Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kənan Orucov dindirilib. Onun sözlərinə görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq sədri Cahangir Hacıyevin ilk cinayət işi üzrə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza alıb. Hazırda sınaq müddəti başa çatıb.
K.Orucov qeyd edib ki, 2003-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialının rəhbəri işləyib. O, təqsirləndirilən şəxsləri tanımadığını deyib: "Bankda bir neçə min firma əməliyyat aparıb. Konkret bu şəxslərin banka pul gətirdiklərini xatırlamıram".
Suallara cavab verən təqsirləndirilən R.Vəliyev bildirib ki, Beynəlxalq Banka pulu nağd şəkildə aparıb, kassaya təhvil verilib. K.Orucov vurğulayıb ki, pul kassaya təhvil veriləndən sonra sənədlərə qol çəkilib: "Bankdan 20 min manatdan artıq pul köçürülən zaman baş ofisə məlumat verilirdi”.
Məhkəmədə elan olunub ki, 2013-2015-ci illər arasında Beynəlxalq Bankdan R. Vəliyevin adına olan 5 şirkət vasitəsi ilə ölkədən xarici bank hesablarına 356 milyon dollardan çox pul köçürülüb. K.Orucov həmin pulların ölkədən leqal şəkildə çıxarılandan sonra Azərbaycana hansı malların gətirilib-gətirilməməsindən xəbəri olmadığını deyib.
Proses martın 6-da davam etdiriləcək.
İttihama görə, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb. M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib. Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb. Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb.
Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.