Nazirlər Kabineti “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nı təsdiq edib.
ONA-nın məlumatına görə, bu Qayda Bu Qayda büdcə təşkilatlarında kommunal xidmətlərin istehlakı ilə bağlı növbəti büdcə ilində istehlakçının normal iş fəaliyyətinin təmin edilməsi üçün zəruri hesab olunan kommunal xidmətlərin limitlərinin vaxtında müəyyən edilməsini, istehlakçı tərəfindən kommunal xidmətlərin limit daxilində istehlakına nəzarəti və limitdən artıq istifadəyə yol verilməməsini və istehlakçı tərəfindən kommunal xidmətlərin istehlakı barədə hesabatın təqdim edilməsini müəyyən edir.
Kommunal xidmətlərin istehlakına görə limit il ərzində istehlakçının normal iş fəaliyyətinin təmin edilməsini nəzərdə tutan kommunal xidmətlərin miqdar ifadəsində yuxarı həddidir. Baş sərəncamçı istehlakçının bilavasitə tabe olduğu mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatları, təsərrüfathesablı müəssisə baş sərəncamçının tabeliyində olan və öz xərclərini qanunvericiliklə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirən şəxs, təchizatçı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında kommunal xidmət göstərən şəxsdir.
Qaydaya əsasən növbəti il üçün büdcə təşkilatlarında kommunal xidmətlərə görə limit müəyyən edildikdə, aşağıdakı göstəricilərdən istifadə olunur:
- ötən il ərzində istehlakçının tabeliyində (istifadəsində) olan obyektlərin (və ya onun sahəsinin) hər biri tərəfindən istehlak olunmuş kommunal xidmətlərin miqdar ifadəsində faktiki həcmi;
- cari il ərzində istehlakçının tabeliyində (istifadəsində) olan obyektlərin (və ya onun sahəsinin) hər biri üzrə istehlak olunacaq kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmi;
- cari və növbəti ildə istifadəyə verilməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmi;
- cari ildə ləğv edilmiş və (və ya) növbəti ildə ləğvi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
- cari ildə icarəyə götürülmüş və (və ya) növbəti ildə icarəyə götürülməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
- cari ildə icarəyə verilmiş və (və ya) növbəti ildə icarəyə verilməsi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) üzrə faktiki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
- icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçının subabonenti olduqda, həmin subabonent üzrə kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
- icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçı subabonent olduqda, onun kommunal xidmətlərə görə istehlakın miqdar ifadəsində həcmi.
Bu məlumatlar baş sərəncamçı və təchizatçı tərəfindən birgə hazırlanır və təsdiq edilir. Həmin məlumatlarda uyğunsuzluq olduğu təqdirdə, baş sərəncamçının, obyektin yerləşdiyi ərazi üzrə yerli maliyyə orqanının və təchizatçının nümayəndələrinin iştirakı ilə həmin uyğunsuzluq araşdırılır və miqdar ifadəsində həcm müəyyən edilir. Cari və növbəti ildə istifadəsi nəzərdə tutulan obyekt (və ya onun sahəsi) olduqda, baş sərəncamçı və təchizatçı tərəfindən həmin obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmini əks etdirən birgə arayış hazırlanır və təsdiq edilir. Cari ildə icarəyə götürülmüş və (və ya) növbəti ildə icarəyə götürülməsi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) olduqda, baş sərəncamçı, təchizatçı və icarəyə verən (subicarəyə verən) tərəfindən həmin obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmini əks etdirən birgə arayış hazırlanır və təsdiq edilir. Bu zaman artıq istehlak həcmlərinə yol verilməməli və müəyyən edilmiş limit reallığı əks etdirməlidir. Cari ildə ləğv edilmiş və (və ya) növbəti ildə ləğvi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) olduqda, baş sərəncamçı təchizatçı tərəfindən təsdiqedici sənədlər əsasında həmin obyektlərin (və ya onun sahəsinin) texniki və (və ya) müvafiq dövrdə istehlak olunmuş faktiki istehlak göstəricilərinə əsasən kommunal xidmətləri əks etdirən birgə arayış hazırlanır və təsdiq edilir. Cari ildə icarəyə verilmiş və (və ya) növbəti ildə icarəyə verilməsi nəzərdə tutulan obyekt (və ya onun sahəsi) olduqda, həmin obyekt (və ya onun sahəsi) üzrə istehlak edilən kommunal xidmətlər limitlərə daxil edilmir. Büdcə təşkilatının tabeliyində olan təsərrüfathesablı müəssisənin istehlak etdiyi kommunal xidmətlər limitlərə daxil edilmir və ödənişlər onunla təchizatçı arasında bağlanılmış müqavilə əsasında həmin müəssisə tərəfindən həyata keçirilir. Təsərrüfat-hesablı müəssisə bağlanılmış müqavilənin surətini 3 iş günü müddətində aidiyyəti üzrə Maliyyə Nazirliyinə və (və ya) yerli maliyyə orqanına təqdim edir. Növbəti il üçün istehlakçının istifədəsində olan hər bir obyekt (və ya onun sahəsi) üzrə kommunal xidmətlərə görə limit istehlakçı və təchizatçı tərəfindən bu Qaydada nəzərdə tutulan məlumatlardan istifadə etməklə, cari ilin may ayının 1-dək aşağıdakı qaydada müəyyən edilir və iyun ayının 1-dək kağız və (və ya) elektron daşıyıcılarda baş sərəncamçıya və obyektin yerləşdiyi ərazi üzrə yerli maliyyə orqanına təqdim edilir.
Qaydaya əsasən, hər il yanvar-iyun ayları üzrə 1 iyul vəziyyətinə və iyul-dekabr ayları üzrə 1 yanvar vəziyyətinə olmaqla, “Faktiki istehlak olunan kommunal xidmətin həcmi barədə üzləşmə aktı” 1 ay müddətində istehlakçı ilə təchizatçı arasında qarşılıqlı şəkildə təsdiq edilərək həmin şəxslər tərəfindən aidiyyəti üzrə baş sərəncamçıya və ya müvafiq ərazi üzrə baş sərəncamçının tabeliyində olan quruma və obyektin yerləşdiyi ərazi üzrə yerli maliyyə orqanına kağız və ya elektron daşıyıcılarda təqdim edilməlidir. Tqdim olunmuş icmal məlumatlar əsasında baş sərəncamçı və təchizatçı tərəfindən 1 ay müddətində ümumiləşdirilmiş hesabat (birbaşa maliyyələşdirilən hər bir müəssisə, idarə və təşkilat üzrə ayrı-ayrılıqda göstərilməklə) hazırlanmalı və təsdiq edilməlidir.
Büdcə təşkilatlarının müvafiq vəzifəli şəxsləri kommunal xidmətlərə olan tələbatın müəyyən olunmuş limitlərə uyğunlaşdırılmasını təmin etməli və həmin limitdən artıq kommunal xidmətlərdən istifadəsinə yol verilməməli, kommunal xidmətlərin istehlakı haqqını (limit nəzərə alınmaqla) vaxtında ödəməlidir.
Qeyd edək ki, yeni qərarın qəbulu ilə əlaqədar “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli qərarı ləğv edilib. “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” qərarda büdcə təşkilatlarında kommunal xidmətlərə görə limitin müəyyən edilməsi proseduru və faktiki istehlak olunan kommunal xidmətin həcmi ilə bağlı istehlakçı ilə təchizatçı arasında üzləşmə aktının təsdiqlənməsi əksini tapmayıb.