VII Qlobal Bakı Forumu çərçivəsində “Qərbi Balkan ölkələri: 2030” mövzusunda panel keçirilib.
ONA-nın xəbərinə görə, panelin moderatoru Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Mladen İvaniç regionda böyük dövlətlərin maraqlarının olduğunu bildirib.
O deyib ki, Rusiya region ölkələrinin NATO-ya inteqrasiyasında maraqlı deyil. M. İvaniç əlavə edib ki, artıq Serbiya indiki vəziyyətdə NATO-ya üzv olmayacağını bəyan edib.
Xorvatiyanın sabiq baş naziri Jadranka Kosor ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük məsələsinin uzun müddət davam etdiyini xatırladıb: “Uzun müzakirələr öz bəhrəsini verdi və Xorvatiya Avropa İttifaqının tam hüquqlu üzvü oldu. Heç şübhəsiz ki, Avropa İttifaqına üzvlüyə qəbulla bağlı aparılan uzun müddətli danışıqlar siyasətçiləri və vətəndaşları yorur. Məsələn, artıq Makedoniyanın ad dəyişikliyinə getməsi üzvlük məsələsində onların qarşısını açacaq. Xüsusi vurğulamalıyam ki, Avropa İttifaqına üzvlük məsələsində ən vacib məsələ qarşılıqlı etimaddır”.
Serbiyanın sabiq baş naziri Mirko Tsvetkoviç bildirib ki, region ölkələrində bir sıra problemlər mövcuddur: “Mən şəxsən inanıram ki, Avropa İttifaqına üzvlük bizə bir çox problemi həll etməkdə kömək edəcək. Region dövlətləri olaraq 2030-cu ilə qədər bizim qarşımızda 3 məsələ var. 2030-cu ilə kimi bütün region dövlətləri Avropa İttifaqına üzv olacaq, demokratik institutlar qurulacaq və ümumi daxili məhsul artacaq ki, bu da bizə inkişaf etmiş ölkələrin sırasında yer almağa imkan verəcək”.
Bolqarıstanın sabiq prezidenti Petr Stoyanov panel iştirakçılarının diqqətinə çatdırıb ki, Aİ-yə üzvlük dövlətlərin götürdüyü öhdəlikləri necə yerinə yetirməsindən asılıdır: “Avropa İttifaqına qoşulmaq bir seçimdir. Qərbi Balkan ölkələrinin vətəndaşları da bu seçimə meyllidir. Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyü miqrant probleminin həllinə də müsbət mənada təsir göstərəcək”.
Monteneqronun sabiq prezidenti Filip Vujanoviç vurğulayıb ki, ölkəsi Aİ-nin üzvlüyünə tam hazırdır.
Albaniyanın sabiq prezidenti Buyar Nişanı təhlükəsizliklə bağlı regionda bir sıra problemlərin olduğunu dilə gətirib. O, hazırda Serbiya və Kosovo arasındakı münasibətlərə diqqət çəkib: “Serbiya və Kosova arasında gərgin münasibətlər region üçün problemdir. Hazırda Serbiya və Kosova arasında etnik zəmində müəyyən ərazilərin mübadiləsi məsələsi gündəmdə var. Qərbi Balkan ölkələrinin hər birində etnik azlıqlar var. Əgər bu mübadilə baş verərsə, bu digər ölkələrə də sirayət edəcək və regionda təhlükəli bir vəziyyət yaranacaq”.
Panel müzakirələrlə başa çatıb.