İƏT-nın XIV Zirvə toplantısı: Azərbaycan daha bir platformada uğura imza atdı  - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 11:53 05 Mart 2021

İƏT-nın XIV Zirvə toplantısı: Azərbaycan daha bir platformada uğura imza atdı - TƏHLİL

Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIV onlayn Zirvə toplantısı keçirilib. Təşkilatın tarixinə nəzər salarkən, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən Regional İnkişaf üçün Əməkdaşlıq olaraq yaradılan qurum 1985-ci ildə “ECO” olaraq yenidən quruldu. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulub və hazırda Təşkilatın 10 üzv ölkəsi var. Təşkilatın əsas məqsədləri İƏT regionunda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini və qlobal iqtisadi meylləri nəzərə alaraq region daxili və regionlararası ticarəti genişləndirməkdir. Bunun üçün ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması və tariflərin azaldılması, həmçinin, qarşılıqlı nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini nəzərdə tutan İƏT Ticarət Sazişi vasitəsilə üzv dövlətlər arasında ticarətin liberallaşdırılması istiqamətində işlər görülməkdədir. Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə toplantılarına ev sahibliyi etmiş və bu tədbirlərdə qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapmışdır.

Azərbaycan İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürür. Bu xüsusda ölkəmizin təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qərar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir.

Dünən keçirilən Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan əvvəlcə sammit iştirakçılarını salamladı və Azərbaycanın Qələbəsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbəni “dastan qələbə” adlandıraraq postmüharibə dövründə hədəfin təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaq olduğunu qeyd etmişdir. Öz növbəsində Əfqanıstan lideri Əşrəf Qani də prezident İlham Əliyevi vətən müharibəsindəki qələbəyə görə təbrik etmiş,  “atanız sağ olsaydı, sizinlə fəxr edərdi” demişdir.

 

Yuxarıda sadalanan 3 liderin çıxışı bir daha göstərmiş oldu ki, Azərbaycanla Türkiyə, Pakistan və Əfqanıstan arasında münasibətlər artan xətt üzrə inkişaf etməkdədir, İƏT platforması çərçivəsində isə, tərəflər regional müstəvidə “iqtisadi-siyasi güc” quraraq bölgənin gələcəyi üçün mühüm layihələr həyata keçirəcək. Unutmayaq ki, hər 3 ölkə 44 günlük müharibə zamanı daima Azərbaycanın yanında olub, demək olar ki, hər gün bu dövlətlərin liderləri Ermənistanı ifşa edən bəyanatlarla çıxış ediblər.

Zirvə toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğana, Əşrəf Qaniyə, İmran Xana Azərbaycanın Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürünü bildirib, Azərbaycanın İƏT-ə üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verdiyini qeyd edib. Dövlət başçısı İƏT-in Tədqiqat Mərkəzinin Azərbaycanda yerləşməsi və təşkilata üzv dövlətlərin ümummilli lider Heydər Əliyevin bu təşəbbüsünü dəstəkləməsini vurğulayaraq, Mərkəzin səmərəli fəaliyyəti üçün ölkəmizin əlindən gələni edəcəyini qeyd etdi.

Bütün çıxışlarında olduğu kimi, bu dəfə də ilk olaraq Qarabağ məsələsinə toxunan Prezident BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qaldığını bildirərək,  Azərbaycanın özünün həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdiyini qeyd etdi. “İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi”, - söylədi Prezident.

Azərbaycan Prezidenti hər 3 dövlətə müharibədə ölkəmizi dəstəklədiklərinə görə təşəkkürünü bildirdi, qeyd etdi ki, “müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu, 27 və 28 sentyabr - müharibənin birinci və ikinci günü qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər”.

Burada xüsusilə son zamanlar güclənməkdə olan Türkiyə - Azərbaycan – Pakistan hərbi ittifaqı haqqında qeydlər aparmaq olar. Müharibə dövründə güclənən dostluq əlaqələri postmüharibə vaxtı da artan templə davam edir. Yanvarın 13-də İslamabadda Pakistanın, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri görüşüb, Birgə Bəyanat imzalayıblar. Bundan başqa, son 3 ayda Azərbaycanla Pakistan, Azərbaycanla Türkiyə və Türkiyə ilə Pakistan arasında  bir neçə dəfə baş tutan birgə hərbi təlimlərin şahidi olmuşuq. Bu təlimlər artıq mütəmadi xarakter alıb. Qeyd etmək yerinə düşər ki, Türkiyə və Pakistan beynəlxalq təşkilatların hesabatlarında istər qoşun növləri, istərsə də ümumilikdə Silahlı Qüvvələrinin imkanlarına görə dünyanın ən güclü on ölkəsi siyahısındadır. Hər iki ölkə hərbi əməkdaşlıq çərçivəsində hərbi məhsulların qarşılıqlı tədarükü, yeni texnologiyaların araşdırılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətlərini uğurla davam etdirir. Cənubi Qafqazda Ermənistan və havadarları qarşısında hərbi gücün ordumuzun yanında olmasının davamlılığını təmin etmək üçün hər iki ölkə ilə Azərbaycanın bu sahədəki əməkdaşlığı bundan sonra da artan xətt üzrə davam edəcək.

Prezident İlham Əliyev çıxışında, həmçinin, Ermənistanın türk-müsəlman abidələrini dağıtması məsələsini qabardıb. Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən məhv etməsi, məscidlərin, mədəni və dini abidələri dağıtmasını qeyd edən dövlət başçısı hazırda  azad olunmuş ərazilərin yenidən qurulması çərçivəsində şəhər və kəndlərimizi yenidən quracağımızı, mədəni və dini abidələrimizi bərpa edəcəyimizi bildirmişdir.

İşğala son verilməsi ilə bölgənin nəqliyyat-kommunikasiya perspektivliyinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, “Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik”. Dövlət başçısı həmçinin vurğulayıb kı, Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir, “Ermənistan da özünü normal aparsa, bu proseslərdən faydalana bilər”.

İƏT ölkələri üçün xüsusi əhəmiyyət daşıyan Azərbaycan marşrutuna toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib: “Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq”.

Qeyd edək ki, İƏT ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən "Lapis-Lazuli" beynəlxalq nəqliyyat dəhlizinə dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb. 2018-ci ildə ilk dəfə "Lapis Lazuli" xətti ilə yükdaşımalarda ilk yüklər Azərbaycana gətirilib. Bu ilin yanvarın əvvəlində isə Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə “Yol Xəritəsi” imzalanıb. Dəhlizin başlanğıc nöqtəsi Əfqanıstan-Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina və Torqundi şəhərləridir. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirən əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına, oradan isə Bakıda beynəlxalq Ələt limanına daşınır. Bakı limanından yüklərin yenidən dəmir yolu vasitəsilə Gürcüstana (Poti və Batumi limanlarına), oradan Türkiyəyə və Avropa ölkələrinə daşınması planlaşdırılır.

Beləliklə, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın müxtəlif dövlət və təşkilatlarla ikitərəfli və çoxtərəfli  münasibətləri kontekstində şaxələndirilmiş siyasi-iqtisadi, hərbi əməkdaşlığın nəticələrini görməkdəyik. Bu illər ərzində aparılan çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Dövlət başçısının xarici siyasət fəlsəfəsi sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR