• MƏDƏNİYYƏT

    16:26 29 iyul 2021

156 samovarın sərgiləndiyi, “Karantin dəvə”sinin saxlanıldığı, müvəqqəti qəbirlərin olduğu muzeydən - REPORTAJ

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ayağımı qoyduğum andan elə bil orta əsr şəhərinə düşdüm.



Ətrafda gördüyüm mənzərə-daşlar, evlər, ümumi abu-hava bir orta əsr şəhərinin cizgilərini xatırladırdı. Buna baxmayaraq kompleksin ərazisində addımladıqca gördüyüm bəzi detallar bu nizamı pozurdu.

Muzey gəzintisinə başlamadan öncə bələdçimiz Turan xanım bizə kompleks barədə ümumi məlumat verir: “2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala qoruğu ərazisində açıq səma altında muzey yaradılıb. “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu isə Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Muzey kompleksi ərazisində Azərbaycana, xüsusən də Qalaya və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələri toplanılıb və bərpa olunub. Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri və s. ilkin görünüşündə qurulub. Müasir muzey və abidələrin mühafizəsi tələblərinə uyğun olaraq 1,5 hektar ərazidə yaradılıb.”

Kompleks haqqında qısa məlumat aldıqdan sonra ekskursiyamız başlayır. İlk diqqətimi çəkən girişin yaxınlığında qoyulan qayıq olur. Bələdçidən bu haqda soruşanda bildirir ki, eksponat buraya təzəlikcə qoyulub. Qoyulmasının əsas məqsədi isə balıqçılıqla məşğul olan kənd əhalisinin məşğuliyyətini vurğulamaqdır.

Ümumiyyətlə, Qala muzey kompleksinin ən maraqlı tərəflərindən biri yerli əhalinin yaşam tərzinin, məşğuliyyətinin əyani şəkildə nümayiş olunmasıdır. Məsələn, xalçaçılıq, heyvandarlıq, misgərlik kimi kənd əhalisinin məşğuliyyətini əks etdirən bölmələr var. Ən əsası da ziyarətçi bu bölmələri sadəcə seyr etməklə kifayətlənməyib özü də prosesin iştirakçısına çevrilə bilər. Yəni xalça toxuya, yun əyirə, heyvanları yemləyə, lavaş bişirə bilər. Belə interaktiv turların təşkili buranı daha da maraqlı edir.
Qoruqda bir vaxtlar, elə indi də qalalıların saxladıqları ev heyvanları saxlanılır: toyuq-cücə, ördək, qoyun, dəvə və s.

Qala kəndi karvan yolunun üzərində yerləşdiyinə görə kənd əhalisi dəvələrlə yaxşı tanışdır. Məhz, bu məqamı bir daha xatırlatmaq üçün qoruq ərazisində dəvələr saxlanılır. Bələdçi deyir ki, bura gələn bir çox ziyarətçilərin xüsusilə də turistlərin baş çəkdiyi ilk yer dəvələrin məkanı olur. Biz də bu prinsipə sadiq qalaraq dəvələri görmək üçün qoruğun nisbətən arxa tərəfində yerləşən əraziyə doğru irəliləyirik.

Bələdçi Yuno adlı dəvəni göstərib, - “qoruğun ən sevilən sakinlərindəndir”, - deyir. Yuno karantində doğulduğu üçün ona “Karantin dəvəsi” də deyirlər.

Biz dəvələri yemləyib qoyunların saxlandığı yerə keçirik. Burdakı dəvələrdən başqa yerdə görmək olar, ancaq qoyunlardan yox. Çünki bu qoyunlar xüsusi Qala növünə məxsusdur. Qala qoyunları yununa və çəkisinin çox olmasına görə digər növlərdən fərqlənir. Onları fərqləndirən əsas cəhət isə quyruqlarının daha böyük olmasıdır. Bələdçimiz deyir: “Bəzən quyruq o qədər ağır olur ki, heyvan yatıb-dura bilmir, hərəkətdən qalır. Belə olan halda heyvanın quyruğunun çürüyüb qurd salmaması üçün, xüsusi iki çarxlı yeşikvari araba hazırlanır və hərəkət zamanı quyruğu onun içinə salınır.”

Xartut ağacının yanından keçərkən Turan xanım bizə tut yeməyi təklif edir. Fotoqrafımız Nicatla birgə doyunca tut yeyirik.

Turan xanım deyir ki, ziyarətçilər qoruq ərazisində olan istənilən meyvə ağacından dərib yeyə bilər və əlavə edir ki, kompleksdə hər mövsümdə yemək üçün meyvə tapılır: heyva, nar, tut, əncir, püstə və s.

Burda qalalıların tək məşğuliyyətlərini yox, həm də maddi durumunu, yaşayış tərzini əks etdirən detallar var. Məsələn, kompleks ərazisində həm varlı, həm də kasıb təbəqəyə məxsus ev eksponatları var. Evlərin təsnifatına keçmədən öncə diqqətimi çəkən bir məqamı sizinlə bölüşmək istəyirəm. Gördüyünüz bu kitabələrdə evin kimə məxsus olması yazılar və kitabə evin üzərinə vurularmış. Bu kitabələrə o dövrün “kupçası” deyə bilərik.

Gördüyünüz bu evlər alaçıq adlanır. Palçıq və samandan tikilən bu evlərə çoban evi də deyilir. Daşdan tikilən evlərdən fərqli olaraq müvəqqəti yaşayış yeri kimi istifadə olunduğunu, əsasən köçəri həyat tərzi sürən insanların bu evlərdə yaşadığını deyir bələdçimiz.

Bu ev kəndin ilk ikimərtəbəli evlərindən biridir. Birinci mərtəbəsinin 1805-ci ildə tikildiyi məlumdur. Bu evi dövrünün digər evlərindən fərqləndirən əsas cəhətlərdən biri tikintisində taxtadan istifadə olunmasıdır. Belə ki, Həştərxana ticarət üçün gedən tacir gətirdiyi taxtalardan öz evinin tikintisində də istifadə edir və belə bir bina ərsəyə gəlir. Ümumilikdə isə Qala kəndində ikimərtəbəli evlərin tikilməsinə XIX əsrin sonları XX əsrin əvvəllərindən başlanıb.

Evlər sahiblərinin maddi durumundan asılı olaraq bir-birindən seçilsə də hamısına xas olan ortaq cəhətlər də var. Məsələn, mətbəxdə işləyən qadını kənardan heç kim görməsin deyə qalalıların evlərinin mətbəxində pəncərə olmazmış. Mətbəxdə inşa olunmuş cüt bacalar və ya dublalar, çörək bişirilməsi zamanı təndirin, xörək və su qızdırılması üçün ocağın qurulması zamanı yaranan tüstünün xaric olunması, həmçinin də otağın işıqlandırılması məqsədi daşıyır.

Qalada evlər bir-birinə sıx, kiçik həyətlərdə yerləşirdi. Evlər daha çox iki və bəzi hallarda üç otaqlı tikilirdi. Bu da ailənin say və sosial durumu ilə əlaqəlidir.

Qalada həyətlər kiçik olurdu, əsasən bir neçə ağac, xüsusilə tut və ya püstə ağacı əkilirdi. Həyətlərdə içi ovularaq düzəldilmiş dairəvi və ya kvadrat formalı daş hovuzlar, su quyusu, taxıl üçün zirzəmi və duz üçün quyu da olarmış.

Mətbəxin hər hansı bir küncündə suaxanın tikilməsi demək olar ki, Azərbaycanın ərazisində təkcə Abşeron tikililərinə xas olan əsas səciyyəvi cəhətdir. Suyun rahat axıb çölə çıxa bilməsi üçün, suaxan döşəmənin səviyyəsindən nisbətən yuxarı qurulur, bu tikili içərisində yuyunmaq üçün inşa edilirdi.

Qala kəndində həmişə su problemi olub. Bələdçinin dediyinə görə, su problemi ilə əlaqədar olaraq qalalılar əkin-biçin vaxtı Şüvəlana köçürlərmiş. Bir çox qalalının həm Şüvəlanda, həm də Qalada evi varmış. Çar hökuməti qalalıların qarşısında belə bir şərt qoyur, ya Şüvəlan, ya da Qaladakı evlərindən birini seçsinlər. Seçim qarşısında qalan kənd əhalisinin bir çoxu Şüvəlanı seçir. Buradakı evlərinin daşlarını söküb Şüvəlana aparırlar. Buna görə də ərazidə gördüyümüz evlərin bir çoxu yarım tikili formada bu günümüzə gəlib çatıb.

Gördüyümüz bu daş parçası “insanabənzər büt” adlanır. Türkan kurqanından tapılan bu büt e.ə. III-II minilliyə aiddir. İnsanı qurban verməmək üçün qəbilələr daşdan insan düzəldib qurban veriblər. Onların düşüncəsinə görə ətrafda gördükləri hər bir şey canlı idi və insana bənzər başqa bir canlını qurban versələr tanrılar qəbul edəcəkdi.

Hava çox isti olduğu üçün ərazidə ilan və əqrəb olması riskini nəzərə alaraq bizi qəbiristanlıq ərazisinə buraxmırlar. Bələdçimiz deyir ki, bu qəbiristanlıq Abşeronun ən qədim məzarlıqlardan biridir. Burada ənənəvi qəbirlərdən savayı müvəqqəti qəbirlər də mövcuddur: “Burda olan sərdabələr orta əsrlərə aiddir. Sərdabələrdən insanların dini təsəvvürlərinə, vəfat edənin vəsiyyətinə görə istifadə edilərdi. Belə ki, buradan mərhumun cəsədinin müvəqqəti saxlanılması üçün istifadə olunub. Müqəddəs torpaqlara Qaladan ildə iki dəfə karvanlar vasitəsilə ziyarətə gedərdilər. Vəfat edən şəxs müqəddəs torpaqda, məsələn, Məkkədə, Mədinədə dəfn olunmaq istərdisə, o zaman mərhumun cəsədi müəyyən bir zaman ərzində sərdabədə saxlanılardı və ət çürüyərək torpağa qarışdıqdan sonra sümüklər xüsusi sandıqçaya qoyulub müqəddəs torpağa aparılıb orada torpağa tapşırılardı”.

Xalqımızın toy adətlərini əks etdirmək üçün burada ayrıca bir guşə yaradılıb. Diqqətimi çəkən maraqlı məqamlardan biri toy evi adlanan bu evin qapısının ağzına qoyulan daşdır. Bu daş el arasında elçi daşı deyilən daşı simvolizə edir. Belə ki, keçmişdə subay xanımların yaşadığı evlərin qarşına böyük bir daş qoyularmış, həmin evdə yaşayan xanıma elçi düşən oğlanın böyükləri o daşın üstündə oturar və niyyətlərini bu yolla bildirərmiş.

O vaxtlar Bakı toyları oğlan və qız toyu olaraq ayrıca keçirilər və üç gün, üç gecə davam edərmiş. İnsanlar toya hissə-hissə gəldiyi üçün toyxanalar o qədər də böyük olmazmış.

Belə məkanlar xalça-kilimlə bəzənər, insanlar yerdən əyləşərmiş. Toyxanada olarkən diqqətimi gəlin və bəy maketinin qarşındakı güzgü çəkir.



Güzgüdə kiril əlifbası ilə "Xoşbəxt olun" yazılıb. Bələdçidən güzgünün tarixçəsini soruşanda qayınanasına aid olduğunu deyir. Və əlavə edir ki, muzeyə evdən daha çox güvənir: "Mən qayınanamın güzgüsünü bu günə qədər qoruyub saxlaya bilmişəm. Ancaq bundan sonra uşaqlarım qoruyub saxlaya biləcəyikmi, bax onu bilmirəm. Ona görə də düşündüm ki, muzeyə bağışlamaq daha yaxşıdır."

Arxeoloji qalereyada e.ə. III-II minilliklər, antik dövr və orta əsrlərə aid məişətdə istifadə olunan müxtəlif cür saxsı qablar, o cümlədən daş büt, dəndəl, xanımların istifadə etdiyi zinət əşyaları Azərbaycan xanlıqlarının sikkələri, kitab vərəqləri, öz əksini tapıb.



Qala Əntiq Əşyalar Muzeyinin içərisində gördüklərimdən danışmadan öncə qısaca yaranması haqqında məlumat vermək istərdim.



Muzey Şahid Həbibullayevin şəxsi kolleksiyası əsasında 2010-cu ildə yaradılıb. Şahid bəyin kolleksiyasında üç minə yaxın maddi-mədəniyyət nümunəsi olsa da burada 800 eksponat nümayiş etdirilir. Bu nümunələri o, 25 ilə toplayıb. Halbuki həmin illərdə insanlar qiymətli əşyaları dəyər-dəyməzinə, “metallom” qiymətinə satırmışlar. Bunu görən Şahid bəy həmin əşyalar ölkədən çıxmasın deyə öz vəsaiti hesabına alıb toplamağa başlayır.



Əvvəl topladığı əşyaları öz idarəsində saxlayaraq mühafizə etsə də 2010-cu ildən həmin əşyalar bu muzeyin eksponatlarına çevrilir. Həqiqətən də alqışa layiq bir addımdır. Bu gün Şahid bəy həyatda yoxdur, ancaq bu təşəbbüsü onun adını həmişə yaşadacaq.

Muzeydəki eksponatların çox hissəsini məişət əşyaları təşkil edir. Samovarlar isə say etibarilə ilə daha çoxdur. Hətta dünyada cəmi dörd nüsxə olan nadir samovarlardan ikisi burada saxlanılır. Bələdçi deyir ki, Şahid Həbibullayevin kolleksiyasında Azərbaycanda istifadə olunan 999, ümumilikdə isə 1200 qədim samovar var. Muzeydə onların yalnız 156-sı nümayiş olunur. Ən qədim samovar 1778-ci ilə aiddir.

Sini qablar kolleksiyası da muzeydə xüsusi yer tutur. Bu kolleksiyanın içərisində ən çox diqqətimi çəkən XVI əsrə aid edilən Şah İsmayıl Xətai və digər Səfəvi hökmdarlarının şəkilləri təsvir edilən eksponat oldu.

Burada eneolit dövrünə aid bəzək əşyaları, məcməyilər, şərbət qabları, dolçalar, badyanlar, kuzələr, çıraqlar, qəndillər və digər məişətdə istifadə olunan əşyaları görə bilərik.

Son olaraq kompleks ərazisində yerləşən Qala qəsrinə üz tuturuq. Bələdçimiz deyir ki, qəsr XIV əsrdə tikilib.



Qəsrin altında aşkar edilən evlər, qəbirlər, digər tikili və əşyalar olduğu kimi bərpa edilərək Qala kompleksinin tərkib hissəsinə çevrilib. Kəndin hündür yerində tikildiyi üçün qalanın müdafiə və gözətçi məntəqəsi rolunu oynadığı güman olunur. Qəsr 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. Qəsrin tarixi haqqında ümumi məlumat aldıqdan sonra pilləkənlərə yuxarı çıxırıq.

Bu pilləkənləri çıxarkən təngnəfəs olmamaq mümkün deyil. Qəsrin içərisində maraqlı ola biləcək nəsə gözümə dəymir. Zirvəyə çıxdıqdan sonra kəndə quş baxışı bir nəzər salıram. Burdan baxanda bütün kənd ovuc içi kimi görünür. Bu mənzərəni təsvir etmək mənə çətin gəlir və düşünürəm ki, təkcə bu mənzərəni görmək üçün Qala qəsrini ziyarət etməyə dəyər.

Foto - Nicat Əlili © APA Group

Aytac Sahəd

ONA

Teqlər:

SON XƏBƏRLƏR