Ermənistan qondarma “hərbi əsir” məsələsi ilə manipulyasiyadan əl çəkməlidir - [color=red] TƏHLİL[/color]
  • TƏHLİL

  • 17:59 09 Aprel 2021

Ermənistan qondarma “hərbi əsir” məsələsi ilə manipulyasiyadan əl çəkməlidir - TƏHLİL

Ermənistanda onsuz da gərgin olan vəziyyət son vaxtlar daha gərginləşib. Bunun əsas səbəblərindən biri də əsir məsələsi ilə manipulyasiyaların edilməsidir.

Dünən də növbəti analoji hadisələrdən biri baş verdi. Ermənistan hakimiyyət təmsilçiləri bildirdilər ki, guya Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov Bakıdan İrəvana erməni hərbi əsirlərin növbəti qrupunu gətirir. Təyyarə İrəvana enəndə isə məlum olub ki, təyyarədə heç bir əsir yoxdur, təkcə Rüstəm Muradov təşrif buyurub.

Ermənistan hakimiyyəti dünən növbəti dəfə xalqını aldatmış oldu. Məsuliyyətsiz açıqlamaları və davranışları ilə ad çıxaran Paşinyan və komandası artıq nə edəcəyini bilmir, başını itirmiş durumdadır. Hərbi əsir məsələsi ilə manipulyativ addımları isə onları daha da çətin duruma salır. İş o yerə çatıb ki, Rüstəm Muradov da artıq dilə gəlib. Rusiyalı general bu gün verdiyi açıqlamada bildirib ki, dünən guya Bakıdan İrəvana hərbi əsir gətirəcəyi barədə Ermənistan hakimiyyətinin verdiyi məlumatlar yalan və təxribatdır. O, açıq mətnlə Ermənistan hakimiyyətini yalançı və təxribatçı adlandırıb. Jurnalistin “Onda nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi” sualına cavabında Rüstəm Muradov “Bu, yalan və təxribatdır. Onlardan soruşun. Onlar xalqı aldadırlar. Bu, planlaşdırılmış, adi səfər idi”, - deyə general bildirib.

 

Ümumiyyətlə, hərbi əsirlərlə bağlı məsələ Vətən müharibəsində acınacaqlı şəkildə məğlub olmuş Ermənistan hakimiyyətinin Azərbaycana qarşı qondardığı süni ittiham mövzusundan başqa bir şey deyil. Ermənistan törətdiyi müharibə cinayətlərinin məsuliyyətindən qaçmaq, işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməmək üçün “hərbi əsir” mövzusunu ortaya atıb və bundan istifadə etməyə çalışır. Bakı isə müxtəlif tribunalardan bəyan edib ki, bütün erməni hərbi əsirlər Ermənistana qaytarılıb.

Xarici işlər naziri Ceyhun Bayramov elə dünən İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında bəyan edib ki, ötən il dekabrın 12-13-də Azərbaycan hərbi qüvvələrinin tam nəzarətində olan, 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq, təsdiqlənmiş xəritələrə əsasən, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilmə zonasına aid olmayan ərazilərdə Ermənistan hərbçilərinin yerləşdirilməsi, hərbi təxribatlar törədilməsi nəticəsində 4 Azərbaycan hərbçisi həlak olub, 1 mülki şəxs ağır yaralanıb. “Dekabrın 12-13-də Azərbaycan xüsusi xidmət orqanları və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılmış anti-terror əməliyyatı zamanı o qrup tamamilə zərərsizləşdirilib və 62 nəfər Ermənistan hərbçisi tutulu. İstintaq tədbirləri nəticəsində o şəxslərin həmin əraziyə 26 noyabr tarixində yerləşdirilməsi faktı təsdiqlənib. Onlar Ermənistan vətəndaşları və hərbçiləridir, onlar Şırak vilayətindəndir. Onlar Azərbaycan ərazisində cinayət törədiblər və bu cinayət nəticəsində yaralanan və həlak olan insanlar var. Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, onlarla bağlı  cinayət işi açılıb. Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil. Bu mövqe Azərbaycan tərəfindən bildirilib. Bu faktla bağlı Azərbaycan tərəfi beynəlxalq təşkilatları məlumatlandırıb. BMT Baş katibinə bu faktla bağlı məktub ünvanlamışıq. Bunun regiona təhdid adlandırmışıq, Ermənistana təzyiq göstərilməsini istəmişik. Ermənistan bu kimi spekulyasiyalarla üçtərəfli bəyanata zidd olan addımlarını gizlətmək istəyir”.

Nazir onu da bildirib ki, bu kimi hallara gələcəkdə də şərait yaratmamaq üçün erməni hərbi qüvvələri qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmalıdır: “Məlumatlar var ki, Ermənistan tərəfi öz hərbçilərini Azərbaycan ərazisində yerləşdirmək cəhdlərindən əl çəkmir". 

Nazirin “Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz” bəyanatı bir daha təsdiqləyir ki, gizli yolla, diversiya-təxribat törətmək məqsədilə 10 noyabrdan – üçtərəfli bəyanatdan 16 gün sonra Azərbaycan ərazisinə keçən, burada Azərbaycan hərbçilərinin ölümünə səbəb olan şəxslər dünyanın heç bir qanunu, heç bir kitabı ilə əsir sayıla bilməz. Odur ki, Ermənistan bu qondarma iddiadan əl çəkməli, vətəndaşları, daxili publika ilə davranışlarında Azərbaycanın adından istifadə etməməlidir. Paşinyan və komandası üçtərəfli bəyanatı pozub, gizli yolla Azərbaycan ərazilərinə təxribatçı diversantlar göndərəndə düşünməliydi ki, buna görə cavab verəcək.

Lakin belə görünür ki, İrəvan hələ uzun bu mövzu ilə manipulyasiya edəcək. Baş nazir Nikol Paşinyan aprelin 7-də Moskva səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də guya Azərbaycanda hərbi əsirlərin saxlandığını bildirib. Bu məsələnin belə şəkil almasının məsuliyyəti həm də Rusiyanın üzərinə düşür. Qarabağda sülhməramlı missiya həyata keçirən Moskva da 10 noyabr bəyanatından sonra diversiya-təxribat məqsədi ilə gizli yolla Azərbaycan ərazilərinə gələn şəxslərin heç bir halda hərbi sayılmadığını Ermənistana anlatmalı, ondan bu məsələni birdəfəlik bağlamağı tələb etməlidir.

Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanda olan bütün erməni əsirlər qaytarılıb, sülh razılaşması əldə olunduqdan sonra əsir düşən şəxslər isə hərbi əsir deyil, terrorçudur və onların İrəvana təhvil verilməsi mümkün deyil.

Rusiya Ermənistanı başa salmalıdır ki, 10 noyabr bəyanatının müddəalarının həyata keçirilməsi ilə məşğul olmalıdır, onu pozmaqla yox. Başa salmalı və tələb etməlidir. Çünki Ermənistan həm də Rusiyanın maraqları əleyhinə addımlar atır. Paşinyan kommunikasiyaların açılması prosesinin irəliləməsində o qədər də həvəsli görünmür, prosesi ləngidəcək addımlar atır. Görünən budur ki, ona seçkilərə qədər vaxt udmaq lazımdır. Əslində, bu məsələ həm də Rusiyaya qarşı ermənilərin qurduğu oyuna bənzəyir. Belə ki, kommunikasiyaların açılması eyni zamanda Rusiyanın da maraqlarına cavab verən amildir.

İrəvan anlamalıdır ki, Azərbaycan mövqelərini bütün istiqamətdə üstün və güclüdür. Bakını şantaj etmək fikrinə düşənlər obyektiv reallığı qiymətləndirməyi bacarmağa məhkumdurlar. İrəvan anlamasa, Moskva bunu ona anlatmalıdır. Əks halda, Azərbaycan yenə də bu işi özü etməli olacaq - 44 günlük müharibədə etdiyi kimi...

APA Analytics

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR