Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Mediasiya haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
ONA-nın məlumatına görə, yeni sənəd barədə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri bildirib ki, “Mediasiya haqqında” yeni qanun layihəsi 5 fəsil 39 maddədən ibarətdir.
Əli Hüseynli qeyd edib ki, qanun layihəsinin 31-ci maddəsi (Cinayət və inzibati xətalar haqqında işlər üzrə mediasiyanın xüsusiyyətləri) sənəddən çıxarılıb. Sənəddən çıxarılan 31-ci maddə aşağıdakı kimidir:
1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət və ya inzibati məsuliyyətindən azad edilmə mümkün olan cinayət işlərindən və inzibati xətalar haqqında işlərdən irəli gələn mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsi ilə həll oluna bilər.
2. Bu Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) və ya cinayət prosesini həyata keçirən orqanlar tərəflərə məsələnin mediasiya yolu ilə həllinə dair təklif verirlər.
3. Mediasiya prosesi cinayət və inzibati xətalar haqqında işlər üzrə icraatı əvəz etmir.
4. Cinayət və inzibati xətalar haqqında işlərdən irəli gələn mediasiya prosesində iştirak şəxsin təqsirli olmasının sübutu kimi istifadə oluna bilməz.
5. İnzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) və ya cinayət prosesini həyata keçirən orqanlar icraatında olan mübahisəyə aid cinayət və inzibati xətalar haqqında işlərə dair məlumatları başlanmış mediasiya üzrə mediatorun müraciəti əsasında ona təqdim edir.
6. Cinayət və inzibati xətalar haqqında işlər üzrə barışıq sazişi və ya mediasiyanın nəticələrinə dair protokol icraatında mübahisə ilə bağlı cinayət və ya inzibati xəta haqqında iş olan inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlara (vəzifəli şəxslərə) və ya cinayət prosesini həyata keçirən orqanlara təqdim edilməlidir.
Yeni qanun Azərbaycan Respublikasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.
Yeni sənədə görə, Azərbaycanda Mediasiya təşkilatları yaradılacaq. Sənədin 11-ci maddəsində (Mediasiya təşkilatı) qeyd edilib ki, mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və ya digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu qanunda və ya tərəflərin razılığı müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, həbelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən hüquqi şəxsdir.
Mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir.
Mediator - Peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu qanunun tələblərinə cavab verən şəxsdir.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.