“Mediasiya haqqında” qanun layihəsinə görə, mülki və ailə mübahisələri ilə bağlı icbari olaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya orqanına müraciət edilməlidir”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Mediasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev söyləyib.
Q. Həsənquliyev deyib ki, bu halda tərəflər müəyyən xərclər ödəməlidir: “Mediasiya xərcləri kifayət qədər genişdir. Tutaq ki, rüsum müəyyənləşəcək, digər məsələlər açıq qalacaq”.
Millət vəkili bildirib ki, mediasiya institutu məhkəmələrin işinin azaldılması üçün nəzərdə tutulur: “Qanuna görə, mediator 25 yaşlı, ali təhsilli, 3 il iş təcrübəsinə malik olmalıdır. Ancaq 25 yaşlı şəxsin hüquqi təhsili yoxdursa, bu şəxs tərəflər arasında necə vasitəçilik edə biləcək? Mediatorların hüquqşünas olması tələbi qoyulmalı, eyni zamanda hüquqi təcrübələrinin olması tələb edilməlidir. Keçmiş vəkillər, hüquqşünaslar, hüquq-mühafizə orqanlarının sabiq işçilərinə mediator olmaq hüququ verilməlidir. Yoxsa vətəndaşı boş yerə məcbur edəcəyik ki, məhkəmədən əvvəl mediatora müraciət etsin”.
Q. Həsənquliyev nəzərə çatdırıb ki, Azərbaycanda adətən, yaşlı insanlar, ağsaqqallar tərəfləri barışdırmaq missiyasını yerinə yetiriblər: “Harada görünüb ki, 25 yaşlı gənc tərəfləri barışdırmaq missiyası yerinə yetirsin? Ona görə də mediatorlarla bağlı yaş həddi də ən azı 30-a qaldırılmalıdır”.
Millət vəkili, Əflatun Amaşov isə mediasiya şurasının ilkin mərhələdə dövlət büdcəsindən də maliyyələşdirilməsini təklif edib: “Mətbuat Şurası mətbuatla bağlı məsələlərə baxır. Məhz bunun nəticəsində mətbuatla bağlı məhkəmələrə gedən işlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Mən Mətbuat Şurasının təcrübəsindən çıxış edərək bildirmək istəyirəm ki, mediasiya şurasının fəaliyyəti üçün həm də dövlət büdcəsindən vəsait ayrılmasa, bu institutun fəaliyyətində çətinlik yaranacaq”.