• DÜNYA

    12:53 18 aprel 2019

Səfir: “Hindistanda keçirilən seçkilərdə həmişə Pakistan kartından istifadə olunur” - MÜSAHİBƏ

Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmandın ONA-ya müsahibəsi

- Hindistanın və Pakistan arasında gərginliyin növbəti dəfə artması ilə beynəlxalq ekspertlər və politoloqlar tərəflərin müharibə ərəfəsində olduqları barədə xəbərdarlıq etdilər. Çünki hər iki ölkə nüvə silahına malikdirlər və onlar arasında əvvəl də müharibə baş vermişdi. Əslində isə vəziyyət nə qədər ciddi idi?

- İlk növbədə belə bir suala cavab vermək üçün tarixə nəzər yetirmək lazımdır. Kəşmir Hindistan və Pakistan arasında əsas məsələ olaraq qalır. BMT Təhlükəsizlik Şurası Kəşmir xalqının öz müqəddəratını təyin etməsinə dair dörd qətnamə qəbul edib.

Əlbəttə ki, dünya çox qorxdu, çünki hər ikisi nüvə ölkəsidir. İki nüvə ölkəsi və hətta iki qonşu nüvə ölkəsi arasında hər hansı münaqişə yalnız region üçün deyil, bütün dünya üçün ən təhlükəli haldır. Əslində hansısa nüvə qarşıdurması geniş miqyasda təsirə malik ola bilər. Buna görə də vəziyyət olduqca ciddi idi və mən bunun bir sıra səbəbləri deyə bilərəm. İlk növbədə düşünürəm ki, bu, “yalançı bayraq əməliyyatı” idi ki, onu da Hindistan qəsdən törətmişdi. İstəyirsinizsə, səbəbləri deyə bilərəm.

- Əlbəttə…

- Pakistanda avqust ayında hakimiyyətə gəlmiş, yeni seçilmiş hökumətimiz var. Baş nazirimiz İmran Xan ilk çıxışında Hindistanı xüsusilə də Kəşmir məsələsində bizimlə sülh danışıqları aparmağa dəvət etdi. İlk çıxışında o deyirdi: “Sülh üçün bir addım siz atsanız, iki addım biz atacağıq”.

Cənab Modinin hindu ekstremist partiyası BJP-nin Hindistanda açıq-aşkar məğlub tərəf olduğunu göstərən beynəlxalq rəy sorğuları, həmçinin Hindistan daxilində aparılmış rəy sorğuları ilə yəqin ki, tanışsınız. BJP rəğbəti itirirdi və bir neçə ay əvvəl Hindistanın beş vacib əyalətində keçirilən seçkilərdə onun partiyası məğlub oldu. Buna görə də Cənab Modinin seçkilərdə məğlub olacağı qorxusu ortaya çıxmışdı.

Hindistandakı seçkilərdə Pakistan amili böyük rol oynayır. Onlar müəyyən hissləri təşviq etmək üçün Hindistanın yalnız hindulara məxsus olduğuna dair fikirləri ortaya atırlar, baxmayaraq ki, Hindistanda başqa xalqlar da yaşayır. Orada 180 milyon müsəlman, çoxlu sayda xristian, sikhlər yaşayır. Lakin Hindistanın yalnız hindulara məxsus olmasını istəyənlər var və onlar başqalarının hissləri ilə oynayaraq, Modinin rəğbət qazanmasına çalışırlar. Buna görə də belə bir hadisə lazım idi ki, hindular daha çox ona səs versinlər. Onlar həmişə Pakistan kartından istifadə edirlər, amma bizim seçkilərimizdə heç vaxt Hindistan kartı olmayıb, çünki bizim belə bir problemimiz yoxdur.

- Yəni Modi hökumətinin Kəşmir hadisələrindən divident olaraq istifadə etmək istədiyini düşünürsünüz?

- Bəli, Modi hökuməti bu hadisədən istifadə etməyə çalışdı. Bununla yanaşı, Kəşmirdə son üç il ərzində yerli üsyan davam edir ki, Hindistan bu məsələdə nə edəcəyini bilmir, onun bu üsyanı yatırmaq üçün bütün cəhdləri uğursuz olub. Bu məsələni o, həll edə bilmir, əvəzində isə Pakistanı terror fəaliyyətində günahlandırır. Beş dəqiqə bəs etdi ki, onlar Pakistanı günahlandırsınlar və hadisə baş verəndən beş dəqiqə sonra videogörüntüləri artıq sosial mediada idi. Əslində isə hadisə belə baş verə bilməzdi. Hücumdan beş dəqiqə sonra video necə yüklənə bilərdi? Beş dəqiqə ərzində təcili yardım maşınları peyda oldu. Bütün bu təcili yardım maşınları haradan gəldi? Onlar 350 kiloqrama yaxın partlayıcı olduğunu haradan bilirdilər? Nə səbəbdən partlayıcı daşıyan avtomobil yoxlanmamışdı?

Orada üç təhlükəsizlik zolağı var və bu avtomobil yanlış tərəfdən yaxınlaşırdı. Niyə bu avtomobil saxlanılmayıb? Bilirsiniz, yalnız beynəlxalq mətbuat yox, həmçinin Hindistan daxilində, Hindistan xalqı, öz siyasətçiləri və konqresləri də bu sualları verir. Onlar soruşurlar ki, bu necə baş verib?

Pakistan bu yaxınlarda Kulbhuşun adlı bir Hindistan casusunu həbs edib. Onun cinayət işinə Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsində baxılır. Hindistan bütün beynəlxalq mətbuata təzyiq göstərərək çalışırdı desin ki: “Baxın, bizim bu məsələ ilə əlaqəmiz yoxdur. Hindistan terrorçu dövlət deyil. Bütün bunları Pakistan edir”. Pakistanda həbs olunan çavuşa gədikdə isə o, Pakistanda qanlı fəaliyyət həyata keçirirdi. Beləliklə, onların dediklərinə cavab olaraq biz dedik: “Bizə sübut verin, biz də tədbir görək”.

Bütün bunlar ilk növbədə Modinin BJP partiyasının Hindistandakı seçkilərdə rəğbət qazanmasına yönəlib. Digər məsələ isə Əfqanıstan məsələsidir. ABŞ Əfqanıstan və Talibanla birlikdə Əfqanıstanda sülh üçün çalışır. Hindistan isə bu işdə iştirak etmir. Onlar bu sülh danışıqlarını diqqət mərkəzindən uzaqlaşdırmaq istəyirlər, çünki Hindistan ABŞ qoşunlarının Əfqanıstanda qalmasını çox istəyir, çünki bu vəziyyət onlar üçün yararlıdır. Onlar Pakistana təzyiq etmək üçün bizə Əfqanıstandan, qərb və şərq sərhədlərindən hücum edə bilərlər. Pulvamada bu, çox diqqətli bir şəkildə planlaşdırılmışdı. Hökumətimiz Hindistana xəbərdarlıq etdi ki, əgər hər hansı bir avantüraya əl atsalar, biz cavabını verəcəyik və belə də etdik.

Fevralın 26-sı və 27-si nə baş verdiyini bilirsiniz? Hindistan təyyarələri Pakistan hava məkanına daxil olaraq bombardman etməyə cəhd göstərdilər. Amma bizim qırıcılarımız onları təqib etdi və məcbur etdi ki, bombalarını bir meşəyə atsınlar. Nəticədə 19 ağac məhv oldu.

Ertəsi gün dedik ki, cavab verəcəyik. Bizim döyüş təyyarələrimiz öz səmamızda Hindistan təyyarələrindən birini vurdu. Pilot tutuldu və üç gün sonra o pilotu buraxdıq. Baş nazirimizin parlamentdə dediyi kimi, pilotu ona görə azadlığa buraxdıq ki, biz həqiqətən də bölgədə sülh istəyirik.

- Münasibətlərin mövcud vəziyyətinə gəldikdə, hələ də tərəflər arasında güclü bir gərginlik varmı?

- Əlbəttə ki, gərginlik var və gərginlik seçkilərin axırına kimi davam edəcəkdir. Ancaq bizə gəldikdə, biz hazırıq və heç vaxt nəzarət xəttini keçməmişik. Bizi həmişə aqressiyada günahlandırsalar da, biz onların sübutlar verməsini istəməyə davam edirik. Siz necə beş dəqiqə ərzində sübut edə bilərsiniz ki, bu, Pakistan tərəfindən aparılır? Bu necə mümkündür?

Az öncə də vurğuladığım kimi, bütün bunlar “saxta bayraq əməliyyatı”dır və bundan əvvəllər də baş verib. Hindistanda nə vaxt daxili böhran və daxili problem olarsa, onlar bunu edirlər – Pakistanı günahlandırırlar.

- Deeskalasiya və gərginliyin azaldılması prosesində beynəlxalq vasitəçilik varmı?

- Bəli, xarici işlər nazirimiz mətbuat konfransı təşkil etdi və bu mətbuat konfransında BMT baş katibini telefonla aradığını söylədi. Bundan əlavə, baş nazirimiz BMT Təhlükəsizlik Şurasının sədrinə, xarici işlər naziri dünyanın müxtəlif paytaxtlarında xarici işlər naziri olan həmkarlarına, o cümlədən ABŞ dövlət katibi Pompeoya, Londonda, Səudiyyə Ərəbistanında olan əlaqədar şəxslərə, Pakistanın dostu olan insanlara zəng edərək, onlara orada nə baş verdiyini izah etdi.

Biz həmişə demişik ki, sülh istəyirik, müharibə istəmirik. Nüvə müharibəsinin də “təmin olunmuş qarşılıqlı məhv etmə” adlandırıldığını nəzərə alsaq, bu müharibə hər iki tərəfin də məhvinə səbəb olacaq. Biz həmişə Hindistanla müzakirə etmək istəyirik, amma Hindistan bizimlə Kəşmir məsələsində, su məsələsində, Hindistanla aramızda olan başqa bir problem olan Cunaqad məsələsi ilə bağlı danışmaqdan imtina edir. Ancaq Kəşmir əsas məsələ olaraq qalır.

Onlar hətta öz mətbuatları ilə üzləşə bilmədilər. Onlar mətbuatdan uzaqlaşdılar, çünki hər şey bir neçə dəqiqə ərzində baş verdi. Bu, seçki məqsədlərinə çatmaq üçün “saxta bayraq əməliyyatı” oldu.

- Necə düşünürsünüz, Kəşmir münaqişəsinin həllində beynəlxalq vasitəçilik və ya birbaşa danışıqlar daha səmərəli ola bilər?

- Kəşmir məsələsi Britaniya Hindistanının dağılmasından sonra həllini tapmayıb və gündəlikdə yer alıb. Beləliklə, münaqişə 1947-ci ildən bəri mövcuddur və bu məsələ üzrə BMT dörd qətnamə qəbul etsə də, onların heç biri icra olunmayıb. O vaxtdan bəri 100 000-ə yaxın insan öldürülüb, uşaqlar qətlə yetirilib, qadınlar öz həyat yoldaşlarını itiriblər. Bu, Britaniya Hindistanının dağılmasından sonra icra olunmalı, amma yarımçıq qalmış gündəlikdir.

Biz həmişə deyirik ki, münaqişənin həlli BMT qətnaməsinə uyğun olaraq həyata keçirilsin. Bu, Kəşmir xalqının iradəsi ilə də uyğun olmalıdır. Onlar nə istəyirlər? Onlar öz müqəddəratını təyin etmək üçün referendum keçirmək və onlara öz müqəddəratını təyin etmək hüququnun verilməsini istəyirlər. Hər bir fərdin bu haqqı olduğunu düşünürəm. Hər millətin də öz haqqı var. BMT Təhlükəsizlik Şurası Hindistan qoşunlarının Kəşmirdən çıxarılması və Kəşmirdə referendum keçirilməsi ilə bağlı qətnamə qəbul etdi, lakin Hindistan tərəfi bunu qəbul etmir. Bu isə çox davakar yanaşmadır. Biz hər cür siyasi, diplomatik və mənəvi dəstəyi artırdıq. Biz bunu etməyə davam edəcəyik. Bu onların yalnız müsəlman olduqları üçün deyil, gündəlik olaraq zülm altında olan xalq olduqları üçündür. Onlar gündəlik olaraq öldürülür, onların sahibkarlıq fəaliyyəti sistematik şəkildə məhv edilir. Kəşmirdə hər gün komendant saatları var. Televiziyada bunu görürük.

Çox təəssüf ki, beynəlxalq mətbuat, xüsusilə də Qərb mətbuatı Hindistanla olan iqtisadi maraqlarına görə bu halları işıqlandırmırlar. Bunlar ikili standartlardır. Biz inanırıq ki, Azərbaycan da Dağlıq Qarabağ problemi olduğuna görə bizi daha yaxşı anlayır. Biz inanırıq ki, Azərbaycan hökuməti və xalqı dərdlərimizi başa düşür. Çünki Azərbaycanın ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır.

Biz Azərbaycanı Dağlıq Qarabağ məsələsində hər yerdə dəstəkləyirik. Biz öz parlamentimizdə bununla bağlı qətnamə qəbul etmişik və beynəlxalq forumlarda qoşunların bu ərazidən çıxarılması ilə bağlı öz sözümüzü demişik. Biz eyni zamanda Kəşmir məsələsində göstərdikləri dəstəyə görə Azərbaycan hökuməti və Azərbaycan xalqına öz təşəkkürümüzü bildiririk.

İstənilən növ beynəlxalq vasitəçilik, kimin etdiyindən asılı olmayaraq, arzuolunandır. Lakin Hindistan bizimlə danışıqlara hazır deyil. Onlar düşünürlər ki, nüvə silahları varsa, deməli, böyük dövlətdirlər. Onlar düşünür ki, bununla onlar bizi kəşmirlilərin azadlıq mübarizəsini dəstəkləməmək kimi fikrə gətirə bilərlər.

- Pakistandakı yeni hökumətdən və fəaliyyətindən bəhs etdiniz. Bu hökumətin Kəşmir münaqişəsinin həlli üçün yeni bir siyasəti varmı?

- Biz həmişə ən yaxşı yolun beynəlxalq səviyyədə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin olacağını qeyd edirik. Hər hansı vasitəçilik olarsa, - söhbət dürüst vasitəçilikdən gedir, - o zaman biz təklifləri qəbul edə bilərik. Ancaq Hindistan bununla razılaşmır. Onlar deyirlər ki, Hindistan dövləti bununla barışmayacaq, onlar deyirlər ki, “biz Kəşmiri verməyəcəyik”. Biz isə yalnız onu deyirik ki, kəşmirlilərə Hindistanın tərkibində qalıb-qalmayacaqları barədə qərar qəbul etmək hüququ verilsin.

Kəşmiri təshih etmək prinsipinə görə hindlilərin çoxluq təşkil etdiyi ərazilər Hindistana, müsəlmanların çoxluq təşkil etdiyi ərazilər isə Pakistana birləşməli idi. Müsəlmanlar Kəşmir əhalisinin 85%-ni təşkil edir. Bu prinsipi nəzərə alsaq, Hindistan Kəşmiri Pakistanın tərkibinə qatılmalı idi. Ancaq Hindistan 1947-ci ildə Kəşmirə hücum edib oranı işğal etdi.

- Modinin seçki kampaniyasında onilliklər boyu davam edən əmlakla bağlı xüsusi hüquqların aradan qaldırılacağı sözü verildi...

- Bütün bunlar onun partiyasına daha çox səs toplamaq üçün idi. Baxmayaraq ki, partiyasının ictimai rəy sorğusunda çatışmazlıqları vardı. Hindistan Konstitusiyasının 35-ci maddəsinə əsasən, başqalarına məxsus əmlakın alınmasına icazə verilmir. Kəşmirdə daha çox hindlini məskunlaşdırmaqla demoqrafik dəyişikliyə nail olmaq istəyirdilər.

- Azərbaycan da, Pakistan da münaqişələrdən əziyyət çəkir. Ədaləti necə bərqərar etmək olar?

- Hesab edirəm ki, ən yaxşısı münaqişənin sülh danışıqları ilə həllini diqqətdə saxlamaqdır. Kəşmirin yerli əhalisinin davamlı etirazlarına görə Kəşmir məsələsi daim diqqət mərkəzindədir. Təəssüf ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsində bunu müşahidə edə bilmirik. Çünki Azərbaycan ərazisi ermənilər tərəfindən işğal edilib və azərbaycanlılar oradan çıxarılıb. Ancaq Kəşmirdə Hindistanın zülmlərinə etiraz edəcək müsəlmanlar var. Hindistan ordusunun 60%-ni təşkil edən 700 min nəfərlik qoşun Kəşmir əyalətindədir. Onlar orda nə edirlər? Onlar əhalinin üsyanlarını qarşısını alırlar. Hər gün davamlı olaraq insanları öldürürlər. Onlar insanların yaşamlarını məhv ediblər, onlar evləri yandırır və sakinləri qətlə yetirirlər, iqtisadiyyat həqiqətən də darmadağın edilib. Bütün bunlar Kəşmirdə baş verir.

Mən hesab edirəm ki, bütün dünya üçün ən yaxşısı bu münaqişələrin həll olunmasıdır. Çünki münaqişələr davam etdikcə, nə bu regionda, nə də bizim regionda heç vaxt sülh mühiti yaratmaq mümkün olmayacaq. Çünki bildiyiniz kimi, biz çox güclü ordusu olan iki böyük dövlətik. Bu, çox təhlükəli bir presedentdir. Dünya əhalisinin üçdə biri bu regionda yaşayır. Üstəlik, Hindistan, Çin və Pakistan hər üçü nüvə silahı olan ölkələrdir.

Zümrüd Paşkin

Aytən

Teqlər:

SON XƏBƏRLƏR