VII Qlobal Bakı Forumu çərçivəsində “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” mövzusunda panel keçirilib.
ONA-nın xəbərinə görə, panelin moderatoru Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, Milli Səhiyyə və Milli Onkologiya İnstitutunun keçmiş direktoru Harold Varmus bildirib ki, iqlim dəyişikliyi bu gün dünyada ən aktual problemlərdən biridir.
Onun sözlərinə görə, müasir dünyada əksər insanlar peyvəndi qəbul etmir: “İnsanlar hətta öz övladlarını peyvənd etmirlər. Bütün bunlar hamısı sosial şəbəkələrinin gücü hesabına baş verir”.
Yeni Zelandiyanın sabiq baş naziri Ceyms Bolger qeyd edib ki, iqlim dəyişikliyinə qarşı təcili və təxirəsalınmaz tədbirlər görülməlidir: “Müşahidələr aparmaqla, danışmaqla iqlim dəyişikliyinin qarşısını ala bilməyəcəyik. Digər tərəfdən, geni dəyişdirilmiş qidalar probleminə toxunmaq istəyirəm. Bizim ölkəmizdə ətraf mühitin qorunması ilə çox ciddi nəzarət var. Yeni Zelandiyaya geni dəyişdirilmiş məhsulların gətirilməsi qadağandır. İnsanlar iqlim nöqteyi-nəzərdən gələcəkdə ət yeməkdən imtina edə bilər. Necə ki, bu gün insanlar tütündən imtina edirlər. Bu gün 1 kiloqram ət üçün xeyli miqdarda su israf olunur. Ola bilsin, gələcəkdə mütəxəssislər tərəfindən ətə alternativ olaraq, hər hansı bitki yetişdirilə bilər ki, bu daha faydalı olar”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin dünyada uzun müddətdir tütünün qadağan edilməsi ilə bağlı müzakirələrin aparıldığını diqqətə çatdırıb: “Peşəkar media bu problemin geniş ictimaiyyətə çatdırılmasında əvəzsiz rol oynaya bilər. Elm adamları müstəqilliklərini qoruyub saxlamalıdırlar ki, qlobal problemlərin həllində siyasətçilərin təsiri altına düşməsinlər. Bu, çox vacib amildir”.
Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku vurğulayıb ki, qlobal iqlim dəyişikliyinin qarşısının alınmasında elm və təhsilə xüsusi diqqət ayrılmalı, universitetlərin infrastrukturları yenilənməlidir.
Hindistan baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Rajendra Paçauri deyib ki, insanlar öz həyat tərzlərini dəyişməklə sadalanan problemlərin həllinə müsbət təsir göstərə bilərlər.
Panel müzakirələrlə başa çatıb.