Azərbaycanda tikintisi tam başa çatmamış mənzillərin işgüzar praktikada sui-istifadə hallarının qarşısını almaq məqsədilə Almaniya təcrübəsindən istifadə olunaraq, müvafiq təkliflər hazırlanacaq. ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, bu məqsədlə Almaniyada geniş tətbiq olunan Təminat qeydi institutu yaradılıb: "Bu, o deməkdir ki, bir mənzilin bir neçə nəfərə satılması və tikintini həyata keçirən şirkətinin müflisləşməsi və digər hallarda alıcının hüquqları qorunur. Bunun üçün də alman hüququnda nəzərdə tutulan təminat qeydi məsələsi Mülkü Məcəllədə öz əksini tapıb. Digər tərəfdən isə icbari şəkildə bu məsələlərin notarial qaydada tətbiqi də mülki məcəllədə nəzərdə tutulur ki, bu da Azərbaycan vətəndaşının maraqlarını qoruyur".
Mərkəzin rəhbəri onu da bildirib ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə ilk müzakirə olunan mövzu bina evin torpağının mülkiyyət hüququnun birləşdirilməsi məsələsidir: "Yəni, bu, dünya praktikasında necə nəzərdə tutulur və Azərbaycan qanunvericiliyində necədir. Həmçinin, icbari ödəniş planlarının qəbul edilməsi məsələsi də müzakirə mövzusudur. Yəni, alıcı tərəfindən mərhələlərlə ödəniş olunaraq tikintinin aparılması prosesinin arasında bir uyğunluğun yaradılması məsələsi hansı şəkildə dünya praktikasında aparılır və Azərbaycanda bu proses necə təşkil oluna bilər. Bütün bunlar mənzil almaq istəyən Azərbaycan vətəndaşının hüquqlarının daha yaxşı qorunmasına hesablanan addımlardır və biz Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birlikdə bu məsələləri müzakirə edirik və müzakirələrin nəticəsi olaraq müvafiq təkliflər hazırlanacaq".