Prezidentin Şuşa Zəfəri, Şuşaya Səfəri - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 15:35 16 Yanvar 2021

Prezidentin Şuşa Zəfəri, Şuşaya Səfəri - TƏHLİL

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərinə səfər etdilər.

Səfər zamanı Füzuli-Şuşa yolunun və Füzuli  beynəlxalq hava limanının təməli qoyuldu.

Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməlinin qoyulması, işğaldan azad edilən ərazilərdə beynəlxalq aeroportlar da daxil olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması üçün strateji əhəmiyyətlidir. Artıq inşasına başlanılan hava limanının uçuş-enmə zolağının istifadəyə verilməsi bu ilə planlaşdırılır. Hava limanı bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında, o cümlədən hərbi yüklərin bölgəyə daşınmasında əhəmiyyətli rola malik olacaq. Azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək. Prezident qeyd edib ki, böyük qayıdış başlayır, bütün işlərə start verilib: “Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.

Şuşadan dünyaya və Ermənistana icmarıclar

Şuşada hərbçilər qarşısında çıxış edən Ali Baş Komandan qeyd edib ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.

Doğrudan da, Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlığı tarixində xüsusi yer tutacaq. Demək olar kı, əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi. Şuşanın azad edilməsi həm də, müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Təsadüfi deyil ki, hər ilin noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilib.

Uzun müddət idi ki, ermənilər onlarla heç bir tarixi və mental əlaqəsi olmayan Şuşa şəhərini erməni şəhəri kimi qələmə verir, Şuşaya səfərlər edərək xalqımızın hissləri ilə oynayırdılar. Qondarma rejimin “parlamenti”nin 2021-ci ildə Şuşaya köçürülməsini planlaşdıran, Şuşada yallı oynayaraq səbrimizi sınağa çəkən ermənilər mütləq şəkildə cəzalarını almalı idi.

Prezident İlham Əliyev Şuşa şəhərində əsgərlər qarşısında çıxışında maraqlı məsələyə toxunub. O deyib: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.

Prezident demişkən, ermənilərdəki təkəbbürə baxın ki, onlar bayrağımızın Şuşada dalğalanmasının Dağlıq Qarabağda səfirliyimizin açılması nəticəsində mümkün olacağını bildirmişdilər. Müharibəyə qədərki dövrdə potensiallarını və imkanlarını aşan bəyanatlar səsləndirən ermənilər, təbii ki, yaxşı bilirdilər ki, erməni dövlətinin yaradılması tarixin müxtəlif dövrlərində Azərbaycan torpaqlarının işğalı nəticəsində mümkün olub. Son 30 ildə də havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar və Dağlıq Qarabağdakı separatçılar güman edirdilər ki, “xilaskarları” bu dəfə də onların köməyinə çatacaq. Lakin 44 gün ərzində ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti bu dəfə ermənilərin və onların havadarlarının bölgədəki siyasətlərinin iflası ilə nəticələndi. Ordumuz cəmi 44 gün ərzində düşmənə dəmir yumruğunu göstərdi.  Bununla da, Azərbaycan xalqı necə döyüşkən, necə qəhrəman, necə mübariz olduğunu, qarşısındakı ordunun isə, necə qorxaq və cəsarətsiz olduğunu sübut etmiş oldu. Baxmayaraq ki, bu 44 gün ərzində Azərbaycanın siyasi rəhbərliyi bir çox təzyiqlərlə üzləşirdi. Bu təzyiqlərə toxunan Prezident  bildirib: “Bütün təzyiqlərə, bütün telefon zənglərinə, bütün təhdidlərə baxmayaraq, dedim ki, sona qədər gedəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Etdik də, getdik də, qovduq da və düşmən məcbur olub noyabrın 10-da kapitulyasiya aktını imzaladı və beləliklə müharibəyə son qoyuldu”.

Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı

İşğal faktorunun aradan qaldırılmasına toxunarkən Prezident qeyd edib ki, bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq: Dövlət başçısı bütün şəhid ailələrinin dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu bir daha diqqətə çatdırıb: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. “Vətən Müharibəsi Ordeni” Azərbaycanın ən ali hərbi ordenidir”.

Təbii ki, Azərbaycan hər zaman şəhid ailələrinə, qazilərə sosial qayğı göstərərək, dövlətin qayğısının hər zaman onların üzərində olacağını sübut edib. Bu, həm də mənəvi məsələdir. Bu gün Azərbaycan cəmiyyətində şəhidlərə, qazilərə dərin hörmət varr, onların qəhrəmanlıqları unudulmur.

“Güllələnmiş heykəllər”in Şuşaya qayıdışı Qələbənin rəmzi kimi

Səfər zamanı diqqəti çəkən digər maraqlı məqam Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin Prezident tərəfindən Bakıdan Şuşaya gətirilməsi,  əvvəlki yerlərinə qoyulması oldu.

Şuşa hər zaman tanınmış şəxsiyyətləri ilə seçilib. Bu, Şuşanın Tanrının sevimli şəhəri olması kimi də dəyərləndirilə bilinər. Şuşa Azərbaycanın bir çox ziyalılarının, o cümlədən şairlərin, yazıçıların vətəni olub. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində digər ərazilərdə olduğu kimi, Şuşada da tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri, Vaqifin məqbərəsi, şəhərdə yerləşən qədim məscidlər və s. mədəni, tarixi, dini tikililər var.

Yuxarıda sadalanan və ermənilər tərəfindən vandalizm aktına məruz qalan abidə və tikililərin bir hissəsi məhz Ulu Öndər Heydər Əliyevin zamanında inşa edilmişdi. Prezident Şuşada qeyd etdi ki, Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev 1982-ci ilin yay aylarında özü şəxsən açıb: “Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi”.

Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri də XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub. Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat da sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən eksponatlar məhv edilib.

Digər Azərbaycan şəhər və rayonlarında olduğu kimi, Qarabağda da Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı Heydər Əliyevin atdığı addımlar Azərbaycan xalqının və dövlətinin gələcəyinə hesablanmış siyasət idi. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi onun bütün fəaliyyəti dövründə özünü göstərib. Bu gün isə, onun layiqli davamçısı, Vətən müharibəsinin qəhrəmanı İlham Əliyev Azərbaycan tarixini qızıl hərflərlə yazmaqdadır.

Prezidentin Ermənistandakı revanşist qüvvələrə Şuşadan xəbərdarlığı

Prezident İlham Əliyev Ermənistandakı revanşist qüvvələrə Şuşadan ciddi xəbərdarlıq edərək bildirdi ki, onlar yenidən baş qaldırsalar, bir daha dəmir yumruqla üzləşəcəklər.

Həmin o revanşist qüvvələr əslində reallığın fərqindədirlər. Lakin hakimiyyət uğrunda apardıqları savaş və münaqişənin Azərbaycanın xeyrinə başa çatmasını həzm edə bilməyən bəzi xarici dairələr postmüharibə dövründə də bölgədə sülhə xələl gətirmək istəyirlər. Ermənistan ordusunun texnikası və canlı qüvvəsi tamamilə məhv olub. Lakin Ermənistan cəmiyyətində olan bəzi revanşist qüvvələr “itirilmiş torpaqların” yenidən tələb olunması barədə danışırlar. Ermənistanda müxalif təşkilatların nümayəndələri hakimiyyətə gəlmək üçün revanş haqqında düşünürlər. Biz bu kimi çıxış və bəyanatları  son 30 ildə dəfələrlə erməni siyasətçilər və hərbçilər tərəfindən eşitmişik. Nəticə isə hər kəsə bəllidir: Faktiki olaraq suverenliyini itirmiş Ermənistan dövləti, tarixi qüvvəsini itirmiş erməni kilsəsi və diasporu. Ona görə də, yaxşı olardı ki, Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən qonşu ölkələrin torpaqları haqqında, ələlxüsus Azərbaycanın tarixi əraziləri haqqında xəyallara qapılmasın. Artıq bölgədə yeni geosiyasi proseslərin təməli qoyulmaqdadır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR