• İQTİSADİYYAT

    11:59 3 may 2019

Bakıda "Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı"nın təqdimatı keçirilib

Bu gün Bakıda “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatı keçirilib.

ONA-nın məlumatına görə, təqdimat mərasimində Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, dövlət və hökumət nümayəndələri, millət vəkilləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Dövlət Proqramının qəbul olunması dövlətimizin başçısı tərəfindən qida təhlükəsizliyinə konseptual yanaşmanın və bu istiqamətdə strateji idarəetmənin təzahürüdür. Qeyd olunub ki, AQTA-nın fəaliyyət göstərdiyi qısa müddət ərzində qarşıya qoyulmuş qısamüddətli və uzunmüddətli hədəflərin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2018-ci ilin ilk altı ayı ərzində Agentliyin səlahiyyətlərinin icrasına başlamaq üçün bir neçə istiqamətdə hazırlıq və quruculuq tədbirləri həyata keçirilib, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional inkişaf və maddi-texniki bazanın formalaşdırılması, beynəlxalq əməkdaşlığın qurulması, sahibkarların və istehlakçıların yeni sistem haqqında maarifləndirilməsi istiqamətində işlər görülüb. Qeyd olunub ki, Agentliyə verilən səlahiyyətlərin icrası üçün bir sıra qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib, habelə yeni normativ hüquqi aktlar qəbul olunub. Bu dövr ərzində mövcud qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə 10 Qanun qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 22 Fərman və 10 Sərəncam imzalanıb, bundan əlavə, Nazirlər Kabineti tərəfindən 17 Qərar qəbul edilib. Eyni zamanda beynəlxalq təcrübəyə uyğun qida təhlükəsizliyi sisteminin hüquqi bazasının formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi hazırlanıb və aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınaraq təkmilləşdirilib.

Eyni zamanda Agentliyin maddi-texniki bazasının formalaşdırılması ilə yanaşı, qida təhlükəsizliyi sisteminin vacib komponenti olan laboratoriya infrastrukturu inkişaf etdirilib və qısa müddət ərzində Bakıda və regionlarda müasir tələblərə cavab verən, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində ən mürəkkəb analizləri aparmağa imkan verən 21 laboratoriya qurulub.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” üzrə strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına nail olmağı nəzərdə tutur. Eyni zamanda Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Q. Təhməzlinin sözlərinə görə, sahibkarlarla əməkdaşlıq şəraitində qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə əməl olunması, ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qabaqcıl təcrübələr əsasında təmin edilməsi Dövlət Proqramının əsas məqsədlərindəndir.

Tədbirdə çıxış edən dövlət və hökumət nümayəndələri, millət vəkilləri və beynəlxalq təşkilatların nümayəndələri öz çıxışlarında yeni Dövlət Proqramının qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasında böyük rol oynayacağını, qida təhlükəsizliyi sahəsində risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması istiqamətində görülən tədbirlərin daha sistemli və intensiv həyata keçirilməsinə imkan verəcəyini, ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək göstərəcəyini bildiriblər.

Qeyd edilib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” hazırlandıqdan sonra bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi təşkilatlara göndərilib və onların rəyləri nəzərə alınıb. Eyni zamanda Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərinə göndərilib və ictimai müzakirəsi təşkil edilib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR