"Üzv ölkələrdə gənc nəsillərə kiçik yaşlarından etibarən fərqli etnik, dini, sosial qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi vacibdir".
ONA-nın Avropa müxbirinin verdiyi məlumata görə, bunu AŞPA-nın yaz sessiyası çərçivəsində “Nifrət və qeyri-tolerantlıqla mübarizədə siyasi liderlərin rolu mövzusunda çıxışı zamanı Azərbaycanın nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.
Qənirə Paşayeva Ermənistan heyətinin üzvü Naira Zöhrabyanın Azərbaycan haqqında yalan məlumatlar verməyinə və nifrət dolu çıxışına da diqqət çəkib: “Xocalı soyqırımını törədən, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçisi olaraq onun buradan o insanlardan üzr istəməsi lazım idi. Ancaq təəssüf ki, o, hər zaman olduğu kimi, bu gün də assambleyada Azərbaycan əleyhinə yalan, böhtan məlumatlarla çıxış etdi”.
Deputat bildirib ki, təhsil, media və siyasətçilərin bu məsələdə rolu böyükdür: “1988-ci ildə Ermənistandan yüz minlərlə azərbaycanlı zorla öz doğma torpaqlarından çıxarılıb və Ermənistan monoetnik dövlətə çevrilib. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edib və Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. Bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və məcburi köçkün həyatı yaşayır. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə qayıtmalarına imkan vermir”, - deyə Q.Paşayeva bildirib.
O, qeyd edib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir və burada heç vaxt dözümsüzlük olmayıb: “Azərbaycanda əsrlərlə tolerantlıq mövcud olub. Azərbaycan dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoqun güclənməsi istiqamətində bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib, bir çox beynəlxalq tədbirlərin keçirilməsinin təşkilatçısı olub və bu istiqamətdə layihələrin sayı getdikcə daha da artır. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur”.
Aytən Abbaslı