Nazirlər Kabineti "Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı"nı təsdiq edib.
ONA-nın məlumatına görə, qərara əsasən yerin təki istifadəyə aşağıdakı hallarda birbaşa danışıqlar yolu ilə verilir:
- yerin təkindən istifadəyə müsabiqə və hərrac elan edilən müddətdə müsabiqədə və hərracda iştirak etmək üçün müraciət olunmadıqda və ya bir iddiaçı müraciət etdikdə;
- iqtisadi, dağ-texniki, mineral-xammalın keyfiyyətinin pisləşməsi səbəbindən yer təkində saxlanılmış (konservasiya edilmiş) qalıq ehtiyatları istismar olunduqda;
- faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə verilən yerin təki sahələri çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji və hidrogeoloji quruluşla səciyyələnən dağ süxurlarında yerləşdikdə;
- dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edildikdə;
- yer təkinin geoloji öyrənilməsi hallarında;
- çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji, hidrogeoloji və litoloji quruluşlu dağ-mədən geoloji şəraitdə yerləşən, mineral xammal üçün təyin edilmiş kondisiyalara, standartlara və texniki şərtlərə uyğun gəlməyən, aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqları istismara verildikdə;
- mineraloji, paleontoloji və digər geoloji kolleksiya materialları toplandıqda.
"Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı"nın təsdiq edilməsi ilə əlaqədar "Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin birbaşa danışıqlar əsasında verilməsi hallarının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli qərarı ləğv edilib.