimin demokratikliyinə dair imitasiya imkanları da sıradan çıxıb. Ölkəsini fəlakətə məhkum etmiş bu insan bütün rəqiblərini, müxalifətçiləri həbs etdirib. Azərbaycanın yeni ərazilərini işğal etmək istəyən, lakin ağır zərbələr alan Nikol  Paşinyan ölkə daxilində narazılıqları susdurmaq üçün repressiyalara başlayıb.

Artıq Qərb dairələrinin də Paşinyanın demokrat ola biləcəyinə dair ümidləri puça çıxıb. 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini "demokratik inqilab" adlandıran bəzi Qərb dairələri yanıldıqlarını etiraf etməyə başlayıblar. Lakin unudurlar ki, bütün bunlarda onlar özləri də günahkardırlar. Məhz onlar Paşinyanın bütün anti - demokratik addımlarına susublar. Hətta Ermənistanda həbs edilən jurnalistin - Mger Yegiazaryanın aclıq elan etməsi və həbsxanada ölməsinə də beynəlxalq təşkilatlar seyrçi qalmışdı. Belə bir hadisə Azərbaycanda baş versəydi, Bakıya hansı təzyiqlərin ola biləcəyini təxmin etmək o qədər çətin deyil - Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquq təşkilatı qalmayacaqdı. Lakin  Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması qəribə bir susqunluqla qarşılanır. İkili standartların və ədalətsizliyin növbəti nümunəsi.

Ermənistanda iki eks-prezident məsuliyyətə cəlb edilib, onlar barəsində cinayət işi açılıb, lakin Qərb buna da göz yumur. Prezident  İlham Əliyev haqlı olaraq sual verir - Avropa Şurası buna niyə susur?  Ermənistan üzrə məruzəçilər niyə susur? "Freedom House",  "Human Rights Watch", "Amnesty International" niyə susur?

Azərbaycanda guya sülh çağırışına görə insanların həbs edildiyini iddia edib, Prezident Əliyevə sual ünvanlayan, lakin bir fakt belə gətirə bilməyən Qərb jurnalistikası Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir, heç nə baş verməmiş kimi davranırlar, bu barədə Paşinyana heç bir sual ünvanlanmır. Ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycan Prezidentinə qarşı xarici mediada hədyanlar yazanlar, bunu sifariş edənlərin əsl kimlikləri, simaları bu gün ortadadır. Onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan əllərində gələni edirlər. Bərdə, Gəncə və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə  cinayətlərindən bəhs etmək əvəzinə, Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirirlər.

Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.

Məhz bu susqunluq Paşinyanı yeni cinayətlərə sövq edib, onu arxayın salıb, bu cəzasızlıq daha böyük cinayətlərə yol açıb və Paşinyan hərbi cinayətlərə əl atıb. Özündən  müştəbeh Paşinyan Azərbaycana qarşı müharibəyə başlayanda da elə hesab edirdi ki, onu dayandırmaq mümkün olmayacaq. Lakin Paşinyan Azərbaycan ordusunun gücünü, Ali Baş Komandanın hərbi və diplomatik gücünü hesablaya bilmədi, nəticədə diz çökməyə vadar oldu.

Azərbaycanın apardığı əks-hücum əməliyyatı Paşinyanı həm hərbi, həm də siyasi baxımdan iflasa uğratdı. Məğlub olduqca da Paşinyan ağlını itirməyə və ən müxtəlif ölkələrin jurnalistlərinə qarşı təzyiqlərə başladı. Əks-hücum əməliyyatı zamanı rusiyalı jurnalist Oleq Kaşin Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün onun akkreditasiyası ləğv olundu və ölkədən qovuldu. Beynəlxalq jurnalist təşkilatlar bu dəfə də susdu.

Azərbaycan Ordusunun zərbələri altında əzilən terrorçu ölkə Ermənistan dünyada olan azad medianı hədəf seçdi. Müstəqil mövqe sərgiləyən, obyektiv informasiya hazırlayan hər bir jurnalist erməni terrorçularının təzyiqi ilə üzləşir. Paşinyan indi daha da həyasızlaşıb və Azərbaycanın uğurla həyata keçirdiyi əks-hücum əməliyyatını işıqlandıran dünya mediasını, eyni zamanda öz vətəndaşlarını qorxu və vahimə altında saxlayır.  Lakin demokratik təsisatlar buna da göz yumurlar.

Hətta Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə götürən xarici jurnalistlərin demək olar ki, hamısı ermənilərin şantajına məruz qalaraq, təhdid və ölümlə hədələnir. Paşinyan hakimiyyəti bütün dünyaya meydan oxuyur, lakin özlərini demokratiyanın qarantı hesab edənlər yenə də susurlar.

Paşinyan devrilmək təhlükəsinin real olduğunu anlayır, odur ki, daha ağır repressiyalara əl atır. Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Artıq Ermənistanın özündə  də anlamağa başlayırlar ki, Paşinyan bir təhlükə mənbəyidir. Qərbin susqunluğu ilə cinayətlərə əl atan Paşinyanın sonu  belə də olmalı idi. Lakin bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar.

Qərbin demokrat adlandırdığı Paşinyan Ermənistanı məhv edir. Ölkə müharibədə Azərbaycan qarşısında ağ bayraq qaldırdı, aman istədi, təslim olduğunu bəyan etdi. Ölkədə aclıq hökm sürür. Nikol Paşinyan narazılıqların qarşısını repressiyalarla almaq istəyir. Yüz minlərlə insanı öz cılız ambisiyalarına qurban verən Paşinyana mənəvi atası olan Soros da yardım etmədi. O təkləndi, özünü və ölkəsini uçuruma sürüklədi. Onun bir siyasətçi kimi taleyi həll edilib, artıq Paşinyanı heç kəs xilas edə bilməz. O, özü ilə bərabər Ermənistanı da acınacaqlı duruma saldı. Küçə demaqoqunun “ali baş komandan”lığı fiaskodan başqa heç nə vəd etmirdi.  İndi onun özü də, ölkəsi də çırpınır və Azərbaycana yalvarmaqdan başqa yolu qalmır...

APA Analytics

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR