Prezident nidanı qoydu: Dağlıq Qarabağda heç bir referendum olmayacaq! [color=red] TƏHLİL [/color]
  • TƏHLİL

  • 16:18 23 Oktyabr 2020

Prezident nidanı qoydu: Dağlıq Qarabağda heç bir referendum olmayacaq! TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Müsahibə zamanı Prezident dünya ictimaiyyətinə, ələlxüsus planetin hegemon dövlətlərinə bir sıra mühüm ismarıclar göndərib.

Prezident açıq şəkildə Ermənistanı danışıqları pozmaqda və ümumiyyətlə iki tərəf arasında Moskvada razılaşdırılmış məqamları alt-üst etməkdə günahlandırıb. İlham Əliyev açıq şəkildə Nikol Paşinyan hakimiyyətini reallığı qəbul etməyə və hazırkı duruma görə adekvat addımlar atmağa səsləyib. Əlbəttə ki, əvvəlki status-kvonun mövcud olmadığı, təmas xəttinin dağıdıldığı bir vaxtda danışıqlar yeni çalarlar alır və əgər müharibə başlayana qədər 30 il ərzində ölkəmiz Dağlıq Qarabağdakı ermənilərə bir çox güzəştlərə getməyə hazır idisə, Nikol Paşinyanın danışıqları pozması və razılaşdırılmış sənədləri qəbul etməməsindən sonra vəziyyət başqa xarakter alır. Artıq təmas xəttinin olmadığı, ətraf rayonların bir hissəsinin ordumuz tərəfindən işğaldan azad edildiyi bir vaxtda Azərbaycanın Ermənistana verə biləcəyi ən yaxşı şans tez bir zamanda təcili şəkildə erməni silahlılarının torpaqlarımızı tərk etməsidir. Bu isə o deməkdir ki, indiki halda Ermənistan rəhbərliyi xüsusilə daha məntiqli və məsuliyyətli davranaraq işğal edilmiş əraziləri boşaltmalıdır. Əks təqdirdə, bunu Azərbaycan Ordusu özü etməkdə davam edəcək. Və, o zaman, Dağlıq Qarabağdakı ermənilərin və Ermənistanın Azərbaycandan istəyəcəyi heç nə Bakı tərəfindən qəbul edilməyəcək. Daha doğrusu, rədd ediləcək. Çünki sülh vaxtı münaqişə tərəfləri arasındakı razılıqlarla müharibədən sonrakı danışıqları bir tutmaq olmaz.

Bu məsələyə toxunan Prezident İlham Əliyev bir daha Ermənistan hakimiyyətinin apardığı siyasəti iflas etdi. Prezident qeyd etdi ki, indi ərazimizin böyük bir hissəsini geri aldığımız bir vaxtda Dağlıq Qarabağda referendumun keçirilməsi mümkün deyil. “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var". Sitatın sonu.

 

Burada biz bir daha Prezident İlham Əliyevin prinsipial mövqeyini görməkdəyik. Dünənə qədər Azərbaycana öz aləmində meydan oxumaq istəyən, “Qarabağ Ermənistandır və nöqtə” deyə sərsəm bəyanatlar verən Nikol Paşinyan apardığı siyasətin erməni xalqına nə dərəcədə ciddi zərbə vurmuş olduğunu yaxın vaxtlarda görəcək. Ona görə nə qədər gec deyil Paşinyan və komandası Azərbaycanın cəmi bir şərtini qəbul etməlidir. Əks təqdirdə erməni iştahası onlara baha başa gələcək.

Yeri gəlmişkən, Prezidentin Azərbaycanın haqqı olan öz ərazi bütövlüyünü bərpa etməsi və hərbi əməliyyatların məhz Azərbaycan ərazisində getdiyini bir neçə dəfə təkrarlamasından sonra artıq beynəlxalq aləm də Ermənistanın arzularını puç etməkdədir. Elə dünən nəhayət ki, ABŞ və Rusiya tərəfindən Azərbaycanın mövqeyi ilə üst-üstə düşən bəyanatların verilməsinin şahidi olduq. ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison bildirdi: “Münaqişə Azərbaycanın suverenliyi çərçivəsində həll olunmalıdır və ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin ilkin mərhələsinə qayıtmasını arzu edirlər. Hansı ki, orada Azərbaycanın suveren sərhədləri var və erməni əhali bu sərhədlər çərçivəsində yaşayırlar. Bu, razılaşdırıla və o zaman münaqişə başa çata bilər”.

Təsadüfi deyil ki, ABŞ nümayəndəsinin bu bəyanatı okeanın o tayındakı erməni diasporu və Ermənistan daxilində çox ciddi narahatlıqla qarşılanıb.

ABŞ-ın ardından Rusiya prezidenti Vladimir Putin də “Valday” forumunda sualları cavablandırarkən ərazi bütövlüyü məsələsinin vacibliyinə toxunub. O deyib ki, “Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz”.

Bəli, indi vəziyyət dəyişməkdədir. Əgər 90-cı illərdə hərbi əməliyyatlar gedən zaman demək olar ki, bütün dünya Azərbaycana qarşı idisə, indi erməni yalanlarının ifşası və düzgün aparılan diplomatik siyasət nəticəsində tamamilə əks proseslərlə qarşı-qarşıyıq.

Beləliklə, bu gün döyüşlərin getdiyi, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin olduğu bir vaxtda Azərbaycan öz mövqeyində qətidir. Ermənistan ordusu bütün Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. Görünən odur ki, istər diplomatik sahədə, istərsə də Qarabağda ciddi fiasko ilə üzləşən Ermənistanın keçmiş və indiki hərbi-siyasi elitası Ermənistan dövlətinə necə ciddi zərbə vurduqlarını yaxın vaxtlarda başa düşəcəklər. Erməni əsilli kinorejissor Şahnazarovun başa düşdüyü kimi. Karen Şahnazarov etiraf edib ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi mümkün deyil: “Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımır. Bu məsələlər güclə həll olunur - əgər Bakını almağa gücün varsa. Gücün yoxdursa, onda kompromis axtar. Güzəştə getmək lazımdır. İnadkarlıqla məsələni həll etmək mümkün deyil. Bütün mübahisəli əraziləri Azərbaycana verməklə problemi həll etmək olar, əslində, onlar mübahisəli deyil, yəni mübahisəsizdir, bunu qəbul etməliyik və konkret olaraq orada yaşayan erməni əhalisi ilə bağlı məsələləri həll etməliyik”.

Bəli, artıq bəzi rasional düşüncəyə malik ermənilər və indiyə qədər bölgədə ermənilərin vasitəsilə öz geosiyasi maraqlarını həyata keçirən güclər də başa düşürlər ki, Qarabağın Azərbaycanın olması ilə barışmaq lazımdır.

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR