Bu ilin ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac, 138 ölkədən isə idxal olunub.
ONA-ın Dövlət Statistika Komitəsınə istinadən verdiyi xabərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 5 121,2 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 955,4 mln. dollar, idxalın dəyəri 2 165,8 mln. dollar təşkil edib, nəticədə 789,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 13%, o cümlədən idxal 49,1% artıb, ixrac isə 4% azalıb. Real ifadədə dövriyyə 6,1%, o cümlədən idxal 18,7%, ixrac 0,1% artıb.
Hesabat dövründə ixracın 37,7%-ni İtaliyaya, 8,7%-ni Türkiyəyə, 7,6%-ni Almaniyaya, 4,7%-ni İspaniyaya, 4,6%-ni Portuqaliyaya, 4,4%-ni Hindistana, hər biri 3,7% olmaqla Gürcüstan və Avstriyaya, 3,4%-ni Çexiyaya, 2,8%-ni Rusiyaya, 2,7%-ni Yunanıstana, 2,6%-ni Fransaya, 2,4%-ni İsrailə və qalan 11%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 12,7%-i İsveçrə, 11,6%-i Rusiya, 9,1% faizi Türkiyə, hər biri 8,4% olmaqla İran və Çin, 5,8%-i Kanada, 4,3%-i ABŞ, 3,95-i Almaniya, 3,7%-i Avstraliya, 3%-i Ukrayna, 2,6%-i Belarus, 2,4%-i İtaliya, 24,1%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Bu ilin yanvar-fevral aylarında ölkədən 281,6 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 16,5%, real ifadədə isə 10,3% çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (29,1%), Türkiyəyə (22,6%), Gürcüstana (13,1%), İsveçrəyə (7,3%), İrana (3%), Yunanıstana (3%), İtaliyaya (2,8%), Çinə (2,3%), Ukraynaya (2,2%), Almaniyaya (2%) və ABŞ-a (1,6%) göndərilmiş malların payı üstünlük təşkil edib.
Hesabat dövründə 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 27,2%, təzə tərəvəz – 1,6 dəfə, tütün – 19%, şəkər – 15,5%, çay – 18,9%, meyvə və tərəvəz konservləri – 16,8%, bitki yağları – 4,4%, təbii üzüm şərabları və üzüm suslosu – 8,5%, pambıq lifi – 2,9 dəfə, emal olunmamış alüminium – 7,6%, pambıq ipliyi – 9,3%, bentonit gili – 30,6%, qara metallardan yarımfabrikatlar – 2,4 dəfə artmış, meyvə və tərəvəz şirələri ixracı isə 19,5%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 35,5%, kartof – 27,6%, polietilen – 4,8%, qara metallardan borular – 65,8% azalıb.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2019-cu ilin yanvar-fevral aylarında buğda idxalı 16,1%, xam şəkər və şəkər – 3,3 dəfə, bitki yağları – 13,9%, siqaret – 24,4%, kartof – 38,6%, kərə yağı, digər süd yağları və pastaları – 5,4%, quş əti və onun əlavə məhsulları – 2,1 dəfə, mal əti – 8,9%, minik avtomobilləri – 2,5 dəfə, polad prokatı – 1,3%, mineral gübrələr – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 49,1%, qara metallardan çubuqlar – 0,9%, mebellər – 35,3%, polietilen – 23,8%, yük avtomobilləri – 2,2 dəfə, qara metallardan künclüklər – 34,5%, məişət kondisionerləri – 2 dəfə, avtobuslar – 3,4 dəfə artıb, təzə meyvə idxalı isə 6,4%, çay – 19,6%, təzə tərəvəz – 5,6%, qara metallardan borular – 24,7%, rezin şinlər – 14,1%, paltaryuyan maşınlar – 21,7%, sement və sement klinkerləri – 47,2%, məişət soyuducuları – 26,4% azalıb.