NATO sammiti hərarətli keçəcək  - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 16:55 03 Dekabr 2019

NATO sammiti hərarətli keçəcək - TƏHLİL

Bu gün İngiltərənin paytaxtı Londonda NATO-ya üzv ölkələrin liderlərinin Zirvə Toplantısı başlayır. Liderlərin masasında əsasən kosmik siyasət, terrorizmlə mübarizə, yük bölgüsü,  Rusiya və Çin kimi mövzular olsa da, müttəfiqlər arasında ticarət, iqlim, İranın nüvə sazişi və Suriyanın şimal-şərqi kimi fərqli mövzuların olması London sammitinin kifayət qədər gərgin keçəcəyindən xəbər verir. Xüsusən də son zamanlar, Zirvə öncəsi Fransa prezidenti Emmanuel Makronun NATO haqqında, o cümlədən qurumun əsas aparıcı dövlətləri olan ABŞ və Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər, bu toplantının hərarətini artıracaq.

Faransa dövlət başçısı E. Makronun NATO haqqında, o cümlədən Alyansda müttəfiqi olan ABŞ və Türkiyənin ünvanına “NATO “beyin ölümü” keçirib!”, “Avropa ölkələri təhlükəsizlik məsələsində artıq ABŞ-a etibar edə bilməzlər!”, “Ankara Suriyanın şimalına özbaşına girib, sonra NATO-dan dəstək uma bilməz!”, “Türkiyəni NATO-dan çıxarmaq lazımdır!” kimi ard-arda fikirlər səsləndirməsi, dünən isə Fransa Müdafiə naziri Florans Parlinın “Amerika həmrəylik bəhanəsi adı altında, NATO-dakı müttəfiqlərinə öz silahlarını almağa məcbur edir” deməsi, 70 illik ittifaqın daxilində nələrinsə baş verdiyini göstərir.

Bilindiyi kimi, NATO hərbi bloku 1949-cu ildə təsis edilərkən Qərbin təhlükəsizlik çətiri altına daxil olması adı ilə yaranmaqla, həm də Şimali Amerika ilə Avropa qitəsindəki müttəfiqlər arasında ortaq qərb cəmiyyətini var edən təşkilat kimi də meydana gəlmişdi. Bu mənada demək olar ki, NATO “soyuq müharibə” dövründə  öz missiyasını uğurla həyata keçirə bildi və qarşısına qoyduğu məqsədə çatdı. Ancaq “soyuq müharibə” sonrası, yəni, 20-25 ildə NATO-ya üzv olan ölkələrin sayı artsa da, ittifaqın ciddi uğur qazanaraq dünyanın xilaskarı rolunu oynadığını demək olmaz.

Dünyada cərəyan edən hadisələrin fonunda NATO-nun passivlik nümayiş etdirməsi, əvəzində isə Alyansın qurucu dövləti olan ABŞ-ın müttəfiqlərlə məsləhətləşmədən öz maraqları naminə hərəkət etməsi, Türkiyənin isə İttifaq daxili dövlətlərdən ayrı Suriya və İraq torpaqlarında terrorçularla mübarizə aparması qurumun kifayət qədər kölgəyə çəkildiyini göstərir. Hansı ki, NATO üzv ölkələrin xarici təhdidlərə qarşı ortaq müdafiəsini təmin edən təşkilatdır.

Əslində, NATO üzvü olan iki dövlətin – ABŞ və Türkiyənin, qarşı cəbhədə isə Rusiya və Çinin dünyadakı proseslərə müdaxiləsi həm də ondan xəbər verir ki, qurumun Avropadan olan dövlətlərinin beynəlxalq siyasətdəki təsirlərini zəiflədir. Bunları dərk edən Avropa İttifaqı ölkələri, o cümlədən də Fransa, qitənin təhlükəsizliyini təmin etmək adı altında, ABŞ-a və Türkiyəyə qarşı inamsızlıq təbliğatı aparmaqla, həm də hegemonluq iddiasını ortaya qoyaraq aktivləşmək niyyəti güdür. O üzdən təşkilatdakı dövlətləri tənqid etməklə müəyyən etimad qazanmaq və qitə maraqlarını önə çəkməklə Avropa coğrafiyasında lokomotiv rolunu oynamaq istəyir. Eyni zamanda, nə qədər çətin olsa da, Fransa, yeni güc mərkəzi kimi meydana çıxıb, Türkiyənin Yaxın və Orta Şərqdəki maraqlarının önünü kəsmək, Afrikada isə Parisin maraqlarını təhdid edən Vaşinqtonla mübarizə effektini artırmaq məqsədi güdür.

Hadisələrin gedişatı isə ondan xəbər verir ki, Fransa Prezidenti bu siyasətlə, nəinki, NATO-nu zədələyib ABŞ və Türkiyənin önünə keçəcək, əksinə özü Avropada söz sahibi olmaq baxımından Almaniya və İngiltərənin gerisinə düşə bilər.

Birincisi, ona görə ki, həm E. Makronun NATO-un Avropanın təhlükəsizlik qarantı olmasına şübhə ilə yanaşmasına, ABŞ və Türkiyəni ittiham etməsinə digər avropalı müttəfiqlər tərəfindən dəstək ifadə edilmədi. Əksinə, NATO baş katibi, Y.Stoltenberq və Almaniya kansleri Angel Merkel Avropanın sözügedən hərbi birlikdən imtinasını düzgün hesab etmədilər. Eyni zamanda belə bir qərarın verilməsinin yalnız Avropaya zərər gətirəcəyini dedilər. Digər yandan isə ittifaqın “teplovozu” sayılan ABŞ-ın dövlət başçısı Donald Trampın “Türkiyə dünyada ABŞ-dan sonra ikinci böyük orduya sahib ölkədir deməsi”, Baş katibin Ankaranın NATO üçün böyük əhəmiyyəti olduğunu, Avropanın təhlükəsizlik məsələsində isə Türkiyənin ABŞ, Kanada, Norveç və İngiltərə qədər rol oynadığını vurğulaması, Almaniyanın da qitəyə gələ biləcək miqrant axınının qarşısını almaq baxımından Türkiyəni təməl dövlət olaraq dəstəkləməsi, Fransa Prezidentinin yanlış siyasətə baş vurduğunu göstərir. 

Eyni zamanda, qardaş ölkəni sözdə müdafiə edənlər istəmirlər ki, NATO-da ikinci böyük orduya sahib olan Türkiyəni özlərindən kənarlaşdırmaqla, Ankaranın Moskva və Pekinlə yaxınlaşmasını tezləşdirsinlər. Belə bir halın baş verməsi, istər-istəməz NATO üçün alternativ güc mərkəzi deməkdir. Buna isə hazırkı situasiyada NATO ölkələrinin, xüsusən də Avropa dövlətlərindən olan müttəfiqlərin razı olması inandırıcı deyil. Çünki mövcud şərtlər NATO-nun Rusiya və Çin qarşısında daha çevik və təhdidlərə cavab verəcək hala gətirilməsini diqtə edir. 

Bu baxımdan, Parisin Brüssel və Ankaraya qarşı çıxmasının NATO daxili ciddi təhlükələrə yol açacağını demək mümkün deyil.

İkincisi, bildiyimiz kimi, dünyanın güc mərkəzləri dəyişməkdədir. Belə ki, qlobal güclərlə yanaşı, həm də Türkiyə kimi regional güclərin meydana çıxması, bu ölkələr adına  beynəlxalq siyasətə müəyyən təsirlər etmə imkanı verir.

Aİ ölkələrinin isə bu yarışmada geridə qaldığı müşahidə olunur. Bunun da əsas səbəblərindən biri köhnə qitədə konkret hansısa dövlətin önə çıxıb, digər avropalı dövlətləri ardınca apara bilməməsidir. Təbii, belə olan halda, Fransanın fəallıq göstərib Aİ-ni NATO-dan ayıraraq, yeni güc mərkəzi yaratmaq istəyi anlaşılandı. Həm də nəzərə alsaq ki, Avropa dövlətləri, xüsusən də Almaniya və Fransa arasında tarixən liderlik uğrunda mübarizələr olub, o zaman Makronun bu “fəallığını” aydın şəkildə görmək olar.

Ancaq hadisələrin gedişatı göstərir ki, rəsmi Paris bu iddiada da geri düşmək ərəfəsindədir. Çünki NATO xərclərinin paylanması üzrə yeni razılaşdırılmış formula görə, ABŞ ittifaqdakı payını azaltdığı üçün Almaniya xərcləmələrdəki payını artıracağını bildirib. Bu da o deməkdir ki, Fransa NATO-dan çıxmağı təklif edir, Almaniya isə xərclərini artırmaqla qitənin təhlükəsizliyinə töhfə qatmaq istəyir. Təbii belə olan halda, digər Aİ ölkələrinin inam və güvən hissi Parisə deyil, Berlinə tərəf yön ala bilər.

Xatırladaq ki, son vaxtlar Fransa ilə ABŞ arasında kifayət qədər fikir ayrılığı var. Fransa prezidentinin və Müdafiə nazirinin ABŞ haqqında işlətdikləri fikirləri yuxarıda xatırlatdıq.  Bu da o deməkdir ki, Paris Vaşinqtonun NATO daxili, və Aİ ölkələri arasındakı imicini zədələməklə məşğuldur.

Belə olan halda, həm Fransanı neytrallaşdırmaq baxımından, həm də özünün Milli Təhlükəsizlik Strategiyası baxımından Vaşinqton Rusiya və Çinin Avropadakı maraqlarını sıxışdırmaq naminə Berlinin lider roluna yüksəlməsinə dəstək verə bilər.

Hazırda isə Makronun nə deməsindən asılı olmayaraq, NATO-nu ölmüş qurum kimi xarakterizə doğru olmazdı. Ən azı NATO çətiri altında olmaq özü belə kifayət edir ki, istənilən təhdiddən sığortalanmış olasan.

APA-Analytics

ONA

Teqlər: NATO sammiti

OXŞAR XƏBƏRLƏR