Dünyaca məşhur “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarının işlənilməsi ilə yanaşı ölkədə bir çox digər perspektivli layihələr həyata keçirilir ki, bu da Azərbaycanın uzun illər ərzində beynəlxalq neft-qaz bazarlarında aktiv iştirakçı olmasına imkan yaradacaq. Ölkə həm öz enerji təhlükəsizliyi və iqtisadi inkişafını təmin edib, həm də regional və qlobal səviyyədə enerji bazarlarında mühüm iştirakçıya çevrilə bilib.
Hazırda Azərbaycanın iştirakı ilə dünyanın ən böyük enerji layihələrindən biri – Cənub qaz dəhlizinin yaradılması həyata keçirilir. Bu dəhliz ölkəyə “Şahdəniz” qazının Türkiyəyə və Gürcüstana nəqlinin artırılması ilə yanaşı, onu Avropa bazarlarına çatdırmağa imkan yaradacaq. Bununla yanaşı, dəhlizin texniki imkanları gələcəkdə Azərbaycana qaz ixracını daha da artırmağa və digər yataqlardan "mavi yanacağ"ın nəqlini təmin etməyə şərait yaradacaq.
Bu ilin birinci rübü ərzində Azərbaycanın neft-qaz sahəsinə 1,1 mlrd. manata yaxın vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,5% azdır. Rüb üzrə ən çox sərmayə martda edilib və 373,9 mln. manat təşkil edib. Sərmayənin həcminin azalmasına baxmayaraq, bu ilin birinci rübü neft-qaz sektoru üçün kifayət qədər məhsuldar olub.
Respublika üzrə hasilat və ixrac
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda xam neftin əmtəəlik hasilatı 9,7 mln. ton təşkil edib, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,4% çoxdur. Hesabat dövründə ölkədə əmtəəlik təbii qazın hasilatı isə 6 mlrd. kubmetr (ümumi hasilat 9,1 mlrd. kubmetr) təşkil edib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 36%-lik artım deməkdir.
Bundan başqa, cari ilin birinci rübündə SOCAR üzrə 1,85 mln. ton neft və 1,56 mlrd. kubmetr qaz hasil olunub ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə neft hasilatı 1,1% artıb, qaz hasilatı isə 0,6% azalıb.
İxraca gəldikdə, Azərbaycan 2019-cu ilin birinci rübündə 3,2 mlrd. kubmetr qaz ixrac edib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27% artıb. Ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə “Şahdəniz-2” (yatağın işlənilməsinin ikinci fazası) qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyədək sözügedən boru kəməri vasitəsilə 1,4 mlrd. kubmetr kommersiya məqsədli qaz nəql edilib.
Hesabat dövründə SOCAR tərəfindən 5,8 mln. tona yaxın xam neft ixrac olunub, bu isə keçən ilin birinci rübü ilə müqayisədə 1,7% çoxdur.
Qazma işləri
Cari ilin “Ümid” yatağında SOCAR üzrə ən yüksək debitli quyu qazılıb istismara verilib. Quyudan illik 900 mln kubmetrədək təbii qaz hasil olunacaq. Quyunun potensial hasilatı gündəlik 2,5 mln. kubmetr qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə, 5 940-6 810 metr dərinliyindən süxur nümunələri götürülüb, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilib.
Ümumiyyətlə, bu ilin birinci rübündə SOCAR 40,3 min metrdən artıq qazma işləri həyata keçirib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,5% azdır.
“Azəri-Çiraq-Günəşli” və “Şahdəniz” yataqları
Azərbaycanda hasil edilən neft və qazın böyük hissəsi məhz AÇG və “Sahdəniz” yataqlarının payına düşür. Aprelin 1-nə olan göstəricilərə əsasən, AÇG yataqlar blokundan 481,1 mln ton. neft hasil edilib. Yataqlardan indiyədək 156,2 mlrd. kubmetr qaz hasil edilib. Ölkədə ilin birinci rübündə 9,7 mln ton istehsal edilən neftin 6,9 mln tonu AÇG-də hasil edilib, 3,2 tonu isə ixrac olunub. Yataqların gələcəkdə də işlənilməsi Azərbaycanın neft-qaz sektorunun inkişafına öz töhfəsini verməkdə davam edəcək.
Əlavə olaraq, AÇG yataqlar blokundan indiyədək hasil edilən 481 mln. ton neftin 279 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin sözlərinə görə, AÇG-də bu günədək 481 mln ton neft hasil edilib. İndiyədək Azərbaycandan 506 mln neft ixrac edilib ki, bunun 383 mln tonu Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib.
Bu ilin birinci rübündə hasil edilən 9,1 mlrd. kubmetr qazın 4,3 mlrd. kubmetri “Şahdəniz” yatağının payına düşüb. Bundan başqa, yanvar-mart aylarında yataqdan 1 mln. ton kondensat hasil edilib. Ümumiyyətlə, cari ilin aprelin 1-nə yataqdan 104 mlrd. kubmetr qaz və 25,1 mln. ton kondensat hasil edilib. Yataqda hasil edilən qazın 69,7 mlrd. kubmetri ixrac edilib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov sözlərinə görə, Azərbaycan 2021-ci ildə qaz hasilatını 45 mlrd. kubmetrə çatdıracaq. Gələcək illərdə “Abşeron”, “Qarabağ”, “Ümid-Babək” və başqa yataqların inkişafı və işlənilməsi qaz hasilatını artırmağa imkan verəcək.
AÇG-də və “Şahdəniz”də hasil edilən neftin və qazın nəqli Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəməri ilə həyata keçirilir. Bu ilin birinci rübündə BTC ilə 8,15 mln. ton neft nəql edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 1,3% azdır. Hesabat dövründə sözügedən kəmərlə 1,2 mln. ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 22,1% azdır.
Ümumiyyətlə, yanvar-mart aylarında magistral neft kəmərləri ilə 10 005,4 min ton neft nəql edilib. Nəqletmənin 81,5%-i BTC ilə həyata keçirilib, hesabat dövründə bu kəmər vasitəsilə 8 150,2 min ton neft ötürülüb.
Yanvar-mart aylarında Cənubi Qafqaz boru kəməri vasitəsilə 2,61 mlrd. kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,3% çoxdur. Azərbaycanda qazın nəqlinin 33,5%-i Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Ümumiyyətlə, yanvar-mart aylarında magistral qaz kəmərləri ilə 7,8 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,8% artım müşahidə olunub.
Dövlət Neft Fondu və karbohidrogenlərdən alınan mənfəət
Sözügedən layihələrdən alınan gəlirin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) yönəldilir. 2001-ci ildən etibarən ARDNF-ın AÇG yataqlarının işlənilməsi layihəsi üzrə əldə olunan ümumi gəlirləri bu ilin aprelin 1-nə 140,450 mlrd. ABŞ dolları təşkil edib. İlin birinci rübündə bu göstərici 2,243 mlrd. dollar olub. Ötən ilin analoji dövrü ilə müqayisədə Fondun gəlirləri 8,6% artıb.
Bundan başqa, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 2019-cu ilin birinci rübündə 91 mln. dollar təşkil edib. “Şazdəniz” qaz-kondensat yatağının işlənilməsi çərçivəsində hasil edilən qazın satışından əldə edilən ARDNF-ın ümumi gəlirləri 2,506 mlrd. ABŞ dolları təşkil edib.
Birinci rübün nəticələrinə görə, ARDNF aktivləri fondun tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dolları həcmini keçib. Fondun büdcə gəlirləri 5 960,7 milyon manat, büdcə xərcləri isə 2 640,7 milyon manat təşkil edib.
2019-cu ilin birinci rübü ərzində ARDNF-ın neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 605,0 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 833,5 mln. manat, bonus ödənişləri 766,4 mln. manat, tranzit gəlirləri isə 5,1 mln. manat təşkil edib.
Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 355,7 mln. manata bərabər olub.
Hesabat dövründə ARDNF-ın 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 615,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə isə 19,7 mln. manat vəsait ayrılıb. Bu ilin yanvar-mart ayları ərzində ARDNF-ın idarə edilməsi ilə bağlı xərcləri 6 mln. manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-ın büdcədənkənar xərci 332 mln. manata bərabər olub.
Bu ilin 31 mart tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 mln. dollar) nisbətən 4,56% artaraq 40 273,3 mln. dollara bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.
Neftin emalı
Neftin hasilatı ilə yanaşı Azərbaycan onun emalını da həyata keçirir. Əldə edilən məhsulların böyük bir hissəsi daxili bazara, bir hissəsi isə ixraca yönəldilir. Bu ilin birinci rübündə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 735,1 mln. manat olmaqla əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 1,4% artıb.
Neft məhsullarından avtomobil benzininin istehsalı 1,6%, yanacaq mazutunun istehsalı 8,6% azalıb, dizel yanacağının, ağ neftin, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.
Neft məhsullarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:
Məhsul növləri |
2019-cu ilin yanvar-mart aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Avtomobil benzini, min ton |
302,8 |
98,4 |
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
78,8 |
136,8 |
Ağ neft, min ton |
154,2 |
109,8 |
Dizel yanacağı, min ton |
515,6 |
105,9 |
Yanacaq mazutu, min ton |
18 |
91,4 |
Sürtkü yağları, min ton |
4,9 |
94,2 |
Neft bitumu, min ton |
39,4 |
67 |
Neft koksu, min ton |
61,2 |
96,2 |
Neft məsullarının ixracı
Azərbaycanda neft məsulları SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) istehsal edilir. Yarım əsrlik tarixi ərzində 300 mln. ton neft emal edib. Zavodda 15 növ neft məhsulu istehsal edilir, onun yalnız bəziləri ixrac edilir. SOCAR 2019-cu ilin birinci rübündə 200 min tona yaxın dizel yanacağı ixrac edib. Şirkətin emal üzrə vitse-prezidenti David Məmmədovun sözlərinə görə, hesabat dövründə 8 min mayeləşdirilmiş qaz da ixrac edilib. Hazırda BNEZ-ə istehsal olunan neft məhsullarından dizel və mayeləşdirilmiş qaz ixrac edilir. Digər məhsullar isə daxili bazara yönəldilir. Mayeləşdirilmiş qaz Gürcüstan, İran, Pakistan və Əfqanıstana, dizel yanacağı isə Gürcüstan və Qara dəniz regionuna göndərilir.
Neft və neft-kimya məhsullarının ixracı isə yanvar-mart aylarında təqribən 456 min ton təşkil edib, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10,5% çoxdur.
Onu da demək lazımdır ki, SOCAR Gürcüstanda böyük yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinə sahibdir. Hazırda Gürcüstanda SOCAR brendi altında 110-dan çox yanacaqdoldurma məntəqəsi (YDM və QDM) fəaliyyət göstərir. Şirkətin pərakəndə bazar payı təqribən 16%-dir.
Bu il SOCAR Gürcüstanda YDM-lər vasitəsilə 160 mln. litrdən çox yanacaq satmağı planlaşdırır ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 9% çoxdur. 2018-ci ildə YDM-lər vasitəsilə Gürcüstan ərazisində 147 mln. litrdən çox yanacaq realizə edilib.
Kimya məhsulları
Neft emalına bağlı olan kimya istehsalatı üzrə də birinci rübdə yüksək göstəricilər müşahidə edilib. Hesabat dövründə ölkədə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 249,7 mln. manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı rezin və plastik kütlə məmulatlarının istehsalında 59,3%, əczaçılıq məhsullarının istehsalında 44%, kimya sənayesində isə 32,6% artıb.
Əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2 dəfə, propilen istehsalı 83,5%, etilen istehsalı 20,6%, yod istehsalı 20,1%, polietilen istehsalı 14,2% artıb.
Kimya sənayesi məhsullarının istehsalı:
Məhsul növləri |
2019-cu ilin yanvar-mart aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Azot, min kubmetr |
5 581,2 |
88,4 |
ondan əmtəəlik |
182,9 |
20 |
Yod, ton |
47,9 |
120,1 |
Oksigen, min kubmetr |
784 |
80,5 |
ondan əmtəəlik |
766,3 |
82,4 |
Propilen, min ton |
29,5 |
183,5 |
ondan əmtəəlik |
29,4 |
2,4 dəfə |
Polietilen, min ton |
33,5 |
114,2 |
Etilen, min ton |
36,4 |
120,6 |
Metanol, min ton |
69 |
5,1 dəfə |
Lak-boya məmulatları, ton |
5 065,9 |
2 dəfə |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
4 090,4 |
|
Azərbaycanın neft-qaz sektoru olduqca zəngin tarixə malikdir. Ölkə hazırda da beynəlxalq səviyyədə bu sahənin inkişafına öz töhfəsini verməyə davam edir.
Ölkə bir o qədər də böyük hasilat göstəricilərinə malik olmasa da, neft qiymətinin sabitləşdirilməsi prosesinin fəal iştirakçısıdır. Martda Bakıda ilk dəfə OPEC tədbirinin keçirilməsi Azərbaycanın neft ölkəsi kimi tarixi və müasir roluna verilən qiymətin göstəricisidir.
Qeyd edək ki, Azərbaycan OPEC+ çərçivəsində neft hasilatın stabil səviyyədə saxlanılması təşəbbüsünün iştirakçılarından biridir. Ötən il neft və qaz sahəsindən alınan təxminən 9,8 mlrd. dollar həcmində mənfəət Azərbaycanın bu prosesə qoşulmasının nə dərəcədə doğru qərar olduğunu sübut edir.