Süveyş kanalında yaşananlar "Orta dəhliz"i aktuallaşdırır - [color=red] TƏHLİL[/color]
  • TƏHLİL

  • 10:11 08 Aprel 2021

Süveyş kanalında yaşananlar "Orta dəhliz"i aktuallaşdırır - TƏHLİL

Dünyada müşahidə olunan müxtəlif hadisələr hər şeyin bir-biri ilə əlaqəli və bir-birindən asılı olduğunu mütəmadi olaraq nümayiş etdirir. Bunu iqtisadiyyata da aid etmək olar. Dünya iqtisadiyyatı sözün həqiqi mənasında qlobaldır. Bunun sübutu da planetin bir yerində baş verən hər hansı bir müsbət və ya mənfi hadisənin bir çox qlobal iqtisadi proseslərə təsir etməsidir. Bu yaxınlarda Süveyş kanalı ətrafında yaranmış vəziyyət bunun bariz nümunəsidir.

Xatırladaq ki, martın 23-də Yaponiyanın "Shohei Kisen" şirkətinə məxsus 400 metr uzunluğunda "Ever Given" konteyner gəmisi güclü külək və qum fırtınası şəraitində saya oturaraq kanalı tamamilə bağlayıb. Gəminin saydan çıxarılması altı gün çəkdi və əməliyyat yalnız dərinləşdirmə işləri aparıldıqdan sonra uğurla başa çatdı. Bu müddət ərzində yüzlərlə gəmi keçid üçün növbəyə düzüldü və tıxac demək olar ki, Hindistana qədər uzandı.

Süveyş kanalı İdarəsinin rəhbəri Usama Rabianın sözlərinə görə, gəmi 3,5 mlrd. ABŞ dollarlıq yüklə birlikdə hadisənin araşdırılması və təzminat ödənilməsinə qədər saxlanılıb. Kanalın rəhbərliyi gəmidən və onun sahibindən 1 mlrd. dollardan çox təzminat almağa ümid edir.

Süveyş kanalının əsas nəqliyyat mərkəzi olduğunu nəzərə alsaq, onun işləməməsindən yaranan itkilər də bu statusa uyğundur. Aralıq və Qırmızı dənizləri birləşdirən kanalın payına qlobal dəniz yük dövriyyəsinin 10-12%-i düşür. Kanaldan gündə təxminən 50 gəmi keçir. "Ever Given" gəmisi tərəfindən Süveyşin bloklanması dünya iqtisadiyyatına gündə təxminən 10 mlrd. dollar ziyan vururdu.

Qeyd edək ki, hadisənin miqyasına baxmayaraq, bu, Azərbaycanın iri şirkətlərinin (SOCAR, ASCO) dəniz fəaliyyətinə təsir etməyib. Lakin yaranmış vəziyyət Asiya ilə Avropa arasında malların daşınması üçün alternativ yolların və istiqamətlərin inkişafı məsələsini daha da aktuallaşdırıb. Əsas məqsəd isə qlobal yükdaşımaların və iqtisadiyyatın bir və ya iki marşrutdan asılılığını azaltmaqdır. Belə bir perspektivli və aktual istiqamətlərdən biri də "Orta dəhliz" marşrutudur (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – TXBNM).

Hər sahədə olduğu kimi, yük daşımalarında və nəqliyyat marşrutlarının seçimində də alternativ variantlar olmalıdır. Məhz alternativ istiqamətlərin, marşrutların və dəhlizlərin inkişafı Avropa və Asiyanın iqtisadi inteqrasiyası və Avrasiya məkanında ticarətin inkişafını təmin edə bilər. Əlavə olaraq, alternativin mövcudluğu fors-major vəziyyətlərdə (məsələn, Şüveyş kanalında yaranan tıxac) yarana biləcək təsiri və itkiləri minimuma endirməyə imkan yarada bilər.

TXBNM – Çindən Türkiyəyə və eləcə də Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Azərbaycan konsorsiumda "ADY-Conteiner" şirkəti ilə təmsil olunur. Bu dəhliz üzrə hərəkət edən "Nomad Ekspress" blok qatarı orta hesabla 10-12 günə yükləri Çindən Avropaya çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır.

"Orta dəhliz" vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları, digəri isə 2017-ci ilin oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan BTQ layihəsi istismara verildikdən sonra "Orta dəhliz"lə yükdaşımaların xərcləri xeyli aşağı düşərək, tranzit yükdaşımaları daha faydalı edərək onların həcminin artırılmasına xidmət edir.

Əlbəttə, qlobal yükdaşımaların böyük hissəsinin dəniz nəqliyyatının payına düşməsini inkar etmək olmaz. Bu nəqliyyat növünün bir sıra üstünlükləri olsa da (aşağı tariflər, daha çox yükgötürmə qabiliyyəti), çatışmazlıqları daha çoxdur (sürət, qablaşdırmaya və təhlükəsizliyə olan sərt tələblər, daşımaların aşağı tezliyi). Dəniz nəqliyyatının ən əhəmiyyətli mənfi cəhəti sürətin aşağı olmasıdır, yəni bu nəqliyyat növü ilə yüklərin nəqli daha çox vaxt tələb edir. Bununla yanaşı, dəniz nəqliyyatı hava və naviqasiya şərtlərindən çox asılıdır və bu Şüveyş kanalı ilə bağlı yaranmış vəziyyət bunu bir daha sübut etdi.

Vurğulamaq lazımdır ki, dəniz nəqliyyatından fərqli olaraq dəmir yolu hər cür hava şəraitində müxtəlif yüklərin nisbətən daha sürətli daşınması üçün uyğundur. Belə halda daşınmalar müntəzəmdir. Dəmir yolu nəqliyyatının digər üstünlükləri sırasında daşıma tariflərinin nisbətən aşağı olması və güzəştlərin tətbiqidir.

Dəmir yolu nəqliyyatının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu çərçivəsində geniş şəkildə istifadəsi də bu istiqaməti Avropa-Asiya miqyasında daha cəlbedici və perspektivli edir. "Orta dəhliz"in daha da inkişafı iki qitə arasında daha sürətli yükdaşımalarının genişləndirilməsi ilə yanaşı, Xəzər regionunun iri nəqliyyat mərkəzinə çevrilməsinə xidmət edəcək.

Emil İsmayılov

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR