Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
ONA xəbər verir ki, iclası giriş sözü ilə açan AMEA prezidenti Akif Əlizadə iclasın Səməd Vurğunun yaradıcılığına həsr edildiyini söyləyib.
O bildirib ki, çox vətənpərvər olan unudulmaz şairin xatirəsi əbədidir: "Səməd Vurğun mart ayında anadan olduğu üçün həm də bahar şairi kimi tanınır və bu günlərdə ölkəmizin müxtəlif bölgələrində onun xatirəsi anılır. Səməd Vurğun böyük şair olmaqla yanaşı, həm də böyük alim idi. Mən çox xoşbəxtəm ki, onun fəaliyyətini bu zalda görmüşəm".
Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi" mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, Səməd Vurğun poeziyasında ən aparıcı ideoloji tendensiyalarından biri azərbaycançılıq məfkurəsi olub: "Sovet dövründə Səməd Vurğunun azərbaycançılıq məfkurəsinin yalnız milli-mənəvi deyil, eyni zamanda funksional olaraq milli dövlətçilik təfəkkürünün qorunması baxımından da olduqca müstəsna əhəmiyyətə malikdir".
Akademik İsa Həbibəyli deyib ki, Azərbaycan ədəbiyyatında cəmi bir neçə ədibə ədəbi məktəb yaratmaq nəsib olub, onlardan biri də Səməd Vurğunudur: "O, özündən sonrakı poeziyaya təsir göstərən bir şair kimi Azərbaycan ədəbiyyatında böyük yer tutur. Biz onun Qasım bəy Zakir haqında dissertasiyasının hissələrini tapmışıq. Bu hissələr özü göstərir ki, o, nə qədər böyük tədqiqatçılıq qabiliyyətinə sahib olub. Səməd Vurğunun Elmlər Akademiyasının vitse-prezidenti olduğu dövrdə Azərbaycan dilinin ikicildlik izahlı lüğəti, milli terminologiya lüğəti çap olunub, Füzulinin 500 illiyi keçirilib. Qobustan qoruğunun mühafizə edilməsi, orda elmi tədqiqatların aparılması üçün Səməd Vurğun böyük işlər görüb. Bu gün Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan elmi yaşadıqca, Səməd Vurğunun da xatirəsi yaşayacaq".
Xalq yazıçısı Anar çıxışında bildirib ki, Səməd Vurğunun həyatı haqqında düşünəndə onun yaşadığı dövrü də nəzərə almaq lazımdır: "Düzdür, Səməd Vurğun və başqa şairlər Stalinə, Leninə şeir də yazıblar, bunu da danmaq olmaz. O şeirlərin bəzilərini ürəkdən yazıblar, amma onu da unutmaq olmaz ki, onlar vətənə ürəkdən bağlı olublar. Mən çox xoşbəxtəm ki, onu uşaq vaxtı görmüşəm, onun iki oğlu - Yusif və Vaqif Səmədoğlularla dostluq etmişəm".
Akademik Vasim Məmmədəliyev isə çıxışında Səməd Vurğunun təkcə hecada deyil, əruz vəznində də dəyərli şeir nümunələri yaratdığını bildirib.
Sonra akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və başqaları çıxış edib.