Hesablama Palatası Uşaq Musiqi Məktəbinin tikintisi zamanı 100 min manatdan çox büdcə vəsaitinin artıq ödənildiyini aşkarlayıb.
ONA-nın məlumatına görə, audit 2014-2017-ci illər və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə Ağstafa Rayon İcra Hakimiyyətinin sifarişinə əsasən, tikinti-quraşdırma işləri aparılan “Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin tikintisi” üzrə 2018-ci ilin dekabr ayının 3-dən 15-i tarixinədək aparılıb.
Uşaq Musiqi Məktəbinin (UMM) tikintisinin layihə-smeta sənədləri şirkət tərəfindən hazırlanıb, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsində ekspertizadan keçirilərək müvafiq rəy alınıb və Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən obyektin 2014-cü il noyabr ayı üzrə artım əmsalı 18,25 olmaqla, ehtimal olunan müqavilə dəyəri 4 milyon 200,1 min manat müəyyən edilib.
Satınalmalar üzrə Dövlət Agentliyinin müvafiq razılıq məktubları əsasında ümumilikdə 4 milyon 195,3 min manat məbləğində birbaşa (bir mənbədən) satınalma müqaviləsi bağlanıb, 4 milyon 195,3 min manat məbləğində işlərin yerinə yetirilməsi “İşlərin qəbulu haqqında Akt”lar ilə rəsmiləşdirilib və vəsait ödənilib. Obyektin tikintisi 2016-cı ilin mart ayında başa çatıb və 2017-ci il 27 mart tarixində qəbul komissiyasının müvafiq aktı ilə istismara qəbul edilib.
Bununla yanaşı, işçi layihədə bünövrələr “yeraltı divarlar”ın iş həcmləri 299 kv.m. olduğu halda, smetaya 1996 kv.m. daxil edilməsi nəticəsində işlərin dəyəri ƏDV-siz 72 min 971 manat məbləğində, karkas “dəmir-beton sütunların qoyulması B25” iş həcmləri 223,86 kub.m. olduğu halda, smetaya 301,34 kub.m. daxil edilməsi nəticəsində işlərin dəyəri ƏDV-siz 13 min 946,4 manat məbləğində və karkas “armatur sinfi AI və AIII” iş həcmləri 104,31 ton olduğu halda, smetaya 126,5 ton daxil edilməsi nəticəsində işlərin dəyəri ƏDV-siz 21 min 968,1 manat olmaqla, cəmi 108 min 885,8 manat məbləğində artırılaraq, podratçı təşkilata ödənilib.
Həmçinin, yerinə yetirilməyən işlərin 2015-ci ilin II rübündə tərtib edilmiş “İşlərin qəbulu haqqında Akt”a daxil edilərək, podratçıya 22 min 218 manat məbləğində artıq vəsait ödənilməsinə yol verilib. Obyekt üzrə smeta sənədlərində nəzərdə tutulmuş və “İşlərin qəbulu haqqında Akt”lara (Forma2) bir sətirlə daxil edilmiş ƏDV-siz müvəqqəti bina və qurğulara görə 72 min 808 manat və nəzərdə tutulmayan işlər və xərclərə görə 92 min 214 manat, cəmi 165 min 22 manat vəsait podratçı təşkilata ödənilib.
Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin NÜMUNƏSİ"nin tələblərinə əməl olunmayaraq, podratçı təşkilatdan müqavilənin yerinə yetirilməsi təminatı tələb edilmədən, 4 milyon 195 min 280 manat məbləğində satınalma müqaviləsi bağlanıb. Dövlət Tikinti Normaları Az.DTN 1.6.1 "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları"nın 5 nömrəli əlavəsi ilə sənədləşdirilsə də, Dövlət qəbul komissiyasının istismara qəbul aktında layihəçi haqqında məlumatlar, obyektin tikintisinə başlanma və başa çatma tarixləri, podratçı təşkilat haqqında dolğun məlumat, istismara qəbul edilən obyektin əsas göstəriciləri, obyektin smeta və faktiki, əsas fondlarının faktiki dəyəri haqqında məlumatlar öz əksini tapmayıb. Həmçinin satınalmalar keçirilərkən “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə tam riayət olunmayıb. Tender prosedurlarının keçirilməsinə kifayət qədər vaxt olduğu halda və qanunun 21-ci maddəsində nəzərdə tutulmuş digər halların mövcud olmadığı halda, Agentliyin müvafiq razılıq məktubu əsasında podratçı ilə 4195,3 min manat məbləğində birbaşa (birmənbədən) satınalma müqaviləsi bağlanıb.
Qanunun tələblərinə uyğun olaraq, malgöndərənlərin (podratçıların) ixtisasına dair satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması və Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında iddiaçı (podratçı) təşkilatdan qeyd olunan arayışlar və digər təsdiqedici sənədlər tələb edilmədən ehtimal olunan dəyəri 4 milyon 200,1 min manat olan obyektin satınalması keçirilib.