• SİYASƏT

    12:22 18 mart 2019

Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanat verib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 31 mart - azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanat verib.

Ombudsman Aparatının mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, azərbaycanlılara qarşı zaman-zaman soyqırımı hadisələri, o cümlədən 1918-ci ildəki soyqırımı beynəlxalq miqyasda heç vaxt tarixi qiymətini almayıb.

1918-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri yandırılıb, nadir tarixi və mədəniyyət abidələri, xəstəxanalar, məktəblər, məscidlər və qəbiristanlıqlar dağıdılıb. 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda törədilən qırğınlar kütləvi şəkil almış, erməni dəstələri 30 mindən çox dinc sakini amansızcasına qətlə yetiriblər. Bu zaman bir çox qədim binalar, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası, ziyarətgahlar top atəşinə tutularaq dağıdılıb, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilib. Bu hadisələr zamanı Şamaxının 70-dən çox kəndi tamamilə məhv edilib, 7000 nəfər öldürülüb. Tarixi mənbələrdə göstərildiyi kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur”, - bəyanatda qeyd olunub.

Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR