• İQTİSADİYYAT

    10:48 6 may 2019

Səttar Möhbalıyev: "Son 15 ildə Azərbaycanda əmək haqları 7 dəfə artırılıb"

Beynəlxalq Əmək Təşkilatının (BƏT) işində iştirak etmək Azərbaycana sosial-əmək mübahisələrinin tənzimlənməsində beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, sosial tərəfdaşlığı (hökumət, həmkarlar ittifaqları, işəgötürənlər) inkişaf etdirmək, əmək bazarının təkmilləşdirilməsi və tənzimlənməsi üçün BƏT tövsiyələrindən bəhrələnmək imkanı yaradır. ONA-nın xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev BƏT-in dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "BƏT-in 100 illik yubileyi" mövzusunda keçirilən konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, beynəlxalq təcrübəyə əsaslanan əmək qanunvericiliyi normalarının işlənib hazırlanmasına kömək edir, sahibkarlığın, eyni zamanda kiçik biznesin inkişafına, məşğulluq problemlərinin həllinə təsir göstərir.

Azərbaycanın BƏT-lə qarşılıqlı fəaliyyəti mütəmadi imzalanan əməkdaşlıq proqramları ilə həyata keçirilir. Bu proqramlarda məşğulluğun imkanlarının genişləndirilməsi və ölkəmizdə yeni iş yerlərinin yaradılması, əməyin təhlükəsizliyinin yüksəldilməsi və sosial müdafiənin gücləndirilməsi, eləcə də beynəlxalq əmək standartlarına riayət edilməsi və sosial dialoqun inkişafı məsələlərinə dair müxtəlif qarşılıqlı fəaliyyət formaları nəzərdə tutulur.

BƏT Azərbaycana sosial-əmək qanunvericiliyinin ekspertizasının aparılmasına, sosial tərəfdaşlıq konsepsiyasının, istehsalatda işçi kadrlarının hazırlanmasının modul sisteminin təcrübədə tətbiq olunmasına, məşğulluq, sosial müdafiə və pensiya təminatı xidmətlərinin təkmilləşdirilməsinə, əmək sahəsində statistikanın inkişafına, peşələrin təsnifatının aparılmasına, mütəxəssislərin hazırlanmasına məsləhətçi yardımı göstərir.

Dövlət məşğulluq siyasətinin formalaşdırılması, yoxsulluqla mübarizə, əmək miqrasiyası, əmək qanunvericiliyinin, eləcə də sosial və pensiya təminatı sisteminin modernləşdirilməsi, kadrların fasiləsiz hazırlığının və yenidən hazırlığının təşkili məsələlərində BƏT-in imkan və təcrübəsindən yararlanmaq bizim maraqlarımıza cavab verir.

S. Möhbalıyev deyib ki, ötən 27 il ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə BƏT arasında əmək, əmək münasibətləri, məşğulluq, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın daima genişlənməsi amili ilə müşahidə olunan fəal əlaqələr yaradılıb. Azərbaycan Respublikasının dövlət qurumlarının nümayəndə heyətləri ilə birgə həmkarlar ittifaqlarının nümayəndələri də BƏT çərçivəsində əmək, məşğulluq, əməyin mühafizəsi, təhlükəsizliyi və əhalinin sosial müdafiəsi mövzularında müxtəlif ölkələrdə keçirilən 190-a yaxın seminar və müşavirələrdə, konfranslarda iştirak ediblər. BƏT-in dəstəyi və AHİK-in təşkilatçılığı ilə son 12 il ərzində 88 seminar, 30 konfrans, 40-dan çox subregional görüş, təlim kursları, forumlar, təqdimatlar və tədbirlər keçirilib.

Son 15 ildə bu sahədə praktiki və innovativ ideyalarla tanışlıq Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) müvəffəqiyyətlə həyata keçirilməsini asanlaşdıran mühüm amillərdən olub. Azərbaycan həmkarlar ittifaqları əmək sferasının gələcəyi haqqında zamanın çağırışına qoşularaq BƏT-in əməyin gələcək sferasına dair Təşəbbüsünü dəstəkləyir.

"Biz BMT-nin 2030-cu ilədək əməyin gələcək inkişafına, işsizliklə mübarizənin son nöqtəsi kimi yoxsulluqla mübarizəyə yönəldilmiş “BMT-nin dayanıqlı inkişafının məqsədləri” adlı Proqramını dəstəkləyir və onun həyata keçirilməsində imkan daxilində iştirak etməyə çalışacağıq", - dəyə S. Möhbalıyev əlavə edib.

S. Möhbalıyev vurğulayıb ki, BƏT-in Əməyin gələcək sferası üzrə Qlobal Komissiyasının hesabatında insan həyatına istiqamətlənmiş ictimai müqavilənin yerinə yetirilməsi əsas yerlərdən birini tutur. Bu müqavilədə insan qabiliyyət və bacarıqlarının inkişafına, əmək bazarı institutlarına, layiqli və stabil məşğulluğa investisiya qoyuluşunu artırmaq məsələləri önə çəkilmişdir. Qlobal komissiyanın hesabatında bu məqsədlərə çatmaq üçün yeni peşə bilikləri əldə etmək, peşəkarlığı artırmaq və yenidən hazırlanmaq, müəssisələrə, strategiya və siyasətə investisiya qoyuluşunu yüksəltmək, uşaqlıqdan qocalığadək ümumi sosial müdafiəni təmin etmək, fəal dövlət siyasətinə arxalanaraq sosial dialoq vasitəsilə işçilərlə işəgötürənlərin kollektiv təmsilçiliyini yaratmaq, layiqli əməyin mənafeyi naminə texnologiyaları tətbiq etmək kimi məsələlər əməyin gələcək sferasında baş verəcək müsbət dəyişikliklərdir ki, onlardan necə istifadə etmək yolları göstərilir.

"Biz əməyin gələcək sferasının bütün iştirakçılarını əməyin gələcək sferasından gözlədiyi hər şeyi almaq və hər insana arzu etdiyinə nail olmaq üçün milli və beynəlxalq siyasətin formalaşmasına dəstək olmağa çağırırıq", - S. Möhbalıyev deyib.

Onun sözlərinə görə, son 15 ildə ölkədə əmək haqları 7 dəfə, eləcə də minimum əmək haqları 6,5 dəfə artırılıb. Ölkədə təhsilin inkişafı istiqamətində uğurlu islahatlar aparılır, təhsil müəssisələrinin maddi-texniki bazaları möhkəmləndirilir, yüksəkixtisaslı, bacarıqlı mütəxəssislərin hazırlanmasına xüsusi önəm verilir.

Ölkəmizdə aparılan və ildən-ilə güclənən sosial siyasətin əsas istiqamətlərindən biri kimi, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması sahəsində mühüm addımların atılmasıdır.

Dövlət qayğısı əhalinin, demək olar ki, bütün təbəqələrini əhatə edir. Belə ki, pensiyalar, təqaüdlər, minimum əməkhaqqı kifayət qədər təsirli miqdarda artırıldı. Pensiyaların minimum məbləğinin 116 manatdan 160 manata, minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılması dünyanın istənilən dövləti üçün qeyri-adi artım hesab edilə bilər.

S. Möhbalıyev bildirib ki, dünya təcrübəsi göstərir ki, sosial partnyorluğun səmərəli olması üçün güclü həmkarlar ittifaqı və güclü işəgötürənlər təşkilatı lazımdır. Dünyada ilk kollektiv müqavilə 150, Azərbaycanda isə 115 ilə yaxındır ki, imzalanıb. 100 illiyini qeyd edən BƏT-in fəaliyyəti üçtərəfli əməkdaşlığın və sosial partnyorluğun inkişafına böyük təkan verib. Üçtərəfli sosial tərəfdaşlıq artıq həmkarlar ittifaqının müdafiə funksiyasının həyata keçirilməsində sosial dialoqun inkişafının əsas mərhələsinə çevrilib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR