Yaponiya və Cənubi Koreya Müdafiə nazirləri hərbi məlumatların mübadiləsi barədə razılaşmanın müddətini uzatmaq barədə razılığa gədə bilməyiblər.
ONA-nın xəbərinə görə, bu barədə “Kiodo” agentliyi məlumat yayıb.
Bununla belə, Müdafiə nazirlərinin Banqkokda keçirilən görüşündə Şimali Koreyanın raket-nüvə problemi ilə əlaqədar Yaponiya və Cənubi Koreyanın ABŞ-la əməkdaşlıq etməsi vacib sayılıb.
Görüşdə Yaponiya Müdafiə naziri Taro Kono Cənubi Koreya Müdafiə naziri Çon Qyon Dunu Seulun Tokio ilə Şimali Koreya barədə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmasıyla əlaqədar qərarı barədə düşünməyə çağırıb. İki ölkə arasında 2016-cı ildə bağlanan və bir həftə sonra müddəti başa çatacaq GSOMIA adlanan sazişə görə, Seul Şimali Koreya barədə kəşfiyyat məlumatlarını paylaşmalıdır.
Görüşdən donra Cənubi Koreya Müdafiə naziri jurnalistlərə açıqlamasında Tokio ilə imzalanan sazişin müddətinin uzadılmasından imtina edilməsinin səbəbinin Yaponiyanın Cənubi Koreyaya nanomaterialların ixracına dair qaydaları sərtləşdirməsi olduğunu bildirib. Başqa sözlə, Çon Qyon Dun Tokionu ilk növbədə elektronika sahəsində mühüm rol oynayan nanomaterialların ixracına dair məhdudiyyəti aradan qaldırmağa dəvət edib.
Seul və Tokio arasında münasibətlərin gərginləşməsinin ilkin səbəbi isə Cənubi Koreyada məhkəmənin yapon şirkətlərinin kompensasiya ödəməli olduğu barədə qərar verməsidir. Məhkəmə Yaponiyanın Koreya yarımadasında hökmranlıq etdiyi dövrdə - 1910-1945-ci illərdə yapon şirkətlərinin Cənubi Koreya sakinlərinin əməyini istismar etməkdə günahkar sayıb. Yaponiya kompensasiya barədə qərarı ədalətsiz sayır. Arqument isə budur ki, iki ölkə arasında 1965-ci ildə diplomatik münasibətlər qurularkən Yaponiya müstəmləkəçilik dövrü ilə əlaqədar Cənubi Koreyaya böyük məbləğdə kompensasiya ödəyib.