Rusiya prezidenti Vladimir Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi" haqqında müqavilə barədə bəyanatla çıxış edib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putin ABŞ-ın bir müddət əvvəl keçirdiyi raket sınağından danışıb.
O qeyd edib ki, Vaşinqton 500 km məsafədə hədəfi vuran raketi sınaqdan keçirib: "ABŞ avqustun 18-də yerüstü qanadlı raket sınağını həyata keçirib. ABŞ hərbi dairəsinin bəyanatına görə, raket 500 km-dən uzaq məsafədə hədəfi məhv edib. Bu, 1987-ci
ildə imzalanmış "Orta və yaxın mənzilli raketlərin ləğvi" haqqında müqaviləyə ziddir.
Bundan başqa, sınaqda MK-42 yerüstü universal raket qurğusundan istifadə olunması Rusiyanın hələ müqavilə qüvvədə olduğu zaman ABŞ-a qarşı iradlarının nə qədər əsaslı olduğunu bir daha təsdiqləyir.
Biz dəfərərlə qeyd etmişdik ki, amerikalılar tərəfindən bu cür qurğuların Rumıniyada Raket Hücumundan Müdafiə bazasında - quruda yerləşdirilməsi, eləcə də Polşada yerləşdirilməsinin planlaşdırılması sözügedən müqavilənin birbaşa və kobudcasına pozulmasıdır.
Amerikalılar inadkarcasına inkar edirdilər ki, yerüstü universal MK 41 qurğuları guya dəniz özüllü "Tomahavk" qanadlı raketlərini buraxmaq qabiliyyətinə malik deyil. Lakin özləri artıq bu barədə bildiriblər, bunu inkar etmək mümkün deyil. İndi sual yaranır ki, Polşa və Rumıniyada nə yerləşdirəcəklər, hava hücumundan müdafiə sistemləri, yoxsa olduqca uzaq məsafədə hədəfi məhv etmək qabiliyyətinə malik raket kompleksləri?"
Rusiya prezidenti ABŞ-ın raketlərin ləğvi haqqında müqavilənin ləğvinin elanından 16 gün sonra yeni raketi sınaqdan keçirdiyinə diqqət çəkib: "Məlumdur ki, bu improvizə deyil, əvvəlcədən planlaşdırılıb. Baş verənlər bizim narahatlığımızın nə qədər əsaslı olduğunun təsdiqidir. Rusiyanın ABŞ-ın "Orta və yaxın mənzilli raketlərin ləğvi" haqqında müqaviləyə əsasən qadağan olunmuş silahlar yaratması barədə çoxdan məlumatı vardı. Bu barədə tərəfdaşlarımıza dəfələrlə bildirmişdik".
V. Putin qeyd edib ki, amerikalılar raketlərin ləğvi haqqında müqavilənin şərtlərinə əməl etmək əvəzinə, Rusiyanın guya bu müqaviləni pozması haqqında təbliğat kampaniyasına rejissorluq etməyə başlayıblar: "Artıq hamımıza məlum olduğu kimi, bu kampaniyanın yeganə məqsədi Vaşinqtonun müqavilənin pozulmasına dair əməllərini və əvvəldən müqavilədən çıxmaq niyyətində olduğunu pərdələmək olub".
Rusiya prezidenti kifayət qədər yüksək səviyyəli ABŞ siyasətçiləri tərəfindən Asiya-Sakit okean regionunda yeni sistemlərin yerləşdirilməsinə başlana biləcəyini bəyan etdiyini diqqətə çatdırıb: "Lakin bu da bizim köklü maraqlarımıza toxunur, çünki bu region da Rusiya sərhədlərinə yaxındır".
O, Rusiyanın silahlanma yarışına girmək istəmədiyini də qeyd edib: "Bildiyiniz kimi, biz heç vaxt Rusiya iqtisadiyyatı üçün dağıdıcı olan silahlanma yarışına girmək istəməmişik, girməyəcək də. Xatırladım ki, Rusiya müdafiə xərclərinə görə, dünyada ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan sonra yeddinci yerdədir".
Rusiya lideri bəyanatının sonunda yaranmış vəziyyət nəzərə alınmaqla, müvafiq orqanlara ABŞ-ın bu fəaliyyətinin Rusiya üçün nə qədər təhlükəli olduğunu analiz etmək və rəqibə simmetrik cavab üçün müfəssəl tədbirlər işləyib hazırlamaq tapşırığını verib.