Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "BMT sistemində Sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" adlı panel müzakirəsi baş tutub.
ONA-nın məlumatına görə, müzakirələr ADA Universiteti tərəfindən təşkil olunub.
Paneldə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, BMT Təhlükəsizlik Şurası (TŞ) münaqişələrin həlli ilə bağlı aktiv fəaliyyət göstərib. Onun sözlərinə görə, 2012-ci il ərəfəsində Azərbaycan bu Qurumun qeyri-daimi üzvü seçilib. Ölkə 7 mərhələdən sonra buna nail olub və bu, TŞ-yə yeni atmosfer gətirib.
Nazir çıxışı zamanı deyib ki, beynəlxalq arenalarda Azərbaycanın səsinin daha yüksək eşidilməsinə nail olmaq lazımdır.
Daha sonra UNESCO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada Əl-Naşif deyib ki, 70 ildən çoxdur sülh BMT-nin hərəkətverici qüvvəsi olub.
Onun sözlərinə görə, sülhün təbliği BMT-nin konstitusiyasında daim davam edən məsələdir və BMT-nin bütün qurumları sülhü təbliğ etmək üçün koordinasiyalı çalışır.
BMT-nin Baş Assambleyası tərəfindən yaradılmış Sülh Universitetinin rektoru Fransisko Rojas Aravena çıxışında deyib ki, sülh olmadan insan hüquqları pozulur, inkişaf və çiçəklənmə olmur: "BMT qlobal sülhü mümkün etdi. Dünya ölkələrini, QHT-ləri bir araya gətirdi. Amma bununla belə müharibə, ekologiyanın pozulması və nüvə silahları ilə bağlı təhdidlər davam edir. Qütbləşmə də qlobal regional böhranlara gətirib çıxarır. Bu da çoxtərəfli hərəkət etməyi, müəyyən qərarların effektiv olmasını tələb edir. Sülhü istəyiriksə, sülh üçün işləməliyik".
Panel müzakirələrlə davam edib.