Azərbaycanda dövlət satınalmalarının elektron qaydada təşkili proseduru müəyyənləşib.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də əksini tapıb.
Beləliklə, portalın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını onun operatoru olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təmin edir. Portalın operatoru portalın təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini bu barədə məlumatlandırır, qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər görür, bu, mümkün olmadıqda, portalın ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin edir.
Satınalan təşkilat Vahid Giriş Sistemi (“Single Sign On”) vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır, “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş müddətdə satınalma planlarını portalda yerləşdirir, açıq tenderin keçirilməsi barədə elanı portalın müvafiq bölməsində yerləşdirir. Malgöndərən (podratçı) tenderdə iştirak etmək üçün Vahid Giriş Sistemi (“Single Sign On”) vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır, həmin tenderdə iştirak etmək üçün “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq iştirak haqqını ödəyir. Malgöndərən (podratçı) iştirak haqqını ödədikdən sonra satınalan təşkilat portal vasitəsilə “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulan sənədlər barədə məlumatları əldə edir. Satınalan təşkilat “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulan sənədləri həmin qanunda göstərilən qaydada özü əldə edə bilmədikdə, malgöndərən (podratçı) tenderdə iştirak etmək üçün həmin sənədləri satınalan təşkilata portal vasitəsilə təqdim edir. İddiaçı “Dövlət satınalmaları haqqında” qanunda qeyd olunan müddətədək tender təklifini və tender təklifinin təminatını satınalan təşkilata portal vasitəsilə təqdim edir. Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3-dən (az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir.
Tender komissiyasının virtual iclası real vaxt rejimində portal vasitəsilə keçirilir. Tender komissiyasının virtual iclasında tender komissiyası üzvlərinin azı dörddə üçü iştirak etməlidir. Portal vasitəsilə satınalmaların nəticələri avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Tender komissiyası təqdim olunan tender təkliflərini daxil olduqları ardıcıllıqla açır. Tender komissiyası 1 bank günü müddətində təklifi “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq qiymətləndirərək qərar qəbul edir, qərarı həmin gün gücləndirilmiş elektron imza vasitəsilə imzalayır və portalda yerləşdirir. Tender komissiyası tenderin nəticələri haqqında yekun protokol tərtib edir, onu həmin gün komissiyanın bütün üzvləri gücləndirilmiş elektron imza vasitəsilə imzalayırlar və protokol portal vasitəsilə operatora göndərilir. Satınalan təşkilat tender təklifini aksept etdikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dərhal portal vasitəsilə avtomatik qaydada bildiriş göndərilir.
Satınalan təşkilat 3 bank günü müddətində satınalma müqaviləsini hazırlayır, portalda yerləşdirir və gücləndirilmiş elektron imza vasitəsilə imzalayır. Malgöndərən (podratçı) 5 bank günü müddətində həmin müqaviləni gücləndirilmiş elektron imza vasitəsilə imzalayır. Satınalma müqaviləsi və tenderin nəticələrinə dair tender komissiyasının yekun protokolu portalda yerləşdirilir. “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş hesab-fakturaları malgöndərən (podratçı) satınalan təşkilata portal vasitəsilə təqdim edir. Satınalan təşkilat ödənişlə bağlı təsdiq bildirişini malgöndərənə (podratçıya) təqdim edir.