• İQTİSADİYYAT

    12:26 21 may 2019

Şevçoviç: "Şübhə yoxdur ki, yeni seçiləcək Avropa Komissiyası da CQD-yə dəstəyi davam etdirəcək" - MÜSAHİBƏ

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin ONA-ya müsahibəsi

- Azərbaycan qazının gələn ildən Avropaya çatdırılması prosesinə start verilməsi gözlənilir. Bu, nə kimi imkanlar və perspektivləri açacaq?

- İqtisadiyyatımızı dekarbonizasiya etmək niyyətində olduğumuz üçün Avropa İttifaqının enerji balansının 23,4 faizini təşkil edən qaz gələcək illərdə də Avropa İttifaqının enerji sistemində vacib rol oynamağa davam edəcək. Avropa İttifaqı hazırda istehlak etdiyi qazın 70.4 faizini ixrac edir və bunun 64.7 faizi Rusiya və Norveçin payına düşür. Yerli istehsalın aşağı düşməsi səbəbindən gələcək illərdə idxalda artım baş verə bilər. Bu baxımdan Enerji Birliyi Strategiyasının mərkəzində duran Avropa İttifaqının qaz mənbələrini, xətlərini və tərəfdaşları diversifikasiya etmək siyasətində Azərbaycan vacib elementdir. Xəzər dənizindən gələn qaz Avropa İttifaqına üzv olan daha həssas ölkələrin təbii qaz təminatı təhlükəsizliyinin möhkəmlənməsində əsas rol oynayacaq.

Cənubi Qaz Dəhlizi layihəsi, həmçinin, Azərbaycana da çox sayda imkan təqdim edəcək ki, bu da Avropa İttifaqının regiona güclü şəkildə cəlb olunmasını göztərən konkret misallardan biridir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. 2017-ci ildə Azərbaycanın ümumi ticarətinin 36,2 faizi Avropa İttifaqının payına düşüb. Avropa İttifaqı, həmçinin, Azərbaycanda vacib xarici investordur. Son 10 ildə Avropa İttifaqı Azərbaycana təxminən 18 milyard dollar investisiya yatırıb. Hazırda təxminən Avropa İttifaqının 385 şirkəti Azərbaycanda fəaliyyət göstərir.

- Avropa İttifaqı hansı mənbələri Cənubi Qaz Dəhlizinin genişləndirilməsi üçün əlavə resurs hesab edir? İsrail və ya Türkmənistanın bu layihəyə qoşulma imkanlarını necə dəyərləndirirsiniz?

- Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqının diversifikasiya siyasətinə ciddi töhfə verə biləcək istənilən ölkə və mənbədən qaz qəbul etməyə açıqdır. Regionun Türkmənistan və Azərbaycan kimi bir çox ölkəsindən əlavə qaz almaq üçün böyük imkanlar var. Yekun investisiya qərarı texniki və kommersiya şərtlərindən asılı olacaq. Texniki olaraq biz yaxşı mövqedəyik. Belə ki, layihənin potensialı gələcəkdə aşağı xərclərlə arta bilər. Məsələn, TAP layihəsinin illik 10 milyard kub metr qaz potensialının qısa zamanda iki dəfə artması mümkündür. Bu zaman bazar qərar verməlidir ki, əlavə Xəzər dənizi qazına ehtiyac varmı? Aralıq dənizi hövzəsindən çıxan qaza gəldikdə, bir sıra mümkün daşınma xətləri nəzərdən keçirilir. Nəticədə regiondan gələn qazın Avropa İttifaqı bazarında rəqabətə davamlı olmasını təmin etmək üçün ən effektiv variantı seçməyimiz vacibdir.

- Ümumiyyətlə, Azərbaycanın Avropa bazarında qaz təminatçısı kimi rolunu necə qiymətləndirirsiniz?

- Avropa İttifaqı və regiondakı digər tərəfdaşları Cənub Qaz Dəhlizi layihəsini formalaşdırmaq və inkişaf etdirməkdə Azərbaycanın strateji rolunu tam tanıyır. Əminəm ki, Azərbaycan uzun illər Avropa İttifaqına üzv ölkələr üçün və onun sərhədlərindən kənarda etibarlı qaz təminatçısı və tərəfdaşı olacaq.

- TAP layihəsinin tikintisinin gələn il yekunlaşması gözlənilir. Hesab edirsinizmi ki, gələn ildən etibarən Avropa Azərbaycandan ilk qazı almağa başlayacaq? Boru kəmərinin tikintisi işlərini necə qiymətləndirirsiniz? Albaniyada işlər artıq başa çatıb. Tikinti işlərinin İtaliyada problemlə üzləşməyəcəyini düşünürsünüzmü?

- Yunanıstan, Albaniya və İtaliyadan keçən TAP layihəsi Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentidir. Cənub Qaz Boru Kəməri və TANAP-ın tikintisinin 2018-ci ildə uğurla başa çatmasından sonra TAP layihəsi də finala yaxınlaşır. Bu günə kimi layihənin 85 faizi gerçəkləşib. İşlərin yaxşı irəliləməsinə görə deyə bilərəm ki, İtaliya, Yunanıstan və Bolqarıstana ilk qaz 2020-ci ildə çatacaq.

- Bu il Avropa İttifaqında seçkilər olacaq və rəhbərlik dəyişəcək. Yeni rəhbərlik də Cənubi Qaz Dəhlizi layihəsi ilə bağlı mövqeyi davam etdirəcəkmi?

- Avropa İttifaqı üçün Cənub Qaz Dəhlizi layihəsi strateji tərəfdaşlıq və uzunmüddətli öhdəlik deməkdir. Bu layihə Avropa İttifaqının qaz mənbələrinin diversifikasiyası və Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi siyasətinin vacib layihəsidir. Onun vacibliyi enerji sektoru çərçivəsindən kənara çıxır. Cənub Qaz Dəhlizi layihəsi Xəzər dənizi və Qara dəniz ölkələrinin müsbət inkişafını təmin etmək məqsədi ilə digər aparıcı sahələrdə siyasi iştirakı təmin edən unikal platformadır. İcazə verin qeyd edim ki, Avropa İttifaqı layihəyə ciddi maliyyə dəstəyi verib və dəhlizin tikintisi uzunmüddətli müqavilələrə əsaslanır. Şübhə yoxdur ki, hazırkı dəstək növbəti komissiya tərəfindən də davam etdiriləcək.

- Azərbaycanla Avropa İttifaqı əməkdaşlıq üzrə yeni saziş imzalamağı planlaşdırır. Bu razılaşma energetika sahəsində əlaqələri inkişaf etdirmək baxımından nə kimi imkanlar açacaq?

- Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli saziş üzrə danışıqlar davam edir. Bu razılaşma Azərbaycanın iqtisadiyyatı diversifikasiya etmək səylərini dəstəkləyəcək və davamlı sosial-iqtisadi inkişaf naminə gələcək əməkdaşlıq üçün yaxşı baza yaradacaq. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması bu baxımdan vacib addım olardı. Avropa İttifaqı tərəflərin bölüşdüyü bütün dəyər və öhdəliklərə hörmət çərçivəsində qarşılıqlı maraq doğuran bütün sahələrdə Azərbaycana dəstək və əməkdaşlıq üçün müsbət yanaşma nümayiş etdirməyə davam edəcək.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR