"Prezident 2019-cu ili Nəsimi ili elan edəndə mən mətbuata açıqlamışdım ki,bu il ölkəmizin tarixində daha çox islahatlar ili kimi yadda qala bilər. Son qəbul olunan və qəbul olunacağı bəyan olunan qərarlar qənaətlərimdə haqlı olduğumu göstərir". Bunu ONA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin bu gün sosial müavinətlərin artırılması barədə sərəncamını və problemli kreditlərin həlli ilə bağlı işlərin yekunlaşmaq üzrə olduğu barədə açıqlamasını şərh edərkən bildirib.
Q. Həsənquliyev deyib ki, islahatlar istiqamətində atılan addımlar əhali tərəfindən rəğbətlə qarşılanır və müdafiə olunur: "Problemli kreditlər məsələsi xalqımızı ən çox narahat edən məsələlərdən biri idi. Seçkilər zamanı söyləmişdim ki, manatın devalvasiyasından sonra debitorlara (borcalanlara) dəyən zərər üç yerə bölünə bilər. Bir hissəsini hökumət, bir hissəsini banklar, digər hissəsini isə kredit götürənlər ödəyə bilər. Amma hiss olunan odur ki, Prezident vətəndaşların daha çox xeyrinə olan qərar qəbul etməyə hazırlaşır. Bu qərarla cəmiyyətdəki sosial narazılığın əhəmiyyətli hissəsi aradan qalxacaq".
Millət vəkili deyib ki, Prezident 2010, 2012, 2015-ci illərdə Bakı ətrafındakı evlərin qeydiyyat məsələsinin həlli ilə bağlı göstəriş verib: "Ümid edirəm ki, bu məsələ də tezliklə həllini tapacaq. Ekspert hesablamalarına görə, 470 min belə ev var. Həmin evlərdə 4 nəfərdən götürsək, 2 milyona yaxın insan yaşayır. Görün, bu məsələ həll olunsa nə qədər ailə rahatlıq tapar. Onsuz da qeydə alınıb-alınmamasından asılı olmayaraq həmin evlər sökülərsə, dövlət o şəxslərə kompensasiya verir. Vətəndaşını çölə atmayacaq ki".
Q. Həsənquliyev deyib ki, gələcəkdə vacib məsələlərdən biri də məhkəmə-hüquq sahəsində islahatlarının aparılmasıdır: "Prezident bu istiqamətdə də iki ay ərzində qərar layihələrinin hazırlanmasına dair tapşırıqlar verib".
BAXCP sədri qeyd edib ki, paralel olaraq iqtisadi islahatlar da dərinləşdirilməlidir: "Xidmət sahələri, saysız-hesabsız rentabelli olmayan səhmdar cəmiyyətlər, səhiyyə müəssisələrinin böyük əksəriyyəti, bəzi ali məktəblər ,SOCAR, AZAL kimi qurumlar özəlləşdirilməlidir. Dövlət iqtisadiyyatı idarəetmə vərdişindən imtina etməli, onun rolu məhdud tənzimləyici xarakter almalıdır. Hüquq-mühafizə orqanları sahibkarlıq subyektlərində yoxlamaları yalnız Vergilər Nazirliyi vasitəsilə aparmalı, sahibkarların incidilməsi praktikasına dərhal son qoyulmalıdır".
Q. Həsənquliyev, həmçinin, təklif edib ki, sahibkarların aşağı faizli kreditlərə çıxışını təmin etmək üçün Neft Fondundan 3-4 milyard vəsait gətirilib yerli banklarda yerləşdirilməlidir: "Həmin pullar sahibkar dünyagörüşü ilə iqtisadiyyata yatırılmalıdır". İndiyə qədər neft pulları büdcə vasitəsilə məmurlar tərəfindən xərclənib.
Millət vəkili vurğulayıb ki, iqtisadi islahatlar bəhrəsini verməyə başlayanda siyasi, konstitusion islahatlar da aparılmalıdır: "Xalqımızın xoşbəxt gələcəyi yuxarıdan islahatlar yolu ilə cəmiyyətimizi inkişafın yeni mərhələsinə keçirməkdir. Bunun üçün xalqımız islahatlara başlamış Prezidenti ciddi dəstəkləməli, daxildən və xaricdən edilən təzyiqlərdən qorumalıdır".