Bu ilin sonunadək "Şəfəq-Asiman" perspektiv strukturunda ilk kəşfiyyat quyusu qazılacaq. ONA-nın məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Onun sözlərinə görə, bu kəşfiyyat quyusu üzrə nəticələr məlum olduqdan sonra yataqda ehtiyatların həcmi barədə daha konkret fikir söyləmək mümkün olacaq: "Lakin, geoloqların hazırkı mərhələdəki ehtimallarına görə, orada güman olunan qaz ehtiyatları "Şahdəniz" yatağının ehtiyatları ilə müqayisə ediləcək səviyyədədir".
B. Aslanbəyli onu da bildirib ki, növbəti 12-18 ay ərzində üç kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Bu da nəticə etibarilə Xəzərin daha dərin hissəsində ilk təcrübə olacaq.
"Burada da kifayət qədər neft ehtiyatlarının olması ehtimal olunur ki, bu da Azərbaycanın neft-qaz sənayesi üçün çox ciddi bir layihə olacaq", - deyə B. Aslanbəyli qeyd edib.
Qeyd edək ki, "Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 000 metrdir.
Xatırladaq ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trln. kubmetr qaz və 240 mln. ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz" yatağının kəşf edilməsi və "Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.