Roma İmperiyasının uğurla tətbiq etdiyi “parçala və hökmranlıq et” prinsipi sonrakı dövrlərdə müstəmləkə siyasəti yürüdən Qərb dövlətləri tərəfindən də geosiyasi konsepsiyalarının ana xəttinə çevrildi. Son 100 ildə dünyanın fərqli regionlarında baş verən və baş verməkdə davam edən ərazi mübahisələri, milli zəmində toqquşmaları məhz həmin prinsipin qoyduğu mirasdır.
Qərb ölkələri 2 min illik tarixi olan bu prinsipi hələ də öz xarici siyasətlərində istifadə edir, müasir dövrə adaptasiya etdirirlər. Belə ölkələrin başında isə Fransa gəlir.
Bu ölkənin Cənubi və Mərkəzi Amerikadan tutmuş, Afrika və Yaxın Şərqə kimi geniş arealda kolonial siyasətinin amansız izlərinə rast gəlmək olar.
İndi isə Fransa öz neokolonial siyasətinin nəzərlərini Cənubi Qafqaza, konkret olaraq Ermənistana yönəldib. Rəsmi Paris 44 günlük Vətən Müharibəsi və onun ardınca Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnən hadisələr zəncirini heç cür qəbul etmək istəmir, eyni zamanda, vəziyyətdən istifadə edərək Rusiyanın Cənubi Qafqaz regionundan çıxarılmasına maraq göstərir.
Məhz buna görə regionun qan çanağına dönməsi, qeyri-stabil vəziyyətdə qalması üçün rəsmi Paris Ermənistanın əli ilə regionda yeni silahlanma yarışına başlayıb, erməni cəmiyyətində revanşist əhval-ruhiyyənin artırılmasına və İrəvan-Bakı normallaşma prosesinin dalana dirənməsinə xidmət edən addımlar atır.
Fransa rəsmilərinin açıqlamaları da Parisin regionda “parçala və hökmranlıq et” prinsipi ilə hərəkət etdiyini göstərir. Öncə, aprelində 2-də Parisdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra birgə mətbuat konfransında Fransa XİN başçısı nazir Stefan Sejurne Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə və şərti sərhəddə hərbi eskalasiyanı artıran saxta xəbərlər yaymaqda ittiham etdi.
Bu saxta ittihamla Fransa, əslində, silahlandırdığı Ermənistanın regionda yeni hərbi təxribatlara əl atması üçün şərait yaradır, bir növ qabaqcadan hərəkət azadlığı qazanmaq üçün dezinformasiya yayır.
Rəsmi Parisin daha bir informasiya diversiyasını isə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini həyata keçirdi. Öncə qeyd edək ki, Azərbaycandakı Fransa səfiri, Bakı ilə Paris arasında belə həssas dönəmdə diplomat passivliyi ilə seçilən xanım səfir Ann Boillondan fərqli olaraq, Olivye Dekotini bəzən səfir səlahiyyətlərini aşan canfəşanlığı, Ermənistan sevgisi ilə seçilir.
O, Ermənistan televiziyasına müsahibəsində “Ermənistanın təhlükəsizliyinə cavabdeh Fransadır”, - deyərək faktiki olaraq ölkənin Fransanın himayəsi altında olduğunu ifadə edir. Fransanın KTMT üzvünə silah satan ilk ölkə olmasından qürrələnən səfir rəsmi Parisin Ermənistan hərbi yardım göstərməyə davam edəcəyini vurğulayır.
Müsahibədə diqqət çəkən daha bir məqam, səfirin Rusiyaya qarşı ittihamlar səsləndirməsi, Moskvanın Ermənistan qarşısında müttəfiq öhdəliklərini icra etməməsi ilə bağlı idi.
Göründüyü kimi, bu açıqlamalar Azərbaycanı hədəf almaqla yanaşı, regional oyunçuları, xüsusən Rusiyanın da dövlət maraqlarına yönəlib.
Çünki Fransa daim himayədar axtarışında olan Ermənistanda Aİ-nin müşahidə missiyası adı altında NATO-nun kəşfiyyat kontingentini yerləşdirib. Onlar Azərbaycanla şərti sərhəddə situasiyaya nəzarət etmək adı ilə İran və Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti göstərir.
Prosesləri təhlil edərkən belə qənaətə gəlmək olar ki, son baş verənlər Ermənistanın regionda yeni Suriya və ya Ukraynaya çevrilməsi ilə nəticələnə bilər. Rusiyanın regionda öz maraqlarının pozulmasına göz yummayacağı aydındır. Son vaxtlar Rusiya rəsmilərinin bəyanatları da bunu söyləməyə əsas verir. Cənubi Qafqaz regionu Ukraynadakı kimi ikinci Qərb-Rusiya qarşıdurmasının poliqonuna verilə bilər. Bu isə bölgənin və Azərbaycanın maraqlarına tamamilə ziddir. Ermənistanın Avropa İttifaqı, Fransa və ABŞ-la birgə regionda Rusiya-Qərb qarşıdurmasına yeni cəbhə açmasını, regionda sülhə təhdid yaratmasını Azərbaycan sakit qarşılaya bilməz, Bakı məhz bundan narahatdır və buna qarşıdır.
Azərbaycana qarşı hazırlanan ssenarilərdə Fransa ilə yanaşı, ABŞ da aktiv rol alıb. Fransa Ermənistanı silahlandırmaqla onu Azərbaycana qarşı revanşa hazırlayır, ABŞ isə bu prosesə açıq dəstək verir.
Aprelin 5-də planlaşdırılan ABŞ-Aİ-Ermənistan görüşünün də məhz Azərbaycanın əleyhinə yönəldiyi heç kimdə şübhə doğurmur.
ABŞ-ın son addımları onun dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi neoimperialist siyasəti indi də Cənubi Qafqazda reallaşdırmağa çalışmasının göstəricisidir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin də anti-Azərbaycan prosesinə qoşulması Avropa İttifaqının bu məsələdə hansı mövqedə olmasına güzgü tutur. Avropa İttifaqının, Avropa Parlamentinin atdığı son addımlar Azərbaycana münasibətdə kollektiv Qərbin ikili standartlara, qərəzə, qeyri-obyektivliyə üstünlük verdiyini göstərir.
Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Vasilis Maraqosun bu ölkənin parlamentində çıxışında səsləndirdiyi fikirlər isə Azərbaycanın narahatlığının əsassız olmadığını bir daha ortaya qoyur. Cənab Maraqos bəyan edib ki, Avropa İttifaqı Ermənistana ölümcül olmayan silah-sursat verməyə hazırdır. O bildirib ki, “Avropa Sülh Mexanizmi” adlı strategiya çərçivəsində göndəriləcək hərbi yardım paketi Ermənistan ordusunun mövcud potensialını gücləndirməyə xidmət edəcək. Maraqlı suallar yaranır: Ermənistan ordusunun potensialı kimə qarşı gücləndirilir? ABŞ, Aİ, Fransa Ermənistan ordusunun güclənməsində niyə maraqlıdır?
Görünən budur ki, ABŞ, eləcə də kollektiv Qərb Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmir, Azərbaycana qarşı birlikdə planlar hazırlayıb reallaşdırmaq məqsədi güdür.
Lakin Azərbaycan kənar qüvvələrin bölgəni yenidən silah poliqonuna, hərb meydanına çevirməsini önləmək gücündədir.
Odur ki, imperialistlərin uzun illər planetin fərqli yerlərində həyata keçirdiyi “parçala və hökmranlıq et” prinsipi Cənubi Qafqazda uğursuzluğa düçar olmağa məhkumdur. Əvəzində isə Ermənistan Ukrayna kimi kollektiv Qərbin maraqlarının qurbanı olacaq.
APA Analytics