“Həqiqətən də anlaşılan deyil ki, Cənubi Qafqazda sülh üçün yaranan tarixi şans niyə əldən verilir? Bu şansın əldən verilməsində Ermənistan və onun qərbli havadarları aktiv iştirak edirlər. Fransa İrəvana silaha tədarük edir, ABŞ isə Qarabağ kartının əlindən çıxdığını görüb 1992-ci ildə qəbul etdiyi “907-ci düzəlişi” yenidən işə salır”.
Bu fikirləri APA-nın Moskva müxbirinə müsahibələrində rusiyalı siyasi ekspertlər bildiriblər.
“Niyə sülh üçün şans yarandığı zaman biriləri çıxıb Ermənistanı silahlandırmağa, qisas aldırmağa çalışır?”
Siyasi şərhçi Dmitri Babiç regionda sülh üçün, Azərbaycanla Ermənistan arasında sülh sazişini imzalamaq, Zəngəzur dəhlizi və Qarabağ münaqişəsinə görə bağlı qalan ərazilərdən nəqliyyat kommunikasiyalarının açılması üçün şansın olduğunu bildirib: “Buna sevinmək lazımdır. Amma Qərbdə nə edirlər? Onlar hansısa humanitar fəlakətdən danışırlar. Fransa Ermənistana silah tədarük etməli olduğunu bəyan edir. Niyə sülh üçün şans yarandığı zaman biriləri çıxıb Ermənistanı silahlandırmağa, qisas aldırmağa çalışır? Bunlar çox xoşagəlməz hallardır. Bütün bunları ancaq təcavüzkar və düşmənçilik ideyasının təzahürü kimi qiymətləndirmək olar. Axı Fransanın Ermənistanda və ya Azərbaycanın Qarabağ regionunda nə milli marağı ola bilər? Bu maraqlar ümumiyyətlə mövcud deyil. Çünki bu, onların regionu deyil”.
“Özünü vasitəçi adlandıran ölkə tərəflərdən birini etnik təmizləmə cinayətində ittiham edə bilməz”
Ekspert Azərbaycanın Ermənistanla sülh müqaviləsi danışıqları ilə bağlı tam düzgün mövqe sərgilədiyini qeyd edib.
“Danışıqların hansı məkanda və hansı vasitəçilərlə keçirilməsi çox vacibdir. Rusiya bundan özünə dərs çıxarıb. Vaxtında Rusiya Ukrayna ilə bağlı Normandiya formatına getmişdi, Qərb ölkələri Fransa və Almaniyanın Kiyevlə Moskva arasında vasitəçi olacağına ümid etmişdi. Lakin Fransa və Almaniya Ukraynanın müttəfiqi oldular. Azərbaycanla da bağlı eyni vəziyyətdir. Əgər ABŞ və Fransa özünü 100 faizlik Ermənistanın, Paşinyanın müttəfiqi kimi aparırsa, əgər onlar Cənubi Qafqazda əsl sülhü, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını istəmirlərsə, görünür ki, istəmirlər, onda niyə onlarla danışmaq və onların ərazisində nəsə imzalamaq lazımdır? Qoyun sülh müqaviləsi başqa yerdə, misal üçün Gürcüstanda imzalansın, əgər Moskvada imzalanmasını istəmirsinizsə, qoyun Afrikada imzalansın. Nəticə etibarı ilə müqaviləyə atılacaq imzaların harada atıldığının əhəmiyyəti yoxdur. Əgər özünü vasitəçi adlandıran ölkə tərəflərdən birini təhqir edirsə, deyirsə ki, o, hansısa etnik təmizləmə törədib, o zaman həmin ölkəni vasitəçi adlandırmaq olmaz. Belə vasitəçi olmur”, - Babiç vurğulayıb.
Politoloq Aleksey Naumov isə bildirib ki, Rusiyanın Qərbin Ermənistanda, ümumilikdə Cənubi Qafqazda mövcudiyyətinə münasibəti heç cür yaxşı ola bilməz: “Düşünürəm ki, baş verənlər onu göstərir ki, Rusiya Ermənistana səhvləri təkrarlamağa imkan verir. İmkan verir ki, İrəvan məlum siyasətinin sonunun nə olacağını görsün.
Rusiyada yaxşı başa düşürlər ki, Cənubi Qafqaz ölkələri Qərbin regionda böyük miqyasda təmsil olunmasını istəmirlər. Ermənistanın hazırda elədiyi özünə, Paşinyan rejiminə və ümumilikdə Cənubi Qafqaz regionuna quyu qazmaqdan başqa bir şey deyil. Çünki bu, heç kəs üçün yaxşı olmayacaq”.
“KTMT-dən çıxmaq söhbətləri Paşinyana hakimiyyətdə qalmaq üçün lazımdır”
Ekspert Ermənistanın KTMT-dən çıxmasının real görünmədiyini vurğulayıb: “Çünki Ermənistan sözdə Qərbə tərəf getsə də, faktiki olaraq coğrafi regionundan kənarlaşa bilməz. Ona görə də Ermənistana KTMT-də qalmaq sərf edir. Bütün bu söz-söhbətlər ona görə lazımdır ki, Paşinyan öz hakimiyyətini qoruyub saxlasın. İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra travma alan Ermənistan xalqı özünü ruhdan salmasın. “Rusiya Ermənistana xəyanət etdi”, “Rusiya Qarabağa görə Azərbaycanla müharibə etmədi”, “Qərb isə Ermənistanı qucaqladı, zirehli transportyor göndərdi” - bütün bunlar ermənilər üçün psixoterapevtik effektdir.
O ki qaldı Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinə, düşünürəm ki, bu da mümkün deyil. Sözsüz ki, əgər Ermənistan tərəfi buna təkid etsə, düşünmürəm ki, Moskva buna maneə olacaq. Ona görə ki, Rusiyaya Ermənistanda hərbi baza o qədər də çox lazım deyil. Bu, ilk növbədə Ermənistana lazımdır. Əgər Ermənistan Rusiya ilə bağları tamamilə qoparmaq istəyirsə, özlərinə quyu qazmaq istəyirsə, buyursun. Rusiya buna maneə olmayacaq. Sonra gəlib yenə özləri yalvaracaq”.
“Moskva Paşinyanın üstündən xətt çəkib”
Naumov ABŞ-nin Ermənistanı təhlükəsizlik yastığı ilə təmin edə biləcəyinə inanmadığını bildirib: “Ona görə ki, Ermənistan Cənubi Qafqazda yerləşir və ətrafında Amerikanın dostu olan ölkə yoxdur. Kimsə NATO ölkəsi Türkiyənin adını çəkirsə, bu yanlışdır. Çünki Türkiyə özü NATO üçün başağrısıdır. Ona görə də heç kəs Ermənistandan tərəf olmayacaq. Bəli, ABŞ Ermənistana hansısa silah-sursat, sistemlər göndərə bilər. Lakin Ermənistanın ölçüsünü, iqtisadi imkanlarını nəzərə alsaq, bütün bunlar mənasız və tamamilə faydasız olacaq. Ermənistanın hazırkı vəziyyətinə alternativ yoxdur. İrəvana qonşuları ilə münasibətlər, iqtisadi və siyasi əlaqələr qurmaq lazımdır. O zaman Ermənistanın gələcəyi olacaq”.
Ekspert hazırda rəsmi Moskva tərəfindən Ermənistana münasibətdə ciddi addımların müşahidə olunmadığını da diqqətə çatdırıb. “Lakin başa düşürük ki, Moskva Paşinyanın üstündən xətt çəkib, lakin erməni xalqı ilə münasibətləri pozmaq istəmir. Ümid edir ki, Ermənistanda gələcəkdə hakimiyyətə normal siyasətçilər gəlib münasibətləri pozmağı dayandıracaq. Düşünürəm ki, Moskvanın müşahidə olunan hərəkətsizliyi bununla şərtlənir. Rusiya üçün Paşinyan qeyri-şərtsiz düşmən olsa da, Ermənistan düşmən deyil. Paşinyana görə Ermənistanı cəzalandırmaq mümkündür, lakin bu, Rusiya üçün yaxşı nəticələr verməyəcək. Ona görə ki, Rusiyanın məqsədi Ermənistanın Qərbi regiona gətirməsinə imkan verməməkdir. Ermənistanı cəzalandırmaqla bu məqsədə nail olmaq mümkün deyil”, - Naumov fikrini yekunlaşdırıb.