“Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş Xarici İşlər nazirlərinin görüşü ilə bağlı yekun sənədin qəbul edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdı”.
Bu sözləri ONA-ya açıqlamasında Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov deyib.
O bildirib ki, Şərq Tərəfdaşlığının və Avropa İttifaqının bütün üzv dövlətləri, eləcə də Avropa institutlarının vahid sənədinin qəbul edilməsi ilə bağlı təklif irəli sürüldüyü zaman aparılmış müzakirələr prosedur xarakteri daşıyıb: “Qəbul ediləcək sənədin yığcam, yoxsa əvvəlki sammitlərdə olduğu kimi geniş, əhatəli və bütün məqamlara diqqət yetirən bir sənəd olması ətrafında müzakirələr aparılıb. Azərbaycan yekun sənəd qəbul ediləcəyi təqdirdə, sözügedən bəyannamədə Avropa İttifaqının bütün üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin prinsipial məsələlərinin tam şəkildə əks etdirilməsinin tərəfdarı olub. Bu xüsusda, bütün Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü məsələsi Azərbaycan, eləcə də Gürcüstan və Moldova tərəfindən birlikdə təklif edilib. Sadəcə sənədi müəyyən qədər qısaltmaq məqsədilə Şərq Tərəfdaşlığı dövlətlərinin Avropa İttifaqının institutları, eləcə də Avropa İttifaqının üzv dövlətləri ilə müzakirələri zamanı əvvəlki sammitlərin sənədlərinə istinadlar olunması və bununla da sözügedən prinsiplərin sənəddə öz əksini tapması barədə razılıq əldə edilib”.
Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyinə dair erməni mətbuatında gedən xəbərlərə münasibət bildirən diplomat deyib ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış “sədrin yekun qeydləri” adlı sənəddə bütün əvvəlki sammitlərə istinadlar yer alır: “Bir daha qeyd etmək istərdim ki, bütün Şərq Tərəfdaşlığı sammitlərində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi birmənalı şəkildə tanınır. Sözügedən sənədlə bağlı Azərbaycan tərəfindən Gürcüstan və ya Ukrayna tərəfi ilə xüsusi müzakirələr aparılmayıb. Yekunda bəyannamə olmayan bu qısa sənədin “sədrin yekun qeydləri” kimi öz əksini tapması ilə bağlı razılıq əldə edilib. Yuxarıda sadalanan faktlara rəğmən, Azərbaycanın “ərazi bütövlüyünün tanınmamasının” erməni mətbuatında canfəşanlıqla bayram edilməsi tamamilə gülünc bir məsələdir. Qarşı tərəf sənədi diqqətlə oxuyarsa, aydın şəkildə əvvəlki sammitlərdə qəbul edilmiş sənədlərə istinadları birmənalı şəkildə görə bilər. İlk dəfə deyil ki biz bu kimi təxribat xarakterli və yanlış məlumatlarla üzləşirik. Çünki ermənilərin bütün Avropa institutlarında və beynəlxalq platformalarda fəaliyyəti yalnız yalana və qısa müddətli təxribat xarakterli təsirlərə və yalançı köklərə əsaslanır”.