Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənilməsi üzrə tərəfdaşlar “Mərkəzi-Şərqi Azəri” layihəsinin investisiya qərarını təsdiq edib.
ONA-nın məlumatına görə, sənədi SOCAR-ın prrzidenti Rövnəq Abdullayev və BP-in Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qarri Cons imzalayıblar.
R. Abdullayevin sözlərinə görə, 6 mlrd. dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir: “2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8 000 işçinin cəlb olunacağı gözlənilir. Platformanın istismar müddəti ərzində 300 milyon barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlanılması 2023-cü ildə gözlənilir.
Q. Consun sözlərinə görə, bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətə davamlı şəkildə reallaşdırmaq niyyətini nümayiş etdirir.
Layihə çərçivəsində platformanın tikintisi nəzərdə tutulub. Platformasının quruda, tikinti-quraşdırma meydançalarında aparılan tikinti və istismara hazırlıq fəaliyyətlərinin əksəriyyətinin 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir.
Layihə çərçivəsində 2020-ci ildən etibarən sualtı emalat işlərinin görülməsi planlaşdırılır. 2021-ci ilin sonuna dayaq blokunun quraşdırılması, 2022-ci ilin ortalarına isə üst tikilinin quraşdırılması işlərinin aparılması nəzərdə tutulur.
Platformadan hasilatı 2023-cü ildə başlanılması planlaşdırılır.
Qeyd edək ki, “Mərkəzi-Şərqi Azəri” AÇG-nin müqavilə ərazisinin işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
“Mərkəzi-Şərqi Azəri” layihəsinin suyun, təxminən, 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarət olması planlaşdırılır.
“Mərkəzi-Şərqi Azəri” layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin son variantı 2019-cu ilin yanvar-fevral aylarında açıqlanacaq.
Yeni platformanın FEED (Front End Engineering Design - İlkin Detallı Layihələndirmə) və detallı mühəndislik işlərini "SOCAR-KBR" birgə müəssisəsi həyata keçirəcək.
Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.
2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Yeni saziş yatağın 2050-ci ilədək işlənməsini nəzərdə tutur.
Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.