Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 150 il ötür.
ONA-nın xəbərinə görə, Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub.
İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik edib. Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material verib. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" povestini də bu dövrdə yazıb.
1896-cı ildə ilk ailəsini quran Mircə Cəlilin 1897-ci ildə qızı Münəvvər anadan olub, həyat yoldaşı Həlimə xanım vəfat edib. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy Kəngərlinin bacısı Nazlı xanımla ailə həyatı qurur. 1903-cü ildə Nazlı xanım vaxtından əvvəl ölü uşaq doğur və bununla da əsəb xəstəliyinə tutulur. Mirzə Cəlil Məhəmmədqulu bəylə birlikdə xəstəni Tiflisə aparır və həkimlərin tövsiyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasına yerləşdirir. Buna baxmayaraq, Nazlı xanımın xəstəliyi şiddətlənir, yeməkdən qəti imtina edir və tezliklə dünyasını dəyişir. Üçüncü dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı quran Mirzə Cəlilin bu nikahdan oğlanları Midhət və Ənvər dünyaya gəlir.
O, 1903-cü ildən Tbilisə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləyir. C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olub. 1904-cü ilin noyabrında C.Məmmədquluzadə "Şərqi-Rus" qəzetinin müvəqqəti redaktoru olur. 1905-ci ildə "Şərqi-Rus" bağlandığı zaman Mirzə Cəlil, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə ilə şərikli bu qəzetin mətbəəsini alıb, ona "Qeyrət" adı verir.
1905-ci ildə C.Məmmədquluzadə həmin ildə "Novruz" adlı gündəlik qəzet çıxarmağa icazə alsa da, azadlıq hərəkatının təsiri ilə mübariz satira orqanı nəşr etməyi daha münasib bildi. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə tanındı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə "Molla Nəsrəddin məktəbi" adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratdılar.
1920-ci illərin ikinci yarısından etibarən C.Məmmədquluzadənin həyatında ciddi sarsıntılar dövrü başlanır. Onun baş redaktoru olduğu "Molla Nəsrəddin" jurnalına ciddi senzura nəzarəti qoyulur, jurnalın nəşri üçün ayrılan dövlət vəsaiti (dotasiya) azaldılır. Hətta "Molla Nəsrəddin" jurnalının Mübariz Allahsızlar Cəmiyyətinin orqanı kimi fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilir. Bir çox dövlət səviyyəli toplantılara, ədəbi-mədəni tədbirlərə dəvət edilməməsi, dövri mətbuatda haqqında çap olunan yersiz tənqidi məqalələr də böyük demokrat ədib üçün gözlənilməz mənəvi-zərbələrə çevrilir. Bütün bunlar yazıçının sağlamlığını ciddi surətdə sarsıdır.
Cəlil Məmmədquluzadə 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri Xiyabandadır.
Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisələrinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilib. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılıb. Naxçıvanda və Cəlilabadda heykəli qoyulub. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılıb. Anadan olmasının 100 və 125 illik yubileyləri təntənəli şəkildə qeyd olunub. 17 yanvar 2019-cu ildə Azərbaycan prezidenti İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.