Paşinyan seçkidə qələbə qazansa, Ermənistanı nə gözləyir? - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 18:03 01 Aprel 2021

Paşinyan seçkidə qələbə qazansa, Ermənistanı nə gözləyir? - TƏHLİL

İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra Ermənistanda gözlənilən siyasi hakimiyyət dəyişikliyi baş vermədi. Bunun əsas səbəbi Paşinyan hakimiyyətinin nüfuzu və ya güclü olması ilə bağlı deyildi. Başlıca səbəb hazırda əsas müxalif qüvvə olan "Qarabağ klanı"nın məğlub və zəif Paşinyandan daha da zəif olmasıdır. Paşinyan 10 noyabr tarixli bəyanatdan sonrakı beş aya yaxın dövr ərzində möcüzəli şəkildə hakimiyyətdə də məhz buna görə qala bilib. Onun əsas rəqibləri olan "Qarabağ klanı"nın rəhbərlərinin siyasi meyit olması aşkar olaraq üzə çıxdıqdan sonra ölkə generalitetinin hərbi çevriliş cəhdi də uğursuz oldu. Bundan sonra Paşinyan hərbi çevrilişə qarşı olan əksər aparıcı dövlətlərinin dəstəyindən də istifadə edib ölkənin hərbi elitasında dəyişiklik etdi. Artıq ölkənin həm müdafiə naziri, həm də Baş Qərargah rəisi Paşinyana yaxın kadrlardır. Bu istiqamətdə mövcud təhlükələrdən mümkün qədər sığorta olunduqdan sonra o, ölkədə 20 iyun tarixində növbədənkənar parlament seçkilərinin keçiriləcəyi elan etdi. Bununla da, Ermənistanda hakim partiya həm müəyyən qədər zaman qazanmaq, həm də keçiriləcək seçkilərlə nəhayət ki, ölkə idarəetməsində yaranmış tərəddüdlərə və suallara nöqtə qoymaq istəyir. Planlaşdırılan bu növbədənkənar parlament seçkiləri ölkədəki revanşist qüvvələrin uğursuz müharibə çağırışları ilə bağlı yaranmış toz-dumanı da yatırdacaq.

Seçkilərlə bağlı proqnozlar, əsasən, hansısa sürprizin olmayacağı və hakim "Mənim addımım" siyasi alyansının qələbə qazanacağı istiqamətindədir. Ermənistandakı hazırkı siyasi vəziyyət və baş verən proseslər də Paşinyanın qalib gələcəyi ehtimalının daha yüksək olduğunu diktə edir. Təbii ki, bununla yanaşı, Paşinyanın komandası qələbə üçün əlindən gələn qanuni və qanunsuz addımları da atacaq.

Ermənistanda keçirilmiş rəy sorğuları da Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" blokunun seçkilərdə qalib gələcəyini düşünməyə əsas verir. “Gallup International Аssociation” mərkəzinin 26-29 martda keçirdiyi sorğunun nəticələrinə görə, “Mənim addımım” populyarlığına görə digər siyasi qüvvələri kəskin üstələyir. “Qarşıdakı bazar günü seçkilər keçirlərsə, kimə səs verərdiniz” sualına cavabında respondentlərin 31.7%-i “Mənim addımım” blokuna səs verəcəyini bildirib. Rəyi soruşulanların 5.9%-i Robert Koçaryana, 4.4%-i “Çiçəklənən Ermənistan” partiyasına, 2.4%-i “İşıqlı Ermənistan” partiyasına, 2.4%-i Serj Sarkisyanın sədri olduğu Respublika partiyasına, 2.1%-i Daşnaksutyun Partiyasına, 1%-i “Vətənin xilası naminə hərəkata” səs verəcəyini deyib. Digər siyasi qüvvələr isə daha az səs alıb. Hətta 24.6% heç kimə səs vermək istəmədiyini, 20% isə cavab verməkdə çətinlik çəkdiyini qeyd edib. Göründüyü kimi, müharibədə acı məğlubiyyətə baxmayaraq, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə hələ də Ermənistanda yüksək populyarlığını saxlayır, əsas rəqibləri olan Koçaryan-Sarkisyan cütlüyü üzərində də əzici üstünlüyə malikdir. Bu isə hakim blokun seçkilərdə qələbə qazanacağını söyləməyə əsas verir.  

20 iyun parlament seçkilərinin nəticələri qədər, həmin seçkidən sonra ölkədə baş verəcək siyasi hadisələr də maraqlıdır. Paşinyan qalib gələrsə, onun öncə Prezident Armen Sarkisyanla münasibətlərə aydınlıq gətirməyə çalışacağı gözlənilir. Çünki müharibədən sonrakı dövrdə, xüsusilə Baş nazirin ordu rəhbərliyi ilə olan qarşıdurması zamanı Prezident Paşinyanı birbaşa dəstəkləmədi. Ona görə də Paşinyan ölkədə mütləq hakimiyyətini bərqərar etmək istəyirsə, həlledici məqamlarda onun yanında deyil, qarşısında duran prezidentdən xilas olmalıdır. Bunun üçün də böyük ehtimal ki, prezidentin növbədənkənar seçilməsi variantı gündəmə gələ bilər. Məlum olduğu kimi, Ermənistanın hazırkı qanunvericilik sisteminə görə prezidenti xalq deyil, deputatlar seçir. Bu baxımdan parlamentdə mütləq çoxluğa malik olacaq partiyası vasitəsi ilə istəyini reallaşdırmaq Paşinyan üçün heç də çətin olmayacaq.

Ən maraqlı və yaddaqalan prosesin Paşinyanın qatı və qəddar düşməni olan "Qarabağ klanı"na qarşı atılacaq addımlarla bağlı olacağı hesab olunur. Ölkədə keçirilən mitinqlərdə Paşinyanın və həyat yoldaşının “Çauşesku cütlüyü” kimi qətlinin ssenarisini nümayiş etdirməklə Baş naziri hədələyən sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyana qarşı vendettanın təşkil ediləcəyi ehtimalı böyükdür. Yalnız bu prosesləri uğurla başa çatdırdıqdan sonra Paşinyan ölkə daxilində idarəetmə sükanını tam əlinə ala biləcək. Qarabağsız və işğal edilmiş ərazilərsiz Ermənistanda hər şey dəyişə və fərqli şəkildə cərəyan edə bilər. Yalnız 10 noyabr tarixli bəyanatla bağlı öhdəliklərin yerinə yetirilməsinə dair proses dayandığı yerdən əvvəlki kimi davam etməlidir. Bu hal, bəyanatın ən əhəmiyyətli və vacib hissələrindən biri olan Naxçıvan dəhlizinə dair mütləq şəkildə reallaşmalı olan prosesi daha da sürətləndirəcək. Çünki Paşinyan da bilir ki, həmin bəyanat təkcə onun deyil, bütün Ermənistanın müqəddəratını həll edən faktordur.

Xəyal Bəşirov, siyasi şərhçi

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR