• İQTİSADİYYAT

    11:59 26 fevral 2019

Ombudsman: “Yol kənarında tikilmiş binalarda təhlükəsizlik qaydalarına riayət edilmir”

Tikinti şirkətləri tərəfindən xüsusi ilə yol kənarlarında, habelə piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə inşa edilən bir sıra hündürmərtəbəli binalarda demək olar ki, təhlükəsizlik qaydalarına riayət edilmir, bu da ətrafda yaşayan sakinlərin və piyadaların həyatını təhlükə altında qoyur.

ONA-nın xəbərinə görə, bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, son 15 ildə geniş vüsət almış müasir tipli hündürmərtəbəli yaşayış binalarının inşası davam etməkdədir. Lakin bəzi işbazlar tərəfindən xarici ölkələrdən respublikamıza gətirilən, müəyyən edilmiş standartlara cavab verməyən tikinti materiallarının yararlılığının yoxlanılmaması, habelə bəzi tikinti şirkətləri tərəfindən hündürmərtəbəli binaların tikintisində istifadə edilməsi kimi məlumatlar böyük narahatlıq doğurur. Ombudsman hesab edir ki, bu problem Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılmalı, mövcud standartlara uyğun olmayan inşaat materialları satışdan və istifadədən çıxarılmalı, günahkar şəxslər barədə qanunla müəyyən edilmiş tədbirlər görülməlidir.

Sənəddə nəzərə çatdırılır ki, qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olmaqdadır. Əksər hissəsi artıq məskunlaşmış bir çox hündürmərtəbəli yaşayış binaları enerji və su ilə təchiz edilsə də, hələ də qazlaşdırılmayıb. İnsan Hüquqları üzrə Müvəkkil təklif edir ki, bu kimi halların qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada Dövlət Qəbul Komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulsun.

Məruzədə o da vurğulanır ki, Prezident İlham Əlyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli fərmanı istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, sakinlərinin mənafelərinin və vətəndaş məmnunluğunun təmin edilməsi, habelə bu sahədə mövcud olan çoxsaylı problemlərin həlli baxımından böyük əhəmiyyət daşıyır.

Ombudsman qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazə alınması tələb edilmir. Həmin Məcəllədə nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti şlərinə başlaya bilər. Lakin bir sıra şikayətlərdə fərdi evin tikilməsi üçün rayon icra hakimiyyətlərinə göndərilən sənədlərə əksər vaxtlarda heç bir münasibət bildirilmədiyi və ya mənfi cavab verildiyi qeyd edilib. Məhz bu səbəbdən fərdi ev tikməklə mənzil-məişət şəraitini yaxşılaşdırmaq istəyində olan vətəndaşlara öz mənzil hüququnu reallaşdırmağa imkan verilmir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR