• SİYASƏT

    12:44 13 mart 2019

İqor Dodon: "Dnestryanı məsələsi həllə yaxındır" - MÜSAHİBƏ - ÖZƏL

Moldova prezidenti İqor Dodon sabah Bakıda keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlir. İqor Dodon səfər öncəsi ONA-ya özəl müsahibə verib. Müsahibəni təqdim edirik.

- Azərbaycana səfəriniz çərçivəsində hansı görüşlər nəzərdə tutulur?

- Öncə dost münasibətində olduğum Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyəm. Mən, həmçinin, Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirak edəcək ölkələrin yüksək səviyyəli rəsmiləri, hökumət nümayəndələri və biznes dairələri ilə görüşlər keçirəcəyəm.

- Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlığın əsas istiqamətləri hansılarıdır? İki ölkə arasında ticarət dövriyyəsi nə qədərdir? Moldova Azərbaycanın iştirak etdiyi enerji və nəqliyyat layihələrindən necə faydalana bilər?

- İlk növbədə deyim ki, əməkdaşlığımızın əsas istiqamətləri aqro-sənaye kompleksi, energetika, yüksək texnologiyalar, bələdiyyə-şəhər quruculuğu layihələri, turizm, mədəni və humanitar sahələrlə bağlıdır. Sözsüz ki, Moldova ölkə iqtisadiyyatına fayda gətirəcək bütün enerji layihələrinə maraq göstərir. Son zamanlar iki ölkə arasında ticarət əlaqələrində artım müşahidə olunsa da, qeyd etmək lazımdır ki, bu həcm dövlətlərimiz arasında bu sahədə əməkdaşlığın imkanlarını tam əks elətdirmir. Bu da öz növbəsində ikitərəfli ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə, ticarət dövriyyəsinin həcminin artırılmasına və idxal-ixrac rəqəmlərinin gələcəkdə artmasına dair işlərin gücləndirilməsinə yönələn konkret addımların atılmasını zəruri edir. Qeyd edim ki, Moldova və Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 2018-ci ilin yanvar-noyabr ayları üçün 5,39 milyon ABŞ dolları təşkil edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,1% az məbləğ deməkdir.

Biz Moldova-Azərbaycan əməkdaşlığının birgə investisiya layihələrinin həyata keçirilməsi, birgə müəssisələrin yaradılması və Azərbaycan sərmayəsinin cəlb olunması ilə gücləndirilməsində maraqlıyıq. Ölkəmizdə əlverişli investisiya iqliminin və biznesin inkişafında cəlbedici şərtlərin olmasını nəzərə alaraq, Moldova Azərbaycan şirkətlərinin ölkəmizdə azad iqtisadi zonaların və sənaye parklarının fəaliyyətində iştirak etməsində də maraqlıdır. Hesab edirəm ki, Moldova və Avropa İttifaqı arasında mövcud olan azad ticarət rejimi Azərbaycan xammalının emalı sahəsinə sərmayələrin cəlb edilməsi və Avropa İttifaqı bazarlarına ixrac edilən malların istehsalı üçün imkanlar açır.

Qeyd etmək istərdim ki, 2018-ci ilin dekabrında iki ölkə arasında hökumətlərarası komissiyanın həmsədrləri olan Moldovanın xarici işlər və Avropa inteqrasiya naziri və Azərbaycan kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilmiş görüşündə əldə olunan razılaşmaya əsasən, yaxın zamanda Bakıda komissiyanın 4-cü iclasının və biznes forumun keçirilməsi qərara alınıb. Hesab edirəm ki, bu tədbirlər Moldova-Azərbaycan ticari-iqtisadi əlaqələrinin gələcəkdə daha da inkişafına töhfə verəcək.

Yeri gəlmişkən, hökumətlərarası komissiyanın sonuncu iclası 2012-ci il aprelin 25-26-da Kişinyovda keçirilib.

- Ümumilikdə Azərbaycan Moldova arasında əlaqələrin səviyyəsi Sizi qane edirmi?

- Ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir. 2018-ci ilin martında Bakıya etdiyim səfər əlaqələrin inkişafına xüsusi təkan verib. Dövlətlərimiz arasında ticarət dövriyyəsi uğurla inkişaf edir, Moldova iqtisadiyyatına qoyulan Azərbaycan sərmayəsində artım qeyd olunur, regionlararası səviyyədə əməkdaşlıq güclənir. Ancaq mən düşünürəm ki, biz mövcud olan potensialın çox az bir hissəsini istifadə etmişik. Biz Azərbaycanı postsovet məkanında ən intensiv inkişaf edən dövlətlərdən hesab edirik. Ümumilikdə, Azərbaycan bizim üçün iqtisadiyyat, sosial və mədəniyyətin bir-çox sahəsində uğurlu inkişaf nümunəsidir.

Azərbaycan Respublikasının rəhbərliyinə Moldovada, həmçinin, Qaqauz Muxtariyyətində həyata keçirdiyi sosial, mədəni və humanitar layihələrə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Misal kimi Çadır-Lunq şəhərində tikilən Uşaq Yaradıcılıq Mərkəzini göstərmək istərdim. Azərbaycan Prezidenti İlham Əliyevlə imzaladığım saziş əsasında Heydər Əliyev Fondu layihənin tam maliyyələşdirilməsi və icrasını reallaşdırır. Mərkəz bu il açılacaq, Çadır-Lunq və ətrafındakı yaşayış məntəqələrində yaşayan 700-dən çox uşaq burada musiqi, rəqs, xalq yaradıcılığı və digər incəsənət növləri ilə məşğul olmaq imkanı qazanacaq.

- Siz hakimiyyətə gələndən sonra parlamentlə aranızda bir sıra fikir ayrılıqları baş verdi. Ancaq bu il keçirilən parlament seçkilərində Sosialistlər Partiyası qalib gəldi. Bu qarşıdurmaların səbəbi nədir? Sizcə, sosialistlərin qalibiyyətindən sonra bu fikir ayrılıqları aradan qalxacaqmı?

- Demokratik dövlətlərdə siyasi partiyaların bir sıra daxili və xarici siyasətə dair məsələlərdə müxtəlif mövqelərdə dayanması tamamilə normaldır. Problemlər hökumətin xalqın az hissəsi tərəfindən dəstəklənən bir siyasi partiyanın nəzarəti altına düşdüyündə başlayır.

Hazırda gələcəkdə koalisiyanın yaradılması ilə bağlı məsələ açıq qalır. Mən ölkədə vətəndaşların əksəriyyətinin maraqlarını ifadə edən hökuməti formalaşdıracaq geniş koalisiyanın yaradılmasının tərəfdarıyam. Parlamentdə yer qazanan partiyalar razılığa gələ bilməsə, növbədənkənar parlament seçkiləri qaçılmazdır.

- Moldova və Rusiya arasında yaxşı əlaqələr mövcuddur. Ölkəniz eyni zamanda Avropa İttifaqı ilə də əlaqələri inkişaf etdirir. Moldova Rusiya və Avropa arasında tarazlığı necə saxlayır?

- Ölkəmiz unikal coğrafi və mədəni xüsusiyyətlərə malikdir, bu da onu qərb və şərq arasında təbii körpü edir. Moldova tarix boyu bu rolunu qoruyub saxlayıb. Təəssüf ki, son 10 il ərzində ölkəmizin xarici siyasəti birtərəfli xarakter daşıyırdı. Ölkə ABŞ və Avropa İttifaqına yönəlmiş siyasət yürüdərək əsas strateji tərəfdaşımız olan Rusiyanı arxa plana keçirirdi. Mən əminəm ki, belə siyasətin perspektivi yoxdur. Biz kiminləsə kiməsə qarşı dostluq edə bilmərik - nə Rusiya ilə Qərbə qarşı, nə də Qərblə Rusiyaya qarşı. “Ya o, ya da bu” prinsipindən “həm o, həm də bu” prinsipinə keçid zəruridir. Məqsədimiz açıq olmaq, həm qərb, həm də şərq tərəfdaşlarımızla qarşılıqlı faydalı əməkdaşlığı əks etdirən tarazlaşdırılmış xarici siyasət yürütməkdir.

- Moldova və Azərbaycan ərazi bütövlüyü baxımından oxşar problemlə üzləşib. Dağlıq Qarabağ münaqişəsinin həllində Moldovanın mövqeyi necədir? Siz ölkənizin üzləşdiyi Dnestryanı məsələsinin həllini necə görürsünüz?

- Mənim bütün “dondurulmuş” münaqişələrlə bağlı mövqeyim eynidir: ölkənin ərazi bütövlüyü və etnik müxtəliflik prinsiplərinə əməl edərək münaqişələri sülh yolu ilə həll etmək vacibdir. Hər bir münaqişəni hər iki tərəfin maraqlarını nəzərə alaraq həll etmək mümkün ola bilər. Hər bir münaqişənin ən yaxşı həlli hər iki tərəfin çıxarlı olacağı “win-win” strategiyasıdır.

Etnik məsələnin uğurlu həlli kimi Qaqauz muxtariyyətini misal çəkə bilərəm. 1994-cü ildə Moldova Respublikası daxilində Qaqauziyaya xüsusi statusun verilməsi qərarı qəbul edilmişdi. Bu gün Qaqauziya Moldova daxilində ən dinamik inkişaf edən bölgələrdən biridir. Qeyd etmək istərdim ki, Qaqauziya sakinləri Moldova dövlətçiliyinin ən böyük tərəfdarlarındandır. Fürsətdən istifadə edərək, Azərbaycan rəhbərliyinə Moldovanın bu bölgəsini aktiv dəstəklədiyinə görə minnətdarlığımı bildirmək istərdim. Dnestryanı məsələsinə gəldikdə isə, fikrimcə, bu məsələ öz həllinə yaxındır. Dnestryanı öndə gedən dünya oyunçuları - Rusiya, ABŞ və Avropa İttifaqı üçün münaqişənin uğurlu həlli nümunəsinə çevrilə bilər. Həll yolu neytrallıq prinsipinin əməl olunması və Moldova Respublikasının tarazlaşdırılmış xarici siyasəti sayəsində tapıla bilər. Belə həlli bizim həm qərb, həm də şərq tərəfdaşlarımız dəstəkləyər.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR