VII Qlobal Bakı Forumu çərçivəsində “İnformasiya dolğunluğu və dezinformasiya riski” mövzusunda panel keçirilib.
ONA-nın xəbərinə görə, panelin moderator, Belçikanın sabiq baş naziri Yves Leterme bildirib ki, internet dünyada sürətli informasiya əldə etmək və yaymaq üçün geniş imkanlar yaradıb.
Onun sözlərinə görə, bu gün sosial media platformaları ənənəvi mətbuatı əvəz edir: “Aparılan araşdırmalar göstərir ki, dünyada 4 milyard insan aktiv internet istifadəçisidir. Sosial mediada kibertəhlükəsizlik təhdidləri baş verir, təcavüz və zorakılıq nümayiş etdirilir. Artıq bir çox ölkədə internet məkanının nizamlanması ilə bağlı müzakirələr aparılmaqdadır. İnternetin verdiyi üstünlüklər çoxdur, lakin onun neqativ tərəfləri də var ki, bunları görməzdən gəlmək mümkün deyil”.
ABŞ Federal Əlaqə Komissiyasının keçmiş komissarı Suzan Ness deyib ki, sosial mediada saxta məlumatların yayılmasının qarşısını almaq üçün mexanizmlər hazırlanmalıdır: “Adətən, bu cür hallar seçkiqabağı kampaniyalar zamanı geniş vüsət alır. Saxta məlumatların yayılmasında maraqlı olan şəxslərin əhatə dairəsi də müəyyənləşdirilməlidir. Çünki burada milli təhlükəsizlik məsələsi meydana çıxır. Bu çox həssas məsələdir”.
Moldovanın sabiq prezidenti Petru Luçinski internetin bilavasitə insanların həyatına təsir etdiyini, insanların bu gün daha çox dezinformasiyalara inandığını vurğulayıb: “Bu cür hallara qarşı mübarizə aparmaq üçün saxta məlumat yayan qurumların fəaliyyəti qanunla nizamlanmalıdır”.
Pakistanın sabiq baş naziri Şövkət Əziz qeyd edib ki, artıq insanlar qəzet oxumaq vərdişini itiriblər: “Əvvəlki illərlə müqayisədə, xəbər konsepsiyası dəyişib. Bu gün xəbər bolluğu var. Rəqəmsal dünyada biz xəbərləri özümüz seçə bilirik. Biz həqiqəti yalandan ayırmağı bacarmalıyıq. Əgər bunu edə bilməsək, yanlış məlumatlara sahib olacağıq. Etiraf etməliyik ki, biz bu gün saxta xəbərlərin qarşısını ala bilmirik. Hər bir insan yaydığı saxta məlumatlara görə məsuliyyət daşımalıdır”.
İsrailin sabiq prezidenti Dalia İtzik söz və mətbuat azadlığının təmin edilməsinin vacibliyini diqqətə çatdırıb: “Bu gün dünyada İsraili uşaqları qətlə yetirən bir dövlət kimi təqdim etməyə çalışırlar. Bu, belə deyil. Bu məsələni həddən çox şişirdirlər. Çox təəssüf ki, belə məlumatların qarşısını ala bilmirik. Burada reytinq məsələsi var, reytinq isə pul deməkdir”.
Çexiyanın sabiq baş naziri Jan Fişer bildirib ki, klassik media tam sıradan çıxmayıb: “Biz hələ də “Guardian”, “Le Mond” kimi qəzetləri oxuyuruq. Sosial media hələ klassik medianı tam əvəzləməyib. Bu, faktdır”.
J. Fişer onu da deyib ki, seçkilər zamanı medianın rolu müəyyən qaydalara uyğunlaşdırılmalıdır.
Panel müzakirələrlə başa çatıb.