• MƏDƏNİYYƏT

    17:24 17 avqust 2021

Vətən Müharibəsinin zirvəsi: Tarix şəhər, mədəniyyət şəhər - FOTOSESSİYA

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Əvvəli burada: Üzü Şuşaya - Zəfərin zirvəsinə doğru - FOTO - VİDEO

Hacı Dadaşın evi

Şuşanın Təzə, yaxud Yeni məhəllə deyilən səmti. Bura 19-cu əsrdə, sonuncu salınan yaşayış məntəqələrindən olduğu üçün belə adlanıb. Təzə məhəllədə “Mehmandarovların malikanəsi” adlanan saray tipli tarixi yaşayış kompleksi, kompleksə daxil olan bulaq və məscid, eləcə də bizə naməlum olan bir sıra başqa tarixi tikililər yerləşir.

Səhv etmirəmsə, Hacı Dadaşın mülkü də bu məhəllədədir.

Yeri gəlmişkən, onu deyim ki, Şuşadakı əksər yaşayış evləri Arran memarlıq məktəbinin izlərini daşıdığı üçün özünəməxsusluğu ilə seçilir, onların tikintisində pud daşları üstünlük təşkil edir.

Hacı Dadaşın evi də bu qəbildən memarlıq nümunəsi sayıla bilər. Bu yerli əhəmiyyətli iki mərtəbəli abidənin (Şuşadakı əksər abidələr, tarixi binalar kimi, yaşayış evləri kimi!) təəssüf ki, günümüzə qədər yalnız divarları gəlib çatıb. Şuşada soruşub-öyrəndiyim qədəri ilə Sovet dövründə Hacı Dadaşın evində Şuşa Peşə Məktəbinin binası, ondan bir qədər yuxarıda, küçənin digər ucunda isə məktəbin yataqxanası yerləşirmiş. “Yataqxana” taxta işləməli eyvanı ilə ilk baxışdan diqqəti cəlb edir, yıpranmış görkəmi ilə də valehediciliyini qoruyur (Bir də bu binanı təmir olunmuş vəziyyətdə görmək var!). Ümumiyyətlə, Təzə Məhəllənin bu səmti, çaydaşı döşəməli küçə, hündür qoz ağacları, bir-birinə qonşu evlər, qədimi taxta qapılar zaman maşını kimi dərhal adamı XIX əsrin Şuşasına alıb aparır.

Mehmandarovların malikanəsi

Təzə məhəllədə dövlət tərəfindən qorunan abidələrdən biri də “Mehmandarovların malikanəsi” adlanan saray tipli tarixi yaşayış kompleksidir. Ev Azərbaycanın XVIII əsr memarlığının ən maraqlı nümunələrindən biridir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə böyük və kiçik yaşayış binaları, ailə məscidi daxildir.

Burada Mehmandarov nəslinin görkəmli nümayəndələrindən biri - Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri, iki oğlu 1937-ci ildə repressiya edilmiş Kərim bəy Mehmandarov yaşayıb. Bu yazımızda K.Mehmandarovun fəaliyyətinə geniş toxunmaq imkanımız olmasa da, onu vurğulamalıyıq ki, qəlbi Azərbaycanla döyünən bu şəxs təkcə həkim kimi deyil, xeyriyyəçi, ziyalı kimi də ad qazanıb, dövrünün Əhməd bəy Ağaoğlu, Həmidə xanım Cavanşir (həm də Həmidə xanımın ailə həkimi olub) kimi şəxsləri ilə dostluq edib.

Kompleks daş divarlarla əhatələnib. Mehmandarovların böyük yaşayış binası sovet dönəmində Şuşa Şəhər Xəstəxanası, kiçik bina isə Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərib. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb, muzeyin eksponatlarının xeyli hissəsini xilas etmək mümkün olmadığından ermənilər tərəfindən talan edilib. Kompleks ərazisindəki sütunlu və günbəzli ailə məscidi məhəllə məscidi funksiyasını da yerinə yetirirmiş. Məscidin fasadı "Şahbulaq məscidi"nin memarlıq xüsusiyyətləri ilə bənzərlik daşıyır, ön fasad üçtağlıdır, lakin orta tağ bir qədər ovxarlıdır. Sovet dövründə “Yaşıl aptek”ə çevrilən ibadət evində işğal vaxtı ermənilər Geologiya Muzeyi yaradıblar. Məscidin divarlarında eksponatlar üçün nəzərdə tutulmuş rəflərin yeri hələ də qalmaqdadır.

Ev planda kvadrat formaya malikdir. İkinci mərtəbənin dörd otağından üçü evin yan tərəfindəki verandaya, qonaq zalı funksiyasını yerinə yetirən erkerli böyük otaq isə lakonik əsas fasada açılır.

Böyük yaşayış binası və ailə məscidinin interyerləri Usta Qəmbər tərəfindən rəsmlərlə bəzədilib. Təəssüf ki, nə muzeyə çevrilmiş ailə məscidinin divarlarında belə rəsmlərə rast gəldik, nə də evin ikinci mərtəbəsinə qalxan taxta pillələr yararsız hala düşdüyündən yuxarı çıxıb bu motivlərin hələ də qalıb-qalmadığını müəyyənləşdirə bildik.

“Sülh” bulağından su içənlər

Kompleksin qarşısında isə ənənəvi olaraq bulaq yerləşir. Şuşadakı əksər bulaqlar kimi Mehmandarovların evinin qarşısındakı bulaq da kub formasında inşa edilib. Bulaqların əksəriyyəti hazırda fəaliyyət göstərməsə də yerli əhəmiyyətli tarixi abidələr kimi dövlət tərəfindən qorunur. Yuxarı Gövhər Ağa məscidinin arxa küçəsində, uşaq bağçasının yanındakı bulaq isə özünün quruluşu ilə digərlərindən fərqlənir. 1979-cu ildə (üstündə yazılıb) əhəng daşından inşa edilmiş bu dairəvi formalı bulağın üstündə əllərində şar, bir də sülh rəmzi göyərçin tutmuş oğlan və qız uşaqları təsvir olunub. Lakin görünür, nankor qonşularımız bulağın suyundan içsələr də, verdiyi mesajın mənasını anlamayıblar, sülh və əmin-amanlıq içində yaşamaq yerinə savaşı seçib, bu əsrarəngiz torpaqları müharibə ocağına çeviriblər. Ta ki, biz qayıdana qədər...

Müharibəni xatırlatmışkən, Şuşada binaların fasadı, pəncərələrin qırıq şüşələri, divarlardakı yazılar, dağıntılar müharibənin izlərini qoruyub saxlayır. Elə mənim adını “Sülh” qoyduğum bulağın qarşısındakı yaşıl binanın fasadındakı güllə izləri, bir də demək olar Şuşanı hər yerində divarlara yazılmış adam, rayon adları, hərbi hissə nömrələri də belə düşünməyə əsas verir. Azərbaycanın başqa yerində bu sayaq divar yazısı bəlkə yerlipərəstlik kimi görünər, lakin burada bu, Qarabağı (Şuşanı) dişi-dırnağı ilə azad etmiş əsgərin öz şücaətini “əbədiləşdirmək” istəyilə yanaşı, bakılısıyla, qubalısıyla, şəkilisiylə, salyanlısıyla.... birlikdə bütün xalqın 44 günlük müharibə boyu bir yumruq, özü də dəmir yumruq kimi birləşməsinin simvolu sayılmalıdır.

Bir də əsgərlərimizin şəhid yoldaşlarını xatırladan yazıları: “Qisasın alındı, qardaş!”, “Şəhidimiz F.Zahir”.

Torpaq meydanının aşağısında başqa bir meydanda quraşdırılan yol nişanının üzərinə isə daha bir diqqətçəkən yazı və ya istək oxuyuruq: “Polad Həşimov küçəsi verilsin”.

Naməlum məscid...

Torpaq meydanının aşağısındakı səmtdə iki abidə var: məscid və bulaq. Hər ikisinin üstünə məlumatverici lövhə yapışdırılsa da, məscidin adı qeyd olunmayıb. Abidənin fasad divarlarının çox hissəsi dağılıb. Yalnız minbərin yeri və üzərindəki daş kitabə buranın məscid olduğunu göstərir.

Yeri gəlmişkən, Şuşadakı əksər tarixi binaların siyahıya alınması aparılıb və bizim çəkdiyimiz abidələrin çoxunun üzərində Mədəniyyət Nazirliyi tərəfindən məlumatverici lövhələr vurulub.

“Məscid”in önündə çəkiliş etdiyimiz zaman yol-patrul xidmətinin maşını yaxınlaşır, bizi görüb saxlayır. Bir qədər söhbətdən sonra yol polislərindən rütbəcə böyüyü Şuşadakı tarixi abidələri çəkdiyimizi öyrənir və yaxınlıqdakı Çuxur məhəllədə Hacı Quluların malikanəsi olduğunu deyir. Qabağa düşüb dağılmış həyətlərin içi ilə bizi ora aparır. Birdən xatırlayıram ki, avtomobilimizi yol hərəkəti qaydalarına uyğun şəkildə saxlamamışıq. Narahat deyiləm, amma maraq üçün yenə soruşuram: “Rəis, Şuşada yol hərəkəti qaydalarını pozmaq olar?”

Geri baxmadan saymazyana tərzdə deyir: “Artıq pozmusuz”.

Mən də inadımdan qalmıram: “Cərimə yazmağa başlamısız, yoxsa?”

Bu dəfə geri dönüb çəp-çəp mənə baxır, sonra gülümsəyir: “Hələ ki, göz yumuruq”.

Cavab ləzzət edir.

Gəlib çıxırıq Çuxur məhəlləyə. Bura Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biridir. Şəhərin ən aşağı hissəsində yerləşdiyi üçün belə adlanıb. Digər məhəllələr kimi burada da məscid, hamam, kiçik meydan və bulaq olub, lakin bunların heç birini tapa bilmirik. Olsun ki, bu abidələrin hamısı dağıdılıb. Amma çox istərdim ki, yanılım, onları tapa bilməməyimiz yalnızca nabələdliyimizin adına yazılsın.

Əvəzində Çuxur məhəllədə vaxtilə Şuşanın ən dəbdəbəli mülklərindən olmuş Hacı Quluların evini tapırıq.

Hacı Quluların mülkü

Bu üçmərtəbəli saray tipli evin inşasına 1849-cu ildə Şuşanın ən məşhur tacirlərindən Qulu Məhəmmədəli oğlunun sifarişi əsasında başlanılıb. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururmuş. Vaxtilə sarayın 46 otağı və iki böyük qonaq zalı olub. Təəssüf ki, 1992-ci ildə ermənilər Şuşanı işğal edən zaman buranı da top atəşinə tutublar, nəticədə sarayın əhəmiyyətli hissəsi dağıdılıb, yalnız mülkün tağvari girişi olan əsas divarı və yuxarı mərtəbələrə qalxan pillələr qalıb. Lakin bu qalıqları görmək belə bəs edir ki, Hacı Qulular mülkünün vaxtilə necə əzəmətli bir tikili olduğunu təsəvvür edəsən.

Evin uzadılmış düzbucaqlı formasına malik planı, ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarət olub.

Şuşanın əksər ev və saraylarından fərqli olaraq Hacı Quluların mülkünün fasadlarında yerləşən çoxlu sayda geniş pəncərələr xarakterikdir. Pəncərələr hamısı şəbəkə ilə işlənib.

Təəssüf ki, əlimizdə evin interyerindən danışmaq üçün heç bir məlumat yoxdur. Lakin internetdən 1865-ci ildə Şuşada olmuş böyük rus rəssamı Vasili Vereşşaginin çəkdiyi rəsmi görsəniz, Hacı Quluların mülkünün Şərq memarlığının əsrarəngiz nümunələrindən biri olduğunu Siz də təsdiq edərsiniz.

Hacı Quluların evindən bir qədər aralıda çoxlu geniş pəncərələri olan ikimərtəbəli başqa bir bina da durur ki, bizə buranın da Hacı Quluların mülkünə daxil olduğu deyilir. Hələ ki, üzərində məlumatverici lövhə quraşdırılmasa da, binanın daş kitabəsi günümüzə qədər gəlib çatıb.

Aşağı Gövhər Ağa məscidi

Çuxur məhəllədə çəkilişlərimizi bitirdikdən sonra Qapan meydanına yollanırıq. Burada Şuşanın memarlıq incilərindən biri, Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınan Aşağı Gövhər Ağa məscidi yerləşir.

Şəhərin ikinci cümə məscidi sayılan Aşağı Gövhər Ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə də tanınıb. 1874-1875-ci illərdə, Yuxarı Gövhər Ağa məscidindən 9 il əvvəl Kərbəlayi Səfixan Qarabağı tərəfindən inşa edilib.

Şuşanın 1855-ci ilə aid Baş planında bu ərazi məscid yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Çox güman ki, Aşağı Gövhər Ağa məscidi elə bu ibadət evinin yerində tikilib.

İki yaruslu məscidin əsas - şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər Ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır. Yuxarı məsciddən fərqli olaraq Aşağı məscidin minarələri ön fasad hissədə deyil, arxa fasad hissədə yerləşir. Aşağı məscidin dairəvi minarələri kərpicdən hörülüb. Yuxarı məsciddən fərqli olaraq, burada minarələrin bəzədilməsi zamanı müxtəlif həndəsi naxışlara yer verilməyib, yalnız həndəsi formada yazılmış “Allah” ifadəsi burulan lent kimi təkrarlanır.

Sovet dövründə ibadət ocaqlarının fəaliyyətinə icazə verilmədiyi üçün onlar ya dağıdılır, ya qapadılır, ya da başqa təyinatla fəaliyyət göstərirdi. Şuşalılar da şəhərin incisi sayılan hər iki Gövhər Ağa məscidlərinin dağıdılmasının qarşısını almaq üçün başqa təyinatla istifadə edilməsinə razılıq veriblər. Bunları mənə bir qədər sonra Gövhər ağa məscidinə gələn və bizim tarixi abidləri çəkdiyimizi öyrəndikdən sonra Şuşada tanıdığı başqa tarixi abidlərin də yerini və adını tapmaqda köməklik edəcəyini söyləyən polis dostumuz E. deyir və əlavə edir: “Buna görə də Aşağı Gövhər Ağa anbar, Saatlı məscidi “ZAQS” kimi işləyib”. Nə deyim, babalı E.-nin boynuna.

Heyf ki, məscidin fasadı kimi interyeri də acınacaqlı vəziyyətdədir. İbadət evinin qarşısında onu aypara təki əhatə edən mədrəsə fəaliyyət göstərib ki, Yuxarı məscid mədrəsəsindən fərqli olaraq bu mədrəsənin təkcə bir hissəsinin divarları günümüzə gəlib çatıb.

Vaxtilə Aşağı Gövhər Ağa məscidinin həyətində sütunlardan ibarət tikili və mərkəzində çarhovuz da olub. Namaza gələnlər çarhovuzdaca dəstəmaz alarlarmış. Lakin çarhovuz və sütunlar tamamilə dağılıb, adamboyu qalxmış otların içində onların qalıqlarını görmək mümkündür.

Yəqin mənimlə razılaşanlar az olmaz; istər memarlıq, istərsə də zəriflik baxımından Aşağı məscid daha çox diqqət cəlb edir. Əgər Yuxarı məscid gedişli-gəlişli camiləri yada salırsa, Aşağı Gövhər Ağa məscidi özünün aurası və sakitliyi, eləcə də təbiətlə yaratdığı harmoniya ilə sufi dərvişlərin təkyəsini xatırladır.

“Burdan aşağıda başqa məscid də var, çəkmək istəyirsiz?” - E. soruşur.

- Hardadı?

- Bir az aşağıda, yolu pisdir, mənim maşınımla gedərik.

Bu təklif bizim üçün göydəndüşmə olur. E. bizi Torpaq meydanının yaxınlığındakı növbəti məscidin çəkilişinə aparır. Bu ibadət ocağının üzərinə hələ heç məlumatverici lövhə yapışdırılmayıb. E. də məscidin adını bilmir. Odur ki, bizə də naməlum qalır.

Şuşada məhəllə məscidlərinin əksəriyyəti kiçik olub, görünüşcə yaşayış mülklərindən fərqlənməyib, eyni zamanda minarə və günbəzsiz olub, çox az qisminin damında əzan vermək üçün güldəstə qurulub.

Məscidin divarlarından birində buxarı və taxçalar var, döşəməyə tikinti materialları tökülüb, qapı yerlərinin bəziləri hörülüb, bir neçə yerdə təzə, taxta qapılar qoyulub. Görünür, Şuşanın işğaldan azad olunmasına az qalmış burada təmir işləri aparılıb, yəqin ermənilər məscid binasını başqa məqsədlə istifadə etmək niyyətində olublar.

Bayırdan məscidin arxa divarının üstündə isə ermənicə daş lövhə bərkidilib. Təbii ki, lövhədə nə yazıldığını oxuya bilmirik.

“Çəkmək istəyirsiz?” - E. məsciddən bir qədər aralıda, böyürtkən kollarının gizlədiyi kiçik təpəni göstərir.

“Bu nədir?” - Soruşuram.

- Bulaqdı. Şuşada bütün məscidlərin yanında bulaq olurdu.

- Bilirəm.

- Bu da həmən məscidin bulağı olub, ermənilər görün nə kökə salıblar, darmadağın ediblər əclaflar.

Həqiqətən də təpəliyi eşələyib içindən bulağın tikintisində istifadə olunan daşların parçalarını tapırıq.

E. bizi daha sonra Şuşadan olan Böyük Vətən müharibəsi qəhrəmanı Aslan Qaraşarovun adını daşıyan küçəyə aparır. Burada hazırda yerli əhəmiyyətli abidə kimi mühafizə olunan yaşayış evləri yerləşir. Bir qədər aralıdakı bir yığın daş isə E.-nin dediyinə görə, işğal zamanı ermənilərin dağıtdığı Şuşa musiqi məktəbinin qalıqlarıdır.

“Univermaq”ın arxa küçəsi sayılan bu səmtdə başqa bir bina da var ki, sovet dövründə nəşriyyat kimi fəaliyyət göstərib, lakin E. deyir ki, bura sovetlərdən əvvəl Kərim bəy Mehmandarovun Şuşada açdığı xəstəxana binasıdır.

“Dəqiq?” - soruşuram.

Bir qədər tərəddüddən sonra əlavə edir: “Dayan, “Quql”a zəng edim”.

“Quql” deyəndə atasını nəzərdə tutur. E. də Şuşadan balaca vaxtı çıxıb, buna görə şəhəri yaxşı tanımır, hansısa məhəllənin, məscidin, binanın, yaxud səmtin adını və ya yerini öyrənmək lazım gələndə birinci atasına zəng vurub soruşur, o, bilməyəndə başqasına keçir. E. bizə təkcə bu gün yox, səhəri gün də kömək edəcək, Şuşa Realnı Məktəbinə, Nəvvabın evinə aparacaq, demək olar, tamamilə dağılmış Xoca Mərcanlı məscidini və bulağını nişan verəcək.

“Bilirsən də Şuşada hamının ləqəbi olub”, - yerini atasından soruşandan sonra bizi Seyidli məscidinə aparan E. yolda deyir.

- Eşitmişəm, hə.

- “Dodaq Kamal”, “Sapoq Əmir”, “Atdı Məhəmməd”, “Kukla Bayram”, “Vıj Yusif”, “Dəli Məzi”. Çox idi e, mənim eşitdiklərim bunlardı. İndi qorxuram bir az da atamdan nəsə soruşsam, adı Quql filankəs qala.

Gülüşürük.

Seydli məscidi

Seyidli məscidi Cıdır yolunun üstündəki Seyidli məhəlləsində yerləşir. Bu kiçik məhəllə məscidi də özünün indiki durumu ilə digər məscidlərdən demək olar ki, fərqlənmir və yerli yaşayış mülklərini xatırladır. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil.

Məscidin qonşuluğunda Məşədi Qaranın evi (bu dəmdə şeytan qulağıma pıçıldayır ki, bəlkə də M.F.Axundzadənin məşhur obrazının prototipi məhz bu evin sahibi imiş, nə bilmək olar?) yerləşir ki, yerli əhəmiyyətli abidə kimi mühafizə olunur. Bu evin də yalnız divarları erməni talanından xilas ola bilib. Uzaqdan belə evin ikinci mərtəbəsinin divarındakı mənzərə rəsmləri diqqəti cəlb edir. Ümumiyyətlə, onu da deyim ki, Şuşada özünün memarlığı ilə fərqlənən yaşayış evləri kifayət qədərdir. Bu evlərdən birini də səhəri gün Mamay məhəlləsində görəcəyik.

E. ilə burada sağollaşıb Cıdır düzünə üz tuturuq. Amma ora çatanda məlum olur ki, günəş batmaq üzrə olduğu üçün çəkilişimiz baş tutmayacaq. Qərara alırıq ki, sabah birinci Cıdır düzünə gələk, çəkilişlərimizə də buradan başlayaq.

Nə edək? Yenidən şəhərə qayıdırıq. Şuşaya asta-asta axşam düşür. Artıq fəaliyyətə başlayan obyektlərin, yaşayış olan evlərin, küçələrin, Yuxarı Gövhər Ağa məscidinin, İcra Hakimiyyətinin qarşısındakı meydanın işıqları yanmağa başlayır. İnanmağım gəlmir. Bu gecəni Şuşada keçirəcəyik, elə sabahkı gecəni də. Elə bilirdim daha heç vaxt Qarabağa, Şuşaya ayaq basa bilməyəcəyik.

Bu torpaqlarla ayrılıq illəri uzandıqca “Qarabağı azad edəcəyik”, “Gələn il bu vaxtı Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edəcəyik” kimi artıq tavtologiya həddinə çatmış fikirləri eşitdikcə çoxu kimi mənim də ümidim kəsilmiş, inamım tükənmişdi. İndiysə Şuşada havanın qaralmağını, küçələrdən yorğun insanların (Şuşada çalışanlar, onu yenidən qurub-yaradanlar) yavaş-yavaş çəkilməyini, işıqların yanmağını gördükcə özümü şirin yuxuda hiss edirəm. Elə bu şirin yuxu ovqatilə də Xan Şuşinskinin ifasındakı “Şuşanın dağları” mahnısını qoşub, “Şuşada axşamlar yanar ulduzlar” sözlərini Xanın səsi ilə birlikdə zümzümə edə-edə şəhərin küçələrini doyunca hərlənirik.

Hava sərin və sakitdir. Bir yarpaq belə tərpənmir. Şuşanın səmasında ulduzlar isə... Xanın illərlə intizarında olduqları tanış səsini eşitdikcə sanki daha gur alışıb-yanmağa başlayırlar.

(Ardı var)

Foto - İlkin Nəbiyev ©APAGROUP

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR